Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 22 Noyabr 2019, Cümə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Ceyhun Mirzəyevin  "Fəryad"ı
Ceyhun Mirzəyevin  "Fəryad"ı
15.07.14.

Həyat yenə öz sərt üzünü göstərmişdi. Bir uşağın yaşaya biləcəyi ən böyük dərdi yaşatmışdı. Yetim qalmışdı İsmayıl. İsti ana qucağına, ana nəvazişinə ehtiyac duyduğu yaşda...

Amma bu balaca oğlan həyatın bu sərtliyinə yenilmir. Ögey ananın doğmalığını qəbul etməklə, qalib gəlir. Bu balaca İsmayılın yetimliyə qarşı bir fəryadı olur.

İllər keçir. Balaca İsmayıl böyüyür. Bölük komandiri İsmayıl Hüseynov kimi torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür. Bu isə İsmayılın düşmənlərə, haqsızlıqlara qarşı bir fəryadı olur...

Əslində onun bütün həyatı mübarizələrdə keçir.  Uşaq yaşlarından ömrünün sonunadək. Əvvəl həyat mübarizəsi, sonra sənət, ən sondasa yaşam uğrunda mübarizə…Bircə sonuncu mübarizəsindən qalib çıxa bilmir. Vaxtsız ölümə məğlub olur.

Əslində onu Azərbaycan xalqına Ceyhun Mirzəyev kimi tanıdıb sevdirən də məhz bu mübarizələrdi. Əvvəl balaca İsmayılın həyatın sərt üzünə-yetimliyə qarşı mübarizəsi, illər sonra isə doğma torpaqlarını viran qoyan düşmənlərinə qarşı fəryadı.

Hər iki obrazda Ceyhun Mirzəyevin özünü görürdük.  Onun yaşantılarını, həyatını.…

Ceyhun da balaca İsmayılın taleyinə bənzər bir tale yaşamışdı. Hər iki uşağın həyatında xeyli oxşar cəhətlər var. Birinci növbədə də yetimlik...

Deyirlər, insan taleyi ilə birgə gəlir bu dünyaya. Həyatı boyu nə qədər çalışıb çarpışsa da, taleyini dəyişə  bilmir.

Ceyhun Mirzəyev 1946-cı ilin 9 aprelində Bakıda anadan olsa da, əsli Qarabağdandı. Nənəsi Şuşadan, babasısa Ağdamın Abdal-Gülablı kəndindən idi. Ceyhunun atası Cəmil Mirzəyev  o vaxtkı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışırdı. “Qırmızı Döyüş Bayrağı” ordeninin  ilk sahibi idi. Hazırda Rusiya Tarixi Muzeyində saxlanılan bu ordeni “Qanun naminə” filmində gənc prokurorun yaxasında görmüşük.

Cəmil Mirzəyev gözünün ağı-qarası bircə oğlunun məktəbə getməyini belə görə bilmədi. Qəfil əcəl atanın bütün arzularını gözündə qoydu. Ceyhun 3 yaşında atadan yetim qaldı.

Yaşının üstünə yaş gəldikcə atasının yoxluğunu duymağa, sonrasa dərk etməyə başlayır Ceyhun. Yaşının az olmasına baxmayaraq, məktəbin ən fəal şagirdlərindən biri kimi tanınırdı. Səlist nitqi, şeir demək bacarığı vardı. Məhz bu qabiliyyətinə görə də tez-tez AzTV-nin uşaq verilişlərində iştirakçı, aparıcı kimi çəkilirdi. Ceyhunun sənət taleyini də elə bu verilişlər  müəyyənləşdirir. Onu “Görüş” filmində Şıxəlinin oğlu rolunda oynamağa dəvət edirlər. Bu, 9 yaşlı Ceyhunun peşəkar kinoda ilk işi olur. 3 ildən sonra o, yenidən ekrana çıxır. “Ögey ana” filmində İsmayıl rolu ilə. Bu rolla 12 yaşlı Ceyhun Mirzəyev minlərlə tamaşaçının qəlbinə yol tapır, sevilir, keçmiş SSRi-də uşaq rolunun ən istedadlı ifaçısı kimi qəbul olunur. Məhz bu film Ceyhun Mirzəyevi Azərbaycan kinosunun əfsanəvi qəhrəmanlarından birinə çevirir. Bununla da Ceyhun Mirzəyevin tək sənət yox, elə həyat mübarizəsi də başlayır. Filmlərdən aldığı qonorarla ailəsini – anasını və özündən 7 yaş böyük “ögey bacı”sını dolandırmağa, maddi cəhətdən təmin etməyə çalışır. O yaş və dövr üçün Ceyhunun qazandığı pul da yaxşı məbləğ sayılırdı...

