az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Alban dövrü memarlıq abidələri məqsədli şəkildə erməniləşdirilir
Alban dövrü memarlıq abidələri məqsədli şəkildə erməniləşdirilir
16.02.15.

 

Bölgədə məskunlaşdırılan ermənilər Cənubi Qafqazdakı Alban abidələrinin üzərindəki ornamentləri, elementləri və digər yazı nümunələrini dəyişərək saxtalaşdırırlar, yəni erməniləşdirirlər. Bu da kütləvi şəkildə Alban dövrü abidələrinin ilkin görkəminin itirilməsinə və Alban mədəniyyətinin tədricən məhv edilərək tarixdən silinməsinə səbəb olur.

Bu barədə AzərTAc-a məlumat verən Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov Alban dövrü memarlıq abidələrinin məqsədli şəkildə erməniləşdirilməsinin tarixindən və nəticələrindən danışıb.

F.İsmayılov bildirib ki, rus çarı I Nikolayın 1828-ci il martın 21-də verdiyi fərmana görə Azərbaycanın qərbində İrəvan xanlığı ləğv edilərək, əvəzində rus imperatorluğu tərəfindən idarə olunan “Erməni mahalı” adlanan yeni vilayət yaradıldı. Vilayətin yaradılmasından məqsəd, birbaşa İran və Türkiyə sərhədlərində Rusiyaya qarşı baş verə biləcək hər hansısa hücumların qarşısını almaq məqsədi ilə itaətkar erməni millətindən ibarət cəbhə formalaşdırmaq idi. Azərbaycan torpaqlarında Rusiyanın vilayət yaratma təşəbbüsü ermənilərin işinə yaradı. Çünki heç vaxt dövləti və dövlətçilik ənənəsi olmayan bir millət üçün bu, tarixi bir fürsət idi. Dünyanın bir çox ölkələrindən bu ərazilərə köçürülən ermənilər bu hadisəni sevinclə qarşıladılar. Qısa zaman ərzində ermənilər nəinki Qərbi Azərbaycan ərazilərində, eyni zamanda Qarabağ, Gəncə, Şamaxı və Quba bölgələrində də sürətlə məskunlaşmağa başladılar. Bu tarixi fürsətdən məharətlə yararlanan ermənilər Rusiyanın təhriki ilə Azərbaycan ərazilərinə yerləşdirildikdən sonra yerli xalqların tarixini və mədəniyyətini də mənimsəməyə başladılar.

Tarixdən məlumdur ki, antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri Qarabağda daxil olmaqla Azərbaycan Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmuşdur (e.ə. IV – eramızın VII əsri). Məhz bu dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf etmişdi.

Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, bu din Alban dövləti mövcudluğunun bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.

Təqribən min illik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində o cümlədən Dağlıq Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlamışdı. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Bütün bu tarixi həqiqətləri inkar edən ermənilər, xristianlıq amilindən istifadə edərək bu tipli abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək bu abidələri erməniləşdirirlər.

Cənubi Qafqazda mədəni dəyərlərin erməniləşdirilməsində çar Rusiyasının dəstəyinin də mühüm rolu olub. Belə ki, 1836-cı ildə rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunaraq və onun mülklərinin erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilməsi üçün rus çarı I Nikolay xüsusi olaraq fərman da imzalamışdı. Bu hadisədən bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri daha dəqiq desək, Qarabağ regionunda, ermənilərin XVIII əsrin sonlarından başlayaraq davam edən sıx məskunlaşmaları nəticəsində, Alban dövlətçiliyi və dini Qarabağda müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin Qriqoryanlaşdırılması, yəni erməniləşdirilməsı prosesi başladı.

Bu da öz növbəsində alban kilsələrindəki əlyazmaların erməni dilinə tərcümə edilərək, orginallarının yandırılmasına, kilsə və monastırların interyerindəki yazıların və bədii daş nümunələrinin dəyişdirilməsinə səbəb oldu. Bütün bu saxtakarlıqlara baxmayaraq, Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti Azərbaycanın bir cox ərazilərində öz ilkin formalarını qoruyaraq dövrümüzə qədər gəlib çatıb. Buna misal olaraq, Kəlbəcər rayonunda Xudavəng memarlıq kompleksi XIII əsr, Talış kəndində Urek məbədi 1279-cu il, Vəng kəndində Gəncəsər məbədi XIV əsr, Qozlu kəndində Xudavəng məbədi 1204-cu il, Lacın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi IX əsr, Xocavənd rayonunun Sos kəndindəki Amaras monastırı IV əsr, Ağdərə ərazisindəki müqəddəs Yelisey Məbədi, Ağdam rayonunun Maqadiz kəndində Yegiş Arakel məbədi (XII əsr), Xocalı rayonunda Xansıx (1122), Xaçmaç (1100), Armudlu (1202) məbədləri, Xocavəng rayonu Tuğ kəndində Qırmızı məbəd (1000), Qərbi Azərbaycan ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Dədəvəng məbədi, Ağtala məbədi, Ərcivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının dövrümüzə qədər gəlib çatmış ən gözəl nümunələridir.

F.İsmayılov qeyd edib ki, Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcədə süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər məskunlaşdıqları ərazilərdəki tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.

Təsadüfi deyildir ki, əsrlərlə dinc yanaşı yaşayan alban və türk tayfalarının öz bədii yaradıcılıqlarında da qarşılıqlı şəkildə bir-birinin mədəni irsindən bəhrələnmələri hələ o dövrdən Azərbaycanda multikulturalizmin mövcudluğundan xəbər verir. Odur ki, elmi ədəbiyyatlarda hərdən Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin alban–türk memarlıq abidələri kimi də qeyd olunması təsadüf sayılmamalıdır. Çünki bu abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur. Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə, görkəmli Qafqazşünas tarixçi alim Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.

Qeyd etdiyimiz kimi, qədim Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Lakin Şərq memarlığına məxsus tikintilər sırasında Alban memarlığı özünəməxsusluğu ilə digərlərindən kəskin şəkildə fərqlənirdi. Alban xristianlığının ilk dövrü üçün xarakterik olan