az | en | ru

Bu gün: 15 Dekabr 2018, Şənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Beynəlxalq və Milli Mühasibat uçotu standartları  mövcud vəziyyət
Beynəlxalq və Milli Mühasibat uçotu standartları  mövcud vəziyyət
18.03.15.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasının müdiri professor Sifariz  Səbzəliyevin  yazısını Fact-info.az saytı təqdim edir

 Son illərdə, xüsusən 2008-ci ildən başlayaraq Azərbaycanda Maliyyə Hesabatının Beynəlxalq Standartlarına,  xüsusən də Milli Mühasibat Uçotu Standartlarının tətbiqinə maraq kifayət qədər artmışdır. Belə bir marağın başlıca səbəblərinə əsasən aşağıdakıları aid etmək olar.

Səbəblərdən birisi, bəlkədə birincisi həmin dövrdə Azərbaycana çox böyük həcmdə xarici investisiya axını ilə birbaşa əlaqədardır. Bu bir həqiqətdir ki, ictimai əhəmiyyətli qurumları maliyyə vəziyyəti və maliyyə nəticələri haqda səhih informasiyalara malik olmayan beynəlxalq təşkilatlar respublikaya investisiya qoymaqda tərəddüd edirlər və bəzən də çətinlik çəkirlər. Bu gün Azərbaycan şirkətləri üçün nəhəng fond birjalarına çıxış bilavasitə onların uçot və hesabat sisteminin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib olunması ilə mümkündür. Uçot və hesabatın Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun sürətdə formalaşması respublika müəssisələrinin beynəlxalq kapital bazarlarına qovuşmaq imkanlarını ön plana çıxara bilər.

Digər bir səbəb maliyyə hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə hazırlanması və təqdimatı ilə bağlıdır. Konkret olaraq deməliyik ki, hazırda müəssisələrin bir qismində tərtib olunan maliyyə hesabatları özlərinin şəffaflığı, istifadəçilər, xüsusən də investorlar üçün səmərəliliyi nöqteyi – nəzərindən müasir tələblərdən bir qədər geri qalır. Beynəlxalq Standartlar isə yarandığı gündən konkret istifadəçilərə istinad edir və istifadəçilərin iqtisadi qərarlarının qəbulu üçün zəruri sayılan maliyyə informasiyalarının səmərəliliyi meyarından irəli gəlir.

Daha bir mühüm səbəb ondan ibarətdir ki, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarından istifadə olunması mühasibat uçotunun aparılması üçün prinsipcə yeni milli qaydaların hazırlanması üçün lazım gələn müddətin və resursların əhəmiyyətli dərəcədə ixtisarına imkan yaradır. Azərbaycanda bilavasitə bu yola üstünlük verilmiş və yeni Milli Uçot Standartları Beynəlxalq Standartlara maksimum uyğunlaşdırılmışdır.

Bəzi qüsurlara baxmayaraq, Milli Mühasibat Uçotu Standartlarının MHBS-na uyğun sürətdə hazırlanması respublikada bazar iqtisadiyyatının tələblərinə cavab verən səmərəli mühasibat uçotu sisteminin yaradılması probleminin həlli istiqamətində çox mühüm addımdır.

Respublikada MHBS və Milli Mühasibat Uçotu Standartlarının tətbiqinin əsas səbələrindən birisi azərbaycanlı mühasiblərin səlahiyyət və məsuliyyət dairələrini genişləndirilməsi, onların bilik və vərdişlərinin yüksəldilməsi ilə  bir başa bağlıdır. Son nəticədə bu, maliyyə uçotunun səhihliyinin və əhəmiyyətinin, habelə bütövlükdə ölkə iqtisadiyyatının sabitliyinin yüksəldilməsinə gətirib çıxarmışdır.

MHBS dünya miqyasında maliyyə hesabatlarının təkmilləşdirilməsi və harmonizasiyası istiqamətində görülən böyük işlərin səmərəli nəticəsi kimi qiymətləndirilməlidir.

