Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 12 Avqust 2020, Çərşənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Niyazinin qələminin məhsulu
Niyazinin qələminin məhsulu
08.08.14.

 Azərbaycan musiqi mədəniyyətinin inkişafında maestro Niyazinin xidmətləri misilsizdi. Bir çox görkəmli bəstəkarlarımızın əsərlərinin gözəl ifası məhz onun adı ilə bağlıdı.

  Maestro Niyazi Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünyada tanıdaraq onların təbliğində xüsusi rol oynayıb. Bununla yanaşı  Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq edib. Niyazinin adı dünya şöhrətli dirijorlarla yanaşı çəkilir. Bu böyük sənətkarın yaradıcılığı əsl örnəkdi.

 Niyazi Zülfüqar oğlu Tağızadə - Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflisdə anadan olub. Erkən yaşlarından əmisi Üzeyir bəyin himayəsi altında böyüyüb. Onun musiqi sənətini seçməyində istedadı ilə yanaşı Üzeyir bəyin də əvəzsiz xidmətləri olub.

Niyazinin ilk böyük uğuru 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdı. O, Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edərək həm həmin əsərlərə, həm də onların müəlliflərinə bir daha uğur qazandırır.

Maestronun gəncliyindən ömrünün sonuna qədər davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə saysız-hesabsız nailiyyətlər bəxş edib. Onun adı həm də Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları ilə birgə çəkilir. “Xosrov və Şirin” operası, “Zaqatala”, “Azərbaycan” süitaları, “Rast” simfonik muğamı və s. əsərlər Niyazinin qələminin məhsuludu.

Uşaqlıq illərində  hərbçi olmağa hazırlaşırdı, kadet məktəbində dərs alırdı. Yaxşı futbol hakimliyi, təyyarə idmanına marağı vardı. Niyazi “Dinamo” cəmiyyətinin ağır atletika üzrə birinciliklərində dəfələrlə iştirak edib. 16-18 yaşlarında 56 kq çəki dərəcəsində bir neçə dəfə Bakı və Azərbaycan çempionu, medalçısı olmuş Maestro, həm də bir neçə ölkə rekordçunu vurmuşdu. Sonradan konservatoriyaya daxil olan və diqqətini əsasən musiqiyə yönəldən Maestro yenə də idmandan soyumayıb. Bu illərdə idman sevgisinin musiqidən heç də az olmadığını sübut edən görkəmli ictimai xadimimiz, onu tanıyanlar arasında böyük rəğbət hissi oyadıb. Niyazi II dünya müharibəsindən sonra - 1946-60-cı illərdə Azərbaycanın Ağır Atletika Federasiyasına da rəhbərlik edib. O vaxtlar bu qurum başqa cür adlanırdı – Azərbaycan SSRİ İdman Nazirliyinin nəzdində ağır atletika şöbəsinin sədri. Uzun müddət bu vəzifəni tutan Maestro bir çox idmançıların yetişməsi, onların ittifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək edib. Bütün bunlar onun bu idman növünə olan böyük sevgisindən xəbər verir. Amma bir çox ağrılar, şəxsi problemlər Maestroya bu işini davam etdirmək imkanı verməyib.

 Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi xadimi, görkəmli mütəxəssis, ağır atletika üzrə dəfələrlə Azərbaycan və İttifaq çempionu, veteran idmançı və müəllim Mirzə Hüseynov Maestro Niyazini belə xatırlayır:“O, biz uşaq olanda – təxminən 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində Azərbaycan ağır atletikasına rəhbərlik etmişdi. Çox güclü, enerjili, eyni zamanda idmansevər bir insan idi. Az qala hər gün bizim məşqlərimizi izləyər, uğurlar qazanmağa ruhlandırardı. Səmimi adam idi. Mən uşaq olmağıma baxmayaraq bunu yaxşı xatırlayıram. O, özü uşaqlıqda ağır atletika il məşğul olmuş, şəhər və ölkə birincisi olmuşdu. Həm fiziki, həm də mənəvi cəhətdən güclü insan idi”.

Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənib, Çexiyada "Suprafon", ABŞ-da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb. 1951 – 1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləyən Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülüb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdı. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olunub. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlayıb.

1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə  o vaxtkı S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunub. Keçmiş SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burda A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq edib, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanıb. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbul Opera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidi. 

“Niyazini Azərbaycanda və keçmiş SSRİ məkanında tanımayan insan yox idi. Kim onu səhnədə görübsə, bu gün də unutmayıb. Ona görə ki, bu parlaq insan, şəxsiyyət o qədər yüksək səviyyəli musiqiçi idi ki, onun ifası insanlara o qədər böyük təəssürat bağışlayırdı ki, bunu unutmaq mümkün deyil. Niyazinin repertuarı çox zəngin idi. Mən onun haqqında Sabir Kərimovun kitabına nəzər salanda orada elə əsərlərin adına rast gəldim ki, bunlar məni çox valeh etdi. Çünki həddən ziyadə yüksək musiqi nümunələridir. Onlar Niyazinin interpretasiyası ilə səslənib. Skryabinin “Ekstaz” poeması, Taneyevin “İohan Domoskin” əsəri və s. Bunları vaxtilə Niyazi Azərbaycanda ifa edib. Bu əsərlərə az-az müraciət olunurdu.

