Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 22 Noyabr 2019, Cümə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Dağlıq Qarabağın tarixinə mükəmməl elmi baxış
Dağlıq Qarabağın tarixinə mükəmməl elmi baxış
11.09.14.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz çıxışlarında, o cümlədən tarixçi alimlərlə görüşlərində həmişə Azərbaycanın son ikiyüzillik tarixinin, yəni XIX-XX əsrlər tarixinin yenidən tədqiq olunmasını, tarixin olduğu kimi araşdırılması, dərk olunması və gələcək nəsillərə doğru-düzgün çatdırılmasının zəruri olduğunu xüsusi olaraq vurğulayırdı. Ulu öndərin erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları, deportasiyalar barədə imzaladığı dövlət sənədləri, Dədə Qorqud dastanının 1300 illiyinin qeyd olunması, dövlətçilik tariximizə, görkəmli tarixi şəxsiyyətlərimizə verdiyi yüksək qiymət tarix elmimizi düzgün istiqamətə yönəltdi. Və məlum oldu ki, Gülüstanda (1813) və Türkmənçayda (1828) Azərbaycan ikiyə bölündükdən sonra tariximiz nə qədər amansızcasına təhrif olunmuş və saxtalaşdırılmışdır. Azərbaycan xalqına tamamilə bambaşqa bir saxta tarix sırınmış, o öz torpaqlarının aborigen əhalisi deyil, kənardan gəlmə “köçəri” və “yırtıcı” bir etnos kimi qələmə verilmiş, çar Rusiyasının vur-tut 200 il bundan əvvəl Azərbaycan torpaqlarına köçürüb gətirdiyi ermənilər isə bizim torpaqlarımızın, o cümlədən Qarabağın, Naxçıvan, İrəvan ellərinin aborigen – “ən qədim yerli əhalisi” kimi qələmə verilmişdir.

 Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndərin yolu ilə gedərək tarix elminə xüsusi diqqət və qayğı göstərməsi sayəsində bu istiqamətdə tədqiqatlar daha da genişləndirildi. Ölkə başçısının çağırışları, tövsiyə və tapşırıqları ilə Tarix İnstitutunda Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımlarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla qiymətli əsərlər, ilk mənbələr nəşr olundu, xarici ölkələrdən Vətənə minlərlə qiymətli sənədlər gətirildi və arxiv sənədləri topluları işıq üzü gördü. Alimlərimizin əsərləri Prezident İlham Əliyevin göstərişi ilə xarici dillərə tərcümə edilərək dünya ölkələrində yayıldı. Ölkə başçısının birbaşa göstərişi ilə aparılan elmi tədqiqat işlərinin genişləndirilməsi nəticəsində artıq Azərbaycan informasiya müharibəsində ermənilərə qalib gəlir. Bu baxımdan görkəmli tarixçi akademik Ramiz Mehdiyevin elmi axtarışları, tarix elminin ayrı-ayrı problemləri ilə bağlı nəşr olunaraq dünyada yayılan qiymətli tədqiqatları tariximizi təhrif edənlərin, xüsusilə erməni saxtakarlarının ifşa olunmasında mühüm rol oynayır. Alimin bu istiqamətdə apardığı çoxsaylı elmi araşdırmaları içərisində bu yaxınlarda Minsk qrupunu təmsil edən ölkələrdən birinin paytaxtında – Moskvada rus dilində nəşr olunmuş “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarixi kitabı xü susijə diqqəti cəlb edir.

 Öncədən qeyd etmək istərdim ki, müəllifin yeni əsəri Dağlıq Qarabağın tarixi ilə bağlı ən qədim dövrlərdən başlayaraq bu günə qədər ilk mənbələrdə və elmi ədəbiyyatda olan faktik materiallara əsaslanan və real tarixi doğru-düzgün əks etdirən mükəmməl elmi-nəzəri araşdırmadır. Bundan əvvəlki əsərlərində də olduğu kimi, müəllif qələmə aldığı problemlə bağlı indiyədək nəşr olunmuş, demək olar ki, bütün əsərlərlə, o cümlədən Azərbaycan alimlərinin tədqiqatları ilə dərindən tanış olsa da, Moskvada nəşr olunmuş yeni monoqrafiyasında da əsasən xarici dillərdə, o cümlədən erməni dilində olan ilk mənbələrə və elmi əsərlərə istinad edir, iqtibasları, demək olar ki, ancaq onlardan gətirir. Beləliklə, alim xarici ölkələrin alimlərinə tarixi həqiqətin ünvanını elə onların öz dillərində olan ilk mənbələrdə və elmi ədəbiyyatda olduğunu göstərir. Bu, əlbəttə, sözkəsənlikdir və düzgün düşünülmüş addımdır.

