Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 12 Avqust 2020, Çərşənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Ermənistanın təlaşı: üç geosiyasi güc arasında vurnuxma
Ermənistanın təlaşı: üç geosiyasi güc arasında vurnuxma
25.06.14.

Son zamanlar erməni KİV-i ölkə rəhbərliyinin siyasətini kəskin tənqid edir. Bununla yanaşı, Rusiya, İran və Avropaya müəyyən iradlar bildirirlər. Hiss olunur ki, rəsmi Yerevan çətin vəziyyətə düşüb. Regionda müşahidə edilən geosiyasi proseslərin fonunda bu, maraqlı görünür. Üstəlik, Yaxın Şərq və Şərqi Avropada vəziyyətin sürətlə dəyişməsi Ermənistan rəhbərliyi üçün mürəkkəb suallar meydana çıxarıb. Ölkənin xarici siyasətinin dalana dirəndiyi açıqca duyulur. Bütün bunların səbəbinin rəsmi Yerevanın tutduğu əsassız geosiyasi mövqedə olduğunu isə ermənilərin çox az qismi anlayır. Nəticədə, bu cırtdan dövlətin taleyinin qeyri-müəyyən olduğunu deyə bilərik.

Narazı paytaxt: havadarlara arxa çevirir

Rəsmi Yerevan son günlər iki geosiyasi hadisədən xeyli həyəcanlanıb. Onlardan biri İran prezidenti Həsən Ruhaninin Türkiyəyə səfəri, digəri isə Avropa İttifaqı və Rusiyanın Azərbaycanla diplomatik təmasları intensivləşdirməsidir. Bunların Ermənistana birbaşa aidiyyəti olmasa da, həmişə başqalarından nələrsə uman erməni rəhbərliyi, günahı növbəti dəfə qonşularında axtarmaqdadır.

Ölkə faktiki olaraq xarici siyasətdə nə edəcəyini bilmir. Ətrafda baş verənlərə də passiv müşahidəçi kimi reaksiya verir. KİV isə bu vəziyyəti təhlil edərək, rəhbərliyin yarıtmazlığını qabardır (bax: məs., Акоп Бадалян. Неизбежность второго коллапса / "Lragir.am", 12 iyun 2014).

Erməni ekspertlər daha çox Rusiya rəhbərliyinə iradlar ifadə edirlər. KİV Moskva haqqında alçaldıcı ifadələr işlətməkdən belə çəkinmirlər. Bu kontekstdə jurnalist Dmitri Kiselyovun Yerevana səfərinə sərt reaksiyanın verilməsi diqqəti çəkir. Bəzən erməni analitiklər o dərəcədə eyforiyaya qapılırlar ki, rusiyalı media nümayəndəsini siyasi-ideoloji təmsilçi kimi təqdim edirlər. Hətta müstəqil deputat Nikol Paşinyan parlamentdə bəyan edib ki, D.Kiselyovu Ermənistan XİN-i arzuolunmaz şəxs elan etməlidir (bax: əvvəlki mənbəyə).

Bəs D.Kiselyov hansı məsələyə görə ermənilərin qəzəbinə tuş gəlib? O, Yerevanda rus dilinə önəm verməyin lazım olduğunu vurğulayıb. Ermənistan Avrasiya İttifaqına üstünlük veribsə, cəmiyyətdə rus mədəniyyəti və dilinə olan münasibət də dəyişməlidir. D.Kiselyov Moskvanın faktiki olaraq ABŞ-ın yaratmaq istədiyi dünya nizamına alternativ model təklif etdiyini xüsusi qeyd edib.

Bu səbəbdən, əgər Ermənistan Kremlin irəli sürdüyü inteqrasiya modelinə razılıq veribsə, avtomatik olaraq mədəni seçimində də dəyişiklik etməlidir (bax: Евразийский союз создан как противовес "новой модели мира США": Дмитрия Киселева в Ереване "понесло" / "1in.am", 12 iyun 2014). Ermənilər isə rus məktəblərini bağlayıblar, ölkədə demək olar ki, rus milliyyətindən olan adam qalmayıb. Bütövlükdə ruslara qarşı da şovinist bir münasibət vardır. Bütün bunların hamısını özlərinin suverenlik və millətsevərlikləri ilə izah etməyə çalışırlar.

Təbii olaraq, Moskva belə gedişata razı olmaz. Ədalət naminə deməliyik ki, rusların etirazının əsası vardır. Çünki Ermənistan indiyə qədər əsasən Rusiyanın hesabına mövcuddur. Erməni ziyalıları bunu etiraf edirlər. Modest Kolerov yazdığı məqalələrdən birində açıq sual edib: "Rusiyasız Ermənistan, ümumiyyətlə, nə deməkdir?". Qəribədir ki, bütün bunlara rəğmən, ermənilər rus dilinə düşmən mövqedədirlər. Buna qarşılıq Moskva öz tələbini irəli sürməlidir.

Belə çıxır ki, erməni cəmiyyətinin istəkləri ilə rəsmi Yerevanın həyata keçirdiyi geosiyasi kurs arasında ziddiyyət vardır. D.Kiselyovun söylədiklərinə olan dözümsüz münasibətin kökü buradadır.

İndi Ermənistan cəmiyyəti Sergey Lavrovun ölkəyə səfərini gözləyir. Rusiyanın xarici işlər nazirini erməni KİV-i "ağır artilleriya" adlandırır (bax: Наира Айрумян. Россия направляет в Армению "тяжелую артиллерию" / "Lragir.am", 12 iyun 2014). Bu kontekstdə Moskvanın Yerevan qarşısında növbəti tələblər qoyacağını vurğulayırlar. Maraqlıdır ki, onlar bu məsələni Rusiya XİN rəhbərinin Azərbaycana səfəri ilə əlaqələndirməyə çalışırlar.

Guya S.Lavrov rəsmi Bakıya Gömrük İttifaqına daxil olması üçün Dağlıq Qarabağ məsələsində müəyyən güzəştlər vəd edəcək. Əlavə olaraq, İrandan çəkilməsi nəzərdə tutulan və Naxçıvandan keçməli olan neft boru xəttinin reallaşmamasını istəyəcək. Şübhəsiz ki, bunlar erməni siyasi şüurunun uydurmaları ola bilər. Ancaq onlar növbəti dəfə dolaşıq arqumentlərlə bulanıq suda balıq tutmaq sevdasına düşüblər. Həmin səbəbdən də regionda aranı qatmaqla məşğuldurlar.

Dalan siyasəti: acı bəhrələr və gerçəklik

Belə görünür ki, Ermənistanın ciddi narahat olduğu məsələlərdən biri İran prezidentinin Türkiyə səfəri zamanı əldə edilən razılaşmalardır. Bununla Yerevan özünü tamamilə təcrid olmuş vəziyyətdə hiss edib. S.Sarkisyanın məhz həmin görüşdən dərhal sonra tələsik Avstriyaya getməsi və bu ölkənin prezidentindən Avropaya inteqrasiyaya yardım etməsini xahiş etməsi maraqlı təsir bağışlayır.

Bu, faktiki olaraq rəsmi Yerevanın geosiyasi çaşqınlığının və çıxılmaz vəziyyətə düşməsinin əlamətidir. Ona heç bir qüvvə tam təhlükəsizlik təminatı vermir. Son dövrlərdə Ermənistan rəhbərliyinə anladırlar ki, işğal etdiyi ərazilərdən çəkilməlidir. Həmin bağlılıqda Tehranla Moskva da Azərbaycan və Türkiyə ilə əməkdaşlığı real strateji müstəviyə gətirməyə çalışırlar. H.Ruhaninin Ankarada apardığı danışıqların məzmunu Tehranın məhz bu cür düşündüyünü təsdiqləyir. Bunun fonunda Ermənistanın geosiyasi qiyməti minimum səviyyə təsiri bağışlayır – çünki Yerevan konkret heç bir əməkdaşlıq forması təklif edə bilmir (bax: Наира Айрумян. Иран ждет инициатив Армении / "Lragir.am", 11 iyun 2014). Adi sözlə desək, forpost Ermənistan heç kimə lazım deyil.