“Ögey ana” filmindən sonra  Ceyhun Mirzəyev “Əsl dost”, “Matteo Falkone”, “Qara qağayı”, “Yenilməz batalyon”, “Qanun naminə” , “Dəli Kür”, “Bakıda küləklər əsir”, “Yol əhvalatı” , “Qanlı zəmi”, “Lətifə” filmlərinə çəkilir, ümumən 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır.

Ceyhun Mirzəyevin 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki artıq qeyd etdiyimiz kimi “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 9 yaşı vardı. On iki yaşı olandasa “Ögey ana”ya dəvət almışdı. Sənətə aktyorluqla başlasa da, rejissorluğa da böyük həvəsi vardı.  İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdi. Moskvada təcrübə də keçmişdi.
Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də ekranlaşdırıb.“Mozalan” satirik kinojurnalı üçün 100-dən çox süjet çəkib. “Mozalan”-ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Bir dəfə söhbət etdiyi adamın səsini, danışıq tərzini o dəqiqə yamsılamağı bacarırmış. Hətta “Mozalan”nın başlığında səslənən vızıltı səsi də ona məxsusdu.

Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya xanımın xatirələrindən: “Ceyhunun 18, mənim 17 yaşım vardı. Bizi məktəbdən Moskvaya aparmışdılar. Orda olduğumuz vaxt eşitdik ki, Azərbaycan artistləri də burdadır.  Ceyhunu ekrandan tanıyırdım, yetərincə məşhur idi. Amma ilk görüşümüz onu və aktyor yoldaşlarını Bakıya yola salanda oldu. Ceyhun bizi restorana dəvət etdi. Sonradan bildim ki, son pulunu o qonaqlıqda xərcləyib. Bir-birimizə telefon nömrələrimizi verdik və ayrıldıq. Mən Bakıya qayıdandan sonra bir dəfə mənə zəng vurdu, görüş təklif etdi. Mənsə razı olmadım, onu bir az acıladım da. Bu, bizim son danışığımız oldu”.

Düz 8 ildən sonar Ceyhun onu yenidən tapır. Hər gün Lidiyanın iş yerinə gəlir, pəncərəni döyüb otağa bir çiçək atır və gedir. Nəhayət, sevdiyi qızın könlünü alır və onunla ailə qurmasına razı sala bilir. Ceyhunla Lidiya 1973-cü ildə ailə qururlar və Cəmalə adlı bir qızları dünyaya gəlir. Lidiya xanımın xatirələrindən: “Bəzən məndən soruşurdular ki, niyə elə bir uşaq? Deyirdim, bir niyə? Mənim iki uşağım var – Ceyhun və Cəmalə. Ceyhun doğrudan da uşaq kimiydi. Tez sınırdı, inciyirdi. Yeyib-içməyi, gəzməyi, geyinməyi çox sevirdi. O qədər ürəyiyumşaq, kövrək adam idi ki... Ehtiyacı olan hamıya əl tuturdu, kömək edirdi. “Mozalan”da işlədiyi müddətdə nə qədər gənci işlə təmin etdi. Haqsızlığa dözə bilmirdi. Ona qarşı xeyli haqsızlıqlar  olmuşdu. Bir müddət yaradıcılığında fasilə yarandı. Kinostudiyada ona iş vermirdilər, ssenarilərini qəbul etmirdilər. Mən ona təskinlik verməyə çalışırdım. Ona qarşı bir haqsızlıq da fəxri ad verilməməsiydi. Düzdü, Ceyhunun heç bir fəxri adı yoxdur, amma o, sözün əsl mənasında xalqın artistidir. Xalq onu sevir. O da xalqını çox sevirdi. Film çəkəndə aldığı qonorardan xəbəri də olmurdu, pul onu maraqlandırmırdı. Deyirdi, “bu film xalqa lazımdır, gələcək nəsillərə miras qalmalıdır”. O, çox təmiz insan olub, xalqa xidməti qarşısında heç nə ummayıb. Bütün filmlərinə canla, ürəklə yanaşıb”.

Ceyhun Mirzəyevin rejissor kimi ilk işi “Bəyin oğurlanması” filmidi. Onun ardınca  “İşarəni dənizdən gözləyin” filmini çəkib. “Fəryad” filmisə Ceyhun Mirzəyevin həm aktyor, həm də rejissor kimi sonuncu filmidi. Elə bil nəyisə duyubmuş kimi “Ögey ana”dakı İsmayıl obrazının sonrakını taleyini “Fəryad” filmi ilə bağladı. “Fəryad” onun  haqsızlıqlara qarşı son fəryadı idi- qu quşunun son nəğməsi kimi.

Filmin operatoru Kənan Məmmədovun xatirələrindən: “Fəryad” filmi 1993-cü ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Biz filmin harada çəkiləcəyi barədə çox düşündük. Bu, mühüm bir məsələ idi. Sonra Ceyhunla belə qərara gəldik ki, çəkilişlər soyuq fəsildə aparılmalıdır. Çünki Qarabağ savaşından bəhs edən filmi yayda, otun-çiçəyin arasında çəkmək düzgün olmazdı. Filmin bütün natura çəkilişləri Goranboyda Murov dağın ətəyində, Zeyvə, Qaraçinar, Ağcakənddə keçdi. Onda döyüşlər təzəcə başa çatmışdı. Biz ora yanvarda ezam olunduq və çox kəskin hava şəraitinə baxmayaraq, 15 günə natura çəkilişlərini bitirdik. Düzdü, təşkilati problemlər vardı. Məsələn, ordu, patron, avtomat lazım idi, onları çətinliklə əldə edirdik. Amma mənəvi çətinliklər daha çox idi. Hamımız daxilən çox böyük iztirablar keçirirdik. Xüsusən də Ceyhun çox əzab çəkirdi. Torpaqlarımızın işğalı ona pis təsir etmişdi”.

Kənan Məmmədov çəkilişlər zamanı baş verən bəzi hadisələri də xatırlayır: “Filmdə bir səhnə var – balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və bu alçaqlığı edən ermənini öldürür. Bu səhnəni hərəkətlə çəkirdim. Kamera maşında idi. Ceyhun ağacların arası ilə qaçdığı müddətdə maşın da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi və yıxıldı. Demə, Ceyhun qaçdığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi bilmirik. Amma təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi. Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb yardım etdik.
Bir də o səhnədə qaçan zaman çaydan keçir. Qış ayı, dağdan gələn su, adamın barmağını da kəsirdi. Mən təkid edirdim ki, o səhnədə dubl aktyoru çəkilsin. Amma Ceyhun razı olmadı, özü çəkildi. Bundan sonrasa  təbii ki, özünü pis hiss etdi. Ümumiyyətlə, bu film Ceyhuna mənən xeyli təsir etdi, ürəyi tab gətirmədi. Filmi tez hazırlayıb qurtarmaq istəyirdi, tələsirdi elə bil. Bəlkə də ürəyinə nəsə dammışdı. Amma çox təəssüf ki, tam olaraq başa çatdıra bilmədi. Filmin qaralama montajı bitəndə Ceyhun rəhmətə getdi. Özü də montajı birlikdə edirdik. Mənsiz eləməzdi. Deyirdi, “sən bütün materialı məndən yaxşı bilirsən...”. Filmin birinci variantı başa çatandan sonra Ceyhunu itirdik. Nə öz rolunu səsləndirə bildi, nə də filmi gördü”.

Lidiya xanım danışır  ki, həyat yoldaşı “Fəryad”ın çəkilişlərindən qayıdanda evdə rahatlıq tapmırdı: “Siqaret çəkir, düşünür öz-özünə danışırdı. Erməniləri söyürdü, vəhşidirlər deyirdi. Elə bil bu filmi çəkməklə onlardan, ümumiyyətlə bütün haqsızlıqlardan heyf çıxmaq istəyirdi”.

Filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyirdi.  Amma“Fəryad” filminin çəkilişlərindən sonra Ceyhun Mirzəyev mikroinsult keçirdi. İki həftəlik müalicədən sonra yenidən filmin işlərini davam etdirməyə başladı. Özü də tələsərək... Filmi tez başa çatdırıb ekranlara çıxarmaq arzusunda idı. Rayonlar bir-bir işğal olunurdu, vəziyyət gərgin, film ərsəyə gətirmək zülüm. Ceyhun Mirzəyevsə həm vətənini, həm də kinonu çox sevirdi.

1993-cü ilin 5 martında, 47 yaşının tamamına 1 ay qalmış Ceyhun Mirzəyev telestudiyaya getmişdi. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşib.

Mərhum diktor, Ceyhun Mirzəyevin keçmiş qrup yoldaşı və yaxın dostu Hicran Hüseynov onu maşına qoyub  evə gətirəndə Ceyhun Mirzəyev özündə deyilmiş. Yalnız əli ürəyinin üstündə olub.
Xanımı danışır ki,  ürəyində güclü ağrı vardı: “Tez uzandırdıq, təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum. Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız  Cəmaləni çağırdı. Qızın üzünə baxdı və gözlərini yumdu. Elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb...”…Özü də atası kimi 48 yaşında dünyadan köçdü, atası canından artıq sevdiyi yeganə övladı olan Ceyhunu yetim qoyduğu kimi, Ceyhun da gözünün ağı-qarası Cəmaləni yetim qoyub getdi….

 İsmayılın “Ögey ana”da başlayan həyat yolu “Fəryad” la beləcə başa çatdı.  Amma illər əvvəl dünyasını dəyişsə də bu gün də sevilir Ceyhun Mirzəyev, həm bir insan, həm də sənətkar kimi. Ruhu şad olsun!

P.S. Yazıda Ceyhun Mirzəyevə aid olunan məqalələrdən istifadə olunub.

Rübabə Səməndər

Fact-info.az

1 ... 86 87 88 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.010292

 

Site by Webcoder