 Akademik Ramiz Mehdiyev bəhs etdiyimiz monoqrafiyasında Dağlıq Qarabağın tarixini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırmışdır. Bununla da görkəmli alim bir vətəndaş tədqiqatçı olaraq müasir mərhələdə xalqımızın taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqəti bütün incəlikləri və tarixi kökləri ilə araşdırıb ortalığa çıxarmağı qarşısına məqsəd qoymuşdur. Və məqsədinə yüksək elmi səviyyədə nail olmuşdur.

 “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarixi monoqrafiyasının başlıca məziyyətlərindən bəhs edərkən diqqəti, ilk növbədə, müəllifin bir sıra ən mühüm elmi uğurlarına cəlb etmək istərdim.

 Hər şeydən əvvəl, akademik Ramiz Mehdiyev müxtəlif dillərdə olan ilk mənbələrdəki, o cümlədən erməni mənbələrindəki və erməni tarixçilərinin əsərlərindəki çoxsaylı faktlara söykənərək müasir erməni saxtakarlarının uydurduqları əsas “dəlili” onların əlindən alır, ermənilərin guya Cənubi Qafqazın “aborigen əhalisi” olması barədəki saxta erməni uydurmalarını alt-üst edir. Müəllif düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən Qacarlar İranı və Ösmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə olunmaq üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülüb gətirilmişdir. Müəllif Azərbaycanın tarixi müqəddəratı üçün çox ağır nəticələr verən bu tarixi prosesin məhz 14 may 1805-ci il tarixli Kürəkçay müqaviləsi ilə başlandığını qeyd edir. Bu, tamamilə doğru elmi nəticədir. Tarix İnstitutunda Kürəkçay müqaviləsi ilə bağlı aparılan elmi axtarışlar da sübut edir ki, Qarabağ xanlığının çar Rusiyasının tərkibinə keçdiyini təsdiqləyən bu müqavilə Rusiya imperiyası ilə Azərbaycan dövləti olan Qarabağ xanlığı arasında bağlanmışdı. Bu traktatda bir yerdə də olsa belə nə “erməni” sözü işlədilir, nə də “ermənilərdən” bəhs olunur! Akademik Ramiz Mehdiyevin yazdığı kimi, həmin müqavilə imzalanarkən Qarabağ xanlığının qədim yerli əhalisi Azərbaycan türklərindən ibarət idi. Ümumiyyətlə, Türkmənçay müqaviləsinin bağlanmasına qədər Cənubi Qafqaz əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət idi ki, onların da içərisində Azərbaycan türkləri üstünlük təşkil edirdi. Akademik Ramiz Mehdiyevin gəldiyi bu mühüm elmi nəticə həm tarixi həqiqətdir, həm də bütün dillərdə olan ilk mənbələrin məlumatları ilə təsdiq olunur.

 Müəllif erməni saxtakarlarını sonadək ifşa etmək üçün düzgün olaraq, öz əsərində ermənilərin Cənubi Qafqaza köçürülüb gətirilməsinə “Ermənilərin Cənubi Qafqaza miqrasiyası” adlı ayrıca başlıq ayırmışdır. Həmin başlıqda Rusiya imperiyasının İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində yaratdıgı “Erməni vilayəti”ndən tutmuş ayrı-ayrı dövrlərdə Osmanlı imperiyası və Qacarlar İranından Azərbaycan torpaqlarına köçürülmüş ermənilərin sayı, özünə “vətən” axtaran bu köçəri etnosun Şimali Azərbaycanda, o cümlədən keçmiş İrəvan və Qarabağ xanlıqlarının ərazilərində oturaqlaşdırılması, çar Rusiyası müstəmləkəçilərinin hərtərəfli yardımı ilə aborigen əhali olan Azərbaycan türklərinin sıxışdırılıb doğma torpaqlarından didərgin salınması, xalqımıza qarşı törədilən soyqırımları, deportasiyalar, min illərlə mövcud olmuş Azərbaycan toponimlərinin erməniləşdirilməsi, bu iyrənc və məqsədyönlü “siyasətin” bu gün Dağlıq Qarabağda da davam etdirilməsi barədə zəngin faktik material verilir. Düşünürəm ki, Ramiz Mehdiyevin bu elmi uğuru erməni saxtakarlarına sarsıdıcı zərbədir.

 Yeri gəlmişkən, çox yaxşı haldır ki, müəllif ermənilərin bizim torpaqlarımıza – Şimali Azərbaycana 1828-ci ildən etibarən köçürülüb gətirilməsini sübut etməklə kifayətlənmir. Tarixin daha dərin qatlarına enir, “tarixin atası” Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiyini açıqlayır. Və öz kitabının oxucularına belə bir tarixi həqiqəti yetirir ki, erməni etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yaranmışdır. Bu gün ermənilərin özlərinə aid etdiyi “mədəniyyət”, hətta “erməni” adının özü belə onların özlərinə – haylara aid deyil, oğurluqdur.

