Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 12 Avqust 2020, Çərşənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Havalansın Xanın səsi
Havalansın Xanın səsi
21.08.14.

Xalq Şairi Səməd Vurğun məşhur “Azərbaycan” şeirinin Qarabağa həsr olunmuş bəndində məlahətli səsi və bənzərsiz ifası ilə hamını məftun edən Xan Şuşinskinin adının çəkilməsi heç də təsadüf deyil. Çünki böyük şairimiz çox yaxşı bilirdi ki, Xan Şuşinski “Qarabağ şikəstəsi”nin ən gözəl ifaçısıdır. O, bənzərsiz ifaya bu gün də qulaq asanda insanın doğulduğu torpağa sonsuz sevgisinin, Vətənə tükənməz məhəbbətinin şahidi olursan.
Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya gəlib.
“Xan” ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar Təbrizli Əbülhəsən xanın ifasında “Kürdü Şahnaz”ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: “Bəlkə sən də bizim üçün “Kürdü Şahnaz”ı oxuyasan?” - deyir.
İsfəndiyar 12-13 yaşından başlayaraq, saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. “Kürdü Şahnaz”ı zilə çəkən İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə bu imiş ki!” - deyir. Vəcdə gələn İslam Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski” – deyərək ona ustad xeyir-duasını verir.
Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.
Deyilənlərə görə, səs tellərini qoruyan xanəndə qida rasionunda olan ziyanlı yeməklərdən imtina edərmiş. Sənət aləmində səsinin gözəlliyinə, diapazon genişliyinə görə tayı-bərabəri olmayan Xan Şuşinski düyü xörəyi yeməz, düyünün səs tellərini qurutduğunu, oxumağa əngəl törətdiyini deyərmiş.
Xanəndə rütubətli havada müəyyən muğamları da oxumazmış. Musiqişünas Firudin Şuşinski xatirələrində yazır ki, Tərtər rayonunda çal-çağır, şənlik məclislərinin birində Xan əmidən “Cahargah” muğamı oxumasını xahiş edib. Firudinə həmişə hörmətlə yanaşan Xan əmi bu dəfə onun təklifinə əməl etməyib: “Firi bala, rütubətli hava həmin muğamın oxunması üçün məsləhət deyil. Ona görə ki, səs telləri rütubətli havada çevikliyini itirir və xanəndənin “sözünə baxmır”.
Ustad sənətkarın səs tellərinin “dərman”ı isə ətirli Azərbaycan çayı idi. O, oxumazdan əvvəl armudu stəkandakı təzədəm, ətirli çayı qoxulamaqla səsini kökləyərdi. Xanəndə radioya canlı konsert verməyə gələndə də özü ilə gətirdiyi kəmşirin çayın “dadına baxandan” sonra ifaya başlardı.
Ötən əsrin 50-ci illərinin radio konsertlərində xanəndələr indikindən fərqli olaraq canlı ifa edərdilər. Müğənnilər öz səslərinə arxayın olduqdan sonra oxuyardılar. Xan Şuşinskinin səsi isə Allah vergisi idi. Məlahətli səsi dinləyiciləri heyran qoyardı. Tarın zil pərdələrində oxuyanda da ağzını elə açardı ki, badamcıqları yox, cəmi 4-5 qabaq dişi görünərdi.
Deyilənə görə, Xan Şuşinski Mircəfər Bağırovun göstərişi ilə Bakıya köçəndən sonra ilk konsertinə insan axını çox güclü olduğundan növbədə dayananların sırasına atlı milislər nəzarət edirmiş. O, 1960-cı ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə sənətinin sirlərini öyrədib. Saysız-hesabsız pərəstişkarları böyük xanəndəni hətta kənardan görmək üçün səhər çağı filarmoniyaya gedən yol boyu düzülərək onun gəlib keçməsini gözləyərmişlər.
Görkəmli xanəndə Xan Şuşinskinin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi əslində Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.
Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alırmış.
Xan Şuşinski 35 il övladsız qalsa da, həyat yoldaşına sədaqətli olduğundan başqası ilə evlənməyib. Lakin xanəndənin həyat yoldaşının təkidi ilə evlənən Xanın 57 yaşında ilk övladı dünyaya gəlib və sonralar 3 qız, 1 oğul atası olub.
Sənətkarın böyük qızı Bəyimxanım Cavanşirova-Verdiyeva hazırda görkəmli sənətkarın adını daşıyan fondun rəhbəridir.
Sənətkarın qızı ilə söhbətimiz zamanı fondun fəaliyyəti, gördüyü işlər barədə məlumat aldıq. Bəyimxanım Cavanşirova-Verdiyeva bildirdi ki, fond yarandığı ilk gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. 2012-ci ildə ilk layihəmiz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib. “Milli musiqimizin dünəni, bu günü, sabahı” adlı telediskussiya İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində böyük uğurla təşkil edilib. Mötəbər, dəyərli sənətkarlar, xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Ramiz Quliyev, Mənsum İbrahimov, Samir Cəfərov, Əməkdar Artist Fikrət Verdiyev verilişin qonağı olublar.
“Məktəbli-gənclər arasında milli musiqiyə marağı artıraq” adlı ikinci layihəmiz 2013-cü ildə yenə də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb. Bu layihə çərçivəsində silsilə müsabiqələr keçirdik və işi çox uğurla başa vurduq.
Xanəndənin qızı atasının milli musiqimizə böyük əhəmiyyət verdiyini söyləyərək dedi: “1971-ci ildə atam Xan Şuşinskinin, böyük ustad tarzən Qurban Pirimovun dili ilə desək, “Fərhad kimi külüng çaldığı, müsəlləh əsgər kimi çalışdığı” Azərbaycan Dövlət Filarmoniyasında anadan olmasının 70 illik yubiley tədbiri çox böyük təntənə ilə qeyd edilirdi. Tədbirin sonunda Xan özünün möhtəşəm “Qarabağ şikəstəsi”ni ifa etdikdən sonra onu sevinclə izləyən tamaşaçılara dedi: “Əzizlərim, Azərbaycan xalqının mənəvi sərvəti olan muğamlarımızı, xalq musiqimizi uzun illər yad əllərdən, yad nəfəslərdən qoruyaraq indi də estafeti gənclərə verirəm. Sizdən bir təvəqqem var. Qoruyun, muğamı!!!”
Xan Şuşinski Fondunun rəhbəri onu da əlavə etdi ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin diqqət və qayğısı ilə 2013-cü ildə 3 dildə Xan Şuşinski virtual muzeyi, memorial saytı yaradılıb. On bölmədən ibarət saytda görkəmli xanəndənin həyatı, yaradıcılığı, fotoşəkilləri, lent yazıları, haqqında yazılmış məqalələr, mahnıları, keçirdiyi görüşlər, müasirlərinin və həmkarlarının onun sənəti və şəxsiyyəti haqqında fikirləri, şəxsi əşyaları, məktubları və digər materiallar yer alıb. Dünyanın istənilən yerində yaşayan muğamsevərlər bu sayt vasitəsi ilə Xan Şuşinski haqqında dolğun məlumat əldə edə bilərlər. Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.
Qərinələr, əsrlər ötəcək, ancaq Xan əminin sənətinə olan sevgi heç vaxt azalmayacaq. Ona görə ki, bu sevginin mayasında, ruhunda Azərbaycanın heç vaxt təravətini itirməyən əbədi və əzəli muğamları dayanır.
Türkan Abdullayeva (AzərTAc)

1 ... 92 93 94 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.0059809999999999

 

Site by Webcoder