Bir daha qeyd etmək istəyirik ki, Azərbaycanda mühasibat  uçotu sistemində aparılan islahatların başlıca məqsədi milli uçot sisteminin bazar iqtisadiyyatının və maliyyə hesabatlarının beynəlxalq standartları səviyyəsində yenidən qurmaqdan ibarətdir. Artıq Respublika səviyyəsində Milli Mühasibat Uçotu Standartlarının Beynəlxalq səviyyədə harmonizasiyasının əsas meyllləri ilə əlaqələndirilməsi istiqamətində çox ciddi işlər görülməkdədir. Milli Mühasibat Uçotu Standartlarının dərk olunması və tətbiqi ilə əlaqədar Maliyyə Nazirliyi müxtəlif mülkiyyət formali təşkilatlara kifayət qədər yüksək səviyyədə metodik kömək göstərir. Xüsusən də 2010-2012-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin və Dövlət İqtisad Universitetinin köməyi ilə “Mühasibat uçotu və audit” ixtisası üzrə mütəxəssislər hazırlayan ali məktəb müəllimlərinin böyük bir qrupunun Milli Mühasibat Uçotu Standartları istiqamətində ixtisaslarının artırılması və onlara müvafiq sertifikatların verilməsi məqsədilə 3 treninq təşkil olunmuşdur. Treninqlərin aparılması üçün Dövlət İqtisad Universitetində ən müasir tələblərə cavab verən auditoriyalar ayrılmış, məşğələlərin təşkilinə xaricdə təhsil almış və beynəlxalq səviyyəli sertifikatı olan mütəxəssislər cəlb edilmişdir. Dinləyicilərin tədris-metodik təminatı da yüksək səviyyədə olmuşdur. Onların hər birisinə universitetin “Mühasibat Uçotu” kafedrası və Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin bir qrup əməkdaşı tərəfindən birlikdə hazırlanılan müvafiq tədris-metodik  vəsaitlər paylanmışdır. Bu qəbildən olan treninqlərin  gələcəkdə də davam etdiriliməsi nəzərdə tutulur.

Respublika səviyyəsində Milli Mühasibat Uçotu Standartlarının hazırlanması işi artıq başa çatmış və müəssisələrin əksəriyyətində onların tətbiqi ilə bağlı işlər görülməkdədir. Lakin gələcəkdə görüləsi işlər və problemlər kifayət qədərdir və onları həll etmədən islahatları başa çatdırmaq çətindir.

Ilk növbədə müəssisələrin uçot və hesabat sahəsində metodik təminatı qaydaya salınmalıdır. Bu məqsədlə qeyri-maddi aktivlərin, torpaq, tikinti və avadanlıqların, investisiyaların, bioloji aktivlərin, təbii sərvətlərin, təxirə salınmış vergi aktivlərinin, uzunmüddətli və qısamüddətli aktivlərin, pul vəsaitləri və onların ekvivalentlərinin, kapitalın, mənfəətin, uzunmüddətli və qısamüddətli öhdəliklərin, gəlirlərin, xərclərin və s. uçotda əks etdirilməsi və sənədləşdirilməsi ilə əlaqədar yeni məlumatlar hazırlanmalı və təsdiq olunmalıdır.

Kommersiya təşkilatları üçün 1 № li Milli Mühasibat Uçotu Standartlarında təsbit edilmiş və müəssisələrin iş xüsusiyytlərini nəzərə alan yeni hesablar planı (subhesablar) respublikanın uçot praktikasında uzun illər ərzində təşəkkül tapan hesablar planından köklü sürətdə fərqlənir. Zənnimizcə adı çəkilən yeni hesablar planını uçot sahəsində çalışan mütəxəssislərin iştirakı ilə həm mətbuatda, həm də müvafiq konfrans və seminarlarda müzakirə etməklə kifayət qədər sadələşdirmək və anlaşıqlı etmək çətin deyildir.