 Bu da bir inkarolunmaz tarixi həqiqətdir ki, Şimali Azərbaycana köçürüldükdən sonra ermənilər Azərbaycan xalqının da güclü mədəni təsirinə məruz qalmış, bu dəfə Azərbaycan mədəniyyətinin ayrı-ayrı nadir incilərini oğurlayıb “özəlləşdirməklə” məşğul olmuşlar. Bu iyrənc peşəni indi də davam etdirirlər.

 Akademik Ramiz Mehdiyev ermənilərin Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülüb gətirilmə etnos olduğunu sübut etmək üçün antropoloji və arxeoloji tədqiqatların nəticələrini öz tədqiqatına geniş surətdə cəlb etmişdir. Və bütün aydınlığı ilə aşkara çıxarmışdır ki, müasir Ermənistanda – keçmiş İrəvan xanlığının ərazisində aparılan arxeoloji qazıntılar da təsdiq edir ki, 180-200 il bundan əvvəl həmin torpaqlarda ermənilər yaşamamışlar. Ermənilər antropoloji tip olaraq da bu torpaqlara yad etnosdur. Görkəmli alim bu həqiqəti sübut etmək üçün daha dərinə gedərək zaman-zaman büruzə verən “erməni xəstəliyinin” də Aralıq dənizi boyu ölkələr üçün xarakterik olduğunu, ümumiyyətlə, Qafqaz üçün yad bir xəstəlik olduğunu qeyd edir.

 Beləliklə, akademik Ramiz Mehdiyevin çoxsaylı ilk mənbələrə əsaslanaraq apardığı kompleks araşdırmalar bir daha sübut edir ki, ermənilərin Cənubi Qafqazın guya “aborigen etnosu olması”, “erməni tarixinin” qədim Urartu mədəniyyətinə pərçimlənməsi erməni saxtakarlarının heç bir elmi əsası olmayan uydurmasıdır.

 Əlbəttə, bir yazıda haqqında bəhs etdiyimiz qiymətli tədqiqatın bütün məziyyətlərini əhatə etmək mümkün deyil. Lakin alimin yeni monoqrafiyasında öz əksini tapmış bir mühüm elmi nəticəni mütləq oxucuların diqqətinə çatdırmaq istərdim.

 Akademik Ramiz Mehdiyev ilk mənbələrdə deyil, müxtəlif tədqiqatçıların əsərlərində “Qafqaz Albaniyası” adlandırılan Azərbaycan Albaniya dövlətinin tarixinə də aydınlıq gətirir. Bu müasir mərhələdə tarixşünaslığımız üçün çox mühüm məqamdır. Məsələ burasındadır ki, erməni saxtakarlarının təhriki ilə antiazərbaycan qüvvələri vaxtaşırı qonşu ölkələrin paytaxtlarına və ayrı-ayrı şəhərlərinə toplaşaraq “Albaniya”, “Arran” və “Azərbaycan” tarixinə həsr olunmuş “elmi” konfranslar keçirir və Şimali Azərbaycan ərazisini əhatə edən Albaniyanı Azərbaycan tarixindən ayırmağa çalışır, Albaniyanı tarixən Qafqaz xalqlarının, daha doğrusu, Dağıstan-Nax qrupuna daxil olan xalqların, həmçinin ermənilərin yaşadığı ölkə kimi təqdim edir, Albaniya ərazisinin guya tarixi Azərbaycan torpaqlarına aid olmadığını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar.

 Beləliklə, vaxtı ilə, xüsusilə sovet dövründə Qafqaz xalqları arasına nifaq salmaq üçün xüsusi niyyətlə “Albaniya” termininin əvvəlinə əlavə olunmuş coğrafi məkan mənasını bildirən “Qafqaz” terminindən istifadə edərək belə bir iddia irəli sürürlər ki, guya Albaniya Azərbaycan dövləti deyil və bunun Azərbaycan xalqına heç bir aidiyyəti yoxdur. Bu baxımdan Ramiz Mehdiyevin öz əsərində Qafqaz Albaniyasını əsasən Şimali Azərbaycan (müasir Azərbaycan) ərazisi ilə eyniləşdirməsi və buna dair ilk mənbələrdən çoxsaylı faktlar gətirməsi təqdirəlayiq haldır.