İndi erməni KİV-i Rusiya nümayəndə heyətinin Azərbaycana səfərindən narahatdır. Onlar tərəflərin əlaqələri dərinləşdirəcəyini bilirlər. Ekspertlər bunu açıq etiraf edirlər (bax: Европа и Россия развернули борьбу за Азербайджан / "Независимая газета", 10 iyun 2014). Ermənistan bu perspektivi qəbul etmək istəmir. Ona elə gəlir ki, Kreml tədricən Azərbaycana üstünlük verəcək, Yerevanın bütün təcavüzkar planları alt-üst olacaq. Bu səbəbdən həm Moskvanı tənqid edir, həm də Avropaya reverans etməyə çalışır. Ermənilər əslində bir mühüm məqamı unudurlar.

Aydındır ki, Ermənistanın xarici siyasəti dalana dirənib. Regionda öz mövqeyini qorumaq üçün onun əlində real fakt qalmayıb. Bu günə qədər yeridilən siyasət kənar qüvvələrin havadarlığına əsaslandığından, şərtlərin dəyişməsi ilə təminatlar da yoxa çıxır. Yerevan isə bu dəyişikliyə hazır deyil. Çünki o, müstəqil siyasət yeritməyin nə demək olduğunu bilmir. Üstəlik, mütəxəssislər rəsmi Bakının uğurlu və çevik xarici siyasətlə müstəqil mövqe tutduğunu, regionda nüfuzunu daim artırdığını vurğulayırlar. Ermənistan rəhbərliyi bundan şoka düşür, psixoloji apatiyaya düçar olur.

Rəsmi Yerevan hazırda Rusiya, Avropa və İran arasında vurnuxur. Onların heç biri ilə sona qədər getməyə risk etmir. Eyni zamanda, onların hər birindən geosiyasi havadarlıq umur. Onun Tehrana böyük ümidləri vardı. Son günlərə qədər erməni KİV-i İranı yeri gəldi-gəlmədi tərifləyirdi. İndi isə müəyyən ehtiyatlılıq ifadə olunur. Ermənistan tənhalığını getdikcə daha güclü surətdə hiss edir.

Avropa Ermənistanla əlaqələrinə artıq əvvəlki müstəvidə baxmır. Brüssel olduqca ehtiyatlı mövqe tutub. Yerevanın etibarlı tərəfdaş olacağına inanmırlar. "Şərq tərəfdaşlığı" proqramında Ermənistan demək olar ki, yoxdur. Bunun fonunda Aİ-nin Azərbaycanla əməkdaşlıq haqqında yeni sənəd imzalaması Yerevanı çox narahat edir. Bakı növbəti dəfə geosiyasi seçimində qəti olduğunu nümayiş etdirdi. Belə görünür ki, Avropa cəbhəsində də Ermənistan Azərbaycana uduzur.

Nəhayət, Moskva-Bakı xəttində inkişaf müşahidə edilir. Azərbaycan-Rusiya münasibətləri yeni səviyyəyə qalxır. Statistik göstəricilərə görə, əməkdaşlıq dərinləşir və genişlənir. Bu proses bütün sahələri əhatə edir. Kreml Bakını özünə strateji tərəfdaş bilir. Azərbaycan uğurlu balanslaşdırma siyasətini inamla davam etdirir.

Bütün bunlar Yerevanı qeyri-müəyyən hala salır. O, düşdüyü vəziyyətdən çıxış yolunu tapa bilmir. Çətin ki, Ermənistan rəhbərliyi buna nail olsun. Çünki o, mövcud reallığı lazımi səviyyədə qiymətləndirə bilmir. Gec-tez Yerevan seçdiyi qeyri-konstruktiv geosiyasi kursun əvəzini ödəyəcək. Ermənistan rəhbərliyinin təlaşı da göstərir ki, həmin gün yaxınlaşır.
Newtimes.az

1 ... 82 83 84 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.006199

 

Site by Webcoder