Digər mühüm  bir məsələ kadr təminatı (mühasib peşəsinin formalaşması, mühasibat uçotu mütəxəssislərinin ixtisaslarının artırılması) ilə bağlıdır. Əgər biz Milli Mühasibat Uçotu Standartlarını mülkiyyət formasından asılı olmayaraq bütün təşkilatlarda tədbiq etmək istəyitiksə, kadrların xüsusi kurslara cəlb olunmaq yolu ilə ixtisaslarını fasiləsiz sürətdə artırmalıyıq.

Artıq üçüncü treninqdə respublikanın mühasibat uçotu və audit ixtisası üzrə kadr hazırlayan ali məktəblərinin professor və müəllim heyətinin 35 nəfəri iştirak etmişdir (onların əksəriyyəti AzDİU da çalışır). Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqinin metodiki məsələlərinə həsr olunan mövzulara treninqlərdə xüsusi yer verilmişdir. Eyni zamanda treninqlərdə Maliyyə Nazirliyinin sertifikatlaşdırma sistemi ilə bilavasitə məşğul olan xüsusi qrupunun, xüsusəndə uçot siyasəti şöbəsinin əməkdaşlarının hərtərəfli köməyi də hər addımda hiss olunmuşdur.

Son illərdə digər fənnlərlə yanaşı mühasibat uçotu və hesabatla bağlı müxtəlif fənnlər üzrə imtahanlar test qaydasında kompyuterlərin köməyi ilə universitetin əsas tədris korpusunda keçirilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  sertifikatlaşdırma sisteminin tətbiq edilməsinə dair yaratdığı işçi qrupunun iştirakı ilə keçirilən test imtahanlarının nəticələri ilə bağlı təqdim olunan  arayışda imtahanın həm obyektivlik, həm də şəffalıq baxımından ən müasir tələblərə cavab verməsi qeyd olunmuşdur. Azərbaycanın ali məktəblərində birinci dəfə tədbiq olunan belə bir test sistemi müsbət mənada çox böyük rezonans doğurmuşdur. Testlərin hazırlanmasında “Mühasibat uçotu haqqında”  Azərbaycan Respublikasının Qanunun əsas müddəalarından, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarından hərtərəfli istifadə olunmuşdur.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən hazırlanılan və 2014-2015 ci tədris ilindən qüvvədə olan “Mühasibat uçotu və audit” ixtissı üzrə Dövlət standartına Milli Mühasibat Uçotu Standartlarının başlıca prinsiplərinin öyrənilməsini nəzərdə tutan “Mühasibat uçotu”  , “Maliyyə uçotu”, “İdarəetmə uçotu”, “Maliyyə hesabatı”, “Audit”, “Maliyyə təhlili”, “İdarəetmə təhlili”, “Maliyyə hesabatının Beynəlxalq Standartları” və s. fənnlər üzrə hazırlanan proqramlar Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğunlaşdırılmışdır.

Yeni tədris proqramları ilə yanaşı “Mühasibat uçotu” kafedrasının əməkdaşları  tərəfindən hazırlanılan  aşağıdakı dərsliklər, dərs vəsaitləri və tədris-metodiki vəsaitlər tələbə və magistrlərin ixtiyarına verilmişdir:

Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotunun tədrisinə dair tədris-metodiki vəsait. Bakı – 2010

Milli və Beynəlxalq Mühasibat Uçotu praktikasında tədbiq edilən Hesablar Planı və onların xüsusiyyətləri. Bakı – 2010

“Mühasibat uçotu” fənni üzrə nəzarət sualları və testlər. Bakı – 2010

Beynəlxalq və Milli uçot terminlərinin izahlı lüğəti. Bakı – 2010

Mühasibat uçotu (dərslik). Bakı – 2012

İdarəetmə uçotu (dərslik). Bakı – 2014

Xarici ölkələrdə mühasibat uçotu (dərs vəsaiti). Bakı – 2014

Xidmət sahələrində mühasibat uçotu (dərslik). Bakı – 2015

Beynəlxalq uçot və hesabata giriş (dərs vəsaiti). Bakı – 2012 

1 ... 132 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.031374

 

Site by Webcoder