Bir faktı da mütləq qeyd etməliyəm ki, bu da sırf Niyazinin xidməti ilə bağlıdır. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hər cümə günü Filarmoniyada simfonik musiqi axşamları keçirilirdi. Bu konsertlərin təşkili, repertuar seçimi və idarə olunması birbaşa Niyazinin ideyalarına əsaslanırdı. O, konsertlərdə dünya klassik nümunələri ilə yanaşı Azərbaycan bəstəkarlarının əsərlərini də böyük şövqlə ifa edər və öz parlaq dirijor məharəti ilə hamını heyran qoyardı. Onun barəsində çox danışmaq olar. Azərbaycan musiqi mədəniyyəti tarixində Niyazinin yeri əvəzolunmazdır”. Xalq artisti, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə.

 “Hacıbəyovlar ailəsi Azərbaycanın dahi simalarını yetirən nümunəvi bir nəsildir. Başda Üzeyir bəy olmaqla bu ailənin üzvləri xalqımızın layiqli vətəndaşlarıdır. Maestro Niyazi də o parlaq, nümunəvi şəxsiyyətlərdəndir. Onun haqqında danışmaq mənə çətindir. Çünki ondan o qədər yaxşılıqlar görmüşəm, bilmirəm hansını deyim. Onun evi mənim üçün əsil sənət məktəbi olub. Bu evdə Rixter, Rostropoviç, Şostakoviç və daha neçə-neçə görkəmli sənətkarları görmüşəm. Hansı dünya şöhrətli musiqiçi Bakıya gəlsəydi, mütləq maestro Niyazinin evində qonaq olmalı idi. Bu artıq bir ənənəyə çevrilmişdi. Orada keçən görüşlər həm incəsənət, həm diplomatik söhbətlər üçün çox əhəmiyyətli idi. Bu həm də maestronun qonaqpərvərliyindən, yüksək humanist keyfiyyətlərindən irəli gəlirdi. Niyazinin musiqiçi kimi xidmətləri əvəzolunmazdır. Çünki Niyazi sadəcə dirijor deyildi. O, bütün varlığı ilə musiqiyə bağlı və əsil sənət fədaisi idi. Niyazi ifa etdiyi əsəri bütün varlığından keçirib, onu öz içində yaşayıb, sonra pult arxasına keçirdi. Odur ki, o, orkestrin bütün üzvlərindən ciddi tələblər edirdi. Məhz buna görə də onun idarəsi ilə orkestr çox parlaq və möhtəşəm səslənirdi. Mən özümü xoşbəxt hesab edirəm ki, Niyazi ilə bir səhnədə çıxış etmək mənə də nəsib olub. O günlər mənim üçün əlçatmaz və unudulmazdır”. Xalq artisti, professor Fərhad Bədəlbəyli.

  Maestro Niyazi öz xidmətləri ilə yalnız özünü deyil, neçə-neçə sənətkarı, onların əsərlərini yaşadıb. Niyazi Azərbaycan və dünya musiqisinin mahir interpretatoru olub. Təbii ki, bu klassik nümunələri xalqa sevdirmək də sənətkardan xüsusi məharət tələb edir. Yəqin ki, qocaman insanlar yaxşı xatırlayarlar ki, Niyazi nəinki konsert salonlarında, hətta tarla düşərgələrində belə konsert verərmiş. Bu da təsadüfi deyildi.

  “Xalqın - xüsusən gənc nəslin ümumi mədəniyyətinə, onun mənəvi aləminə, estetik musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulmuş musiqi təbliğatı bu aktual problemi həll edə bilər”.

  Maestro Niyaziyə aid bu dəyərli fikirlər bütün zamanlarçün müasirdi. Elə ölməz ustadın örnək yaradıcılığı kimi. Maestro Niyazinin misilsiz xidmətləri daim xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Avropa və Asiyanın bir sıra ölkələrində dirijor kimi uğurlu çıxışlarına görə 1959-cu ildə keçmiş SSRİ-nin xalq artisti və SSRİ Dövlət mükafatına, 1986-cı ildəsə R.Taqorun süjeti əsasında yazdığı “Çitra” baletinə görə “Cəvahirləl Nehru” mükafatına da layiq görülüb.Ona olan xalq məhəbbəti bu gün də yaşayır. Maestronun mənzili 1994-cü ildən ev-muzeyi kimi fəaliyyət göstərir. Burada müxtəlif incəsənət tədbirləri keçirilir və hətta bəstəkarlar haqqında bu mənzildən dəfələrlə verilişlər hazırlanıb. Hər ilin avqust ayındasa burda Maestronun xatirə gecəsi təşril olunur. Böyük sənətkar doğulduğu ayda, avqustun 2-də dünyadan köçüb. Ruhu şad olsun!

 P.S. Yazıda ustad sənətkara ad olunan məqalələrdən istifadə olunub.

   Rübabə Səməndər

1 ... 90 91 92 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.006399

 

Site by Webcoder