 Alim yuxarıda qeyd etdiyimiz və tarixşünaslığımız üçün olduqca prinsipial əhəmiyyət kəsb edən bu məsələyə öz əsərində iki başlıq ayırmışdır. Həmin başlıqlarda Ramiz Mehdiyev ilk mənbələrin, o cümlədən ərəb məxəzlərinin zəngin faktik materialına istinad edərək dərin elmi əsaslarla saxtakarların daşını daş üstə qoymur. Alim Azərbaycanın, o cümlədən Şimali Azərbaycanın (Albaniyanın) ən qədim zamanlardan türklərin yaşadığı ölkə olduğunu oxucuların diqqətinə çatdırır, ilk mənbələrdən çoxlu iqtibaslar gətirir və gəldiyi elmi nəticənin doğruluğuna şübhə yeri qoymur. Bununla da Ramiz Mehdiyev tariximizdən, o cümlədən Albaniya tarixindən kimmerlərin, iskitlərin, sakların, hunların, xəzərlərin, oğuz və qıpçaq türklərinin rolunu “silib atmağa” çalışan saxtakarlara öz kəskin və əsaslı elmi iradını bildirir və bununla da 1300 il bundan əvvəl “Dədə Qorqud” dastanı kimi qəhrəmanlıq eposu yaradan doğma xalqının zəngin tarixinin müdafiəsinə qalxır, prinsipial vətəndaşlıq mövqeyindən çıxış edir. Azərbaycanlıların tarixən öz qonşularına nisbətən daha çox və uzunmüddətli dövlətçilik ənənələrinə, özü də mərkəzləşdirilmiş dövlətlərə malik olduğunu göstərir. Akademik Ramiz Mehdiyev rusdilli oxucuların diqqətinə onu da yetirməyi unutmur ki, uzun tarixi dövr ərzində öz tarixi türk adını daşıyan Azərbaycan türkləri Stalin diktaturası illərində “azərbaycanlılar” adlandırıldı. Müəllif tamamilə haqlı olaraq qeyd edir ki, bu çirkin addım Azərbaycan xalqını biryolluq öz türk kökündən ayrı salmaq məqsədi ilə həyata keçirilən “uzaqgörən” siyasətin nəticəsi idi.

 Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarixi kitabı, eyni zamanda, alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan elminin böyük nailiyyətidir. Əsərin müəllifi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müxtəlif “sivilizasiyaların, dinlərin qarşıdurması” kimi təqdim etməyə çalışan başabəla siyasətçilərə də öz nəzəriyyəçi-filosof sözünü deyir, fikrini sübut etmək üçün xalqımızın qədim tolerantlıq tarixindən çox maraqlı faktlar gətirir, bədxahlarımızın diqqətinə çatdırır ki, vaxtilə Azərbaycan torpağı olan və azərbaycanlıların mütləq əksəriyyət təşkil etdiyi müasir Ermənistan ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı və qeyri-erməni xalqlarının nümayəndəsi qalmamışdır. Bəs buna necə qiymət vermək lazımdır?!

 Şübhə etmirəm ki, görkəmli Azərbaycan alimi akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı tarixşünaslığımızın tarixində mühüm hadisədir. Bu əsər Azərbaycan Prezidenti İlham Əliyevin tarix elmimizin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində də irəliyə doğru atılmış mühüm addımdır. Bu qiymətli əsər bir daha sübut edir ki, müasir mərhələdə Azərbaycanda tarix elmi doğru yoldadır. Tarixi keçmişimiz müstəqillik dövrünün tələblərinə uyğun olaraq yeni ruhda yazılır, uydurma konsepsiyaların zərərli nəticələrindən, saxtakarlıqlardan və təhriflərdən uğurla təmizlənir.

 Akademik Ramiz Mehdiyevin Moskvada “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” (rus dilində) kitabı çapdan çıxmışdır. Kitabda Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılır. Əsərin müəllifi çoxsaylı ilk mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki təkzibolunmaz faktik materiala istinad edərək Dağlıq Qarabağin tarixin ən qədim dövrlərindən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim edir. Akademik Ramiz Mehdiyevin yeni kitabında zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yolunda məqsədyönlü surətdə törədilən süni maneələrə də münasibət bildirilir.

 Elmi ictimaiyyətimizi akademik Ramiz Mehdiyevin bu qiymətli əsərinin işıq üzü görməsi münasibətilə təbrik edir, uzaq tələbəlik illərindən yaxından tanıdığım görkəmli alimimizə tarix elminin inkişafı naminə bu cür yüksək və prinsipial vətəndaşlıq mövqeyindən yazılmış yeni-yeni əsərlər arzulayıram.

 Yaqub Mahmudov, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA Tarix İnstitutunun direktoru

1 ... 97 98 99 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007402

 

Site by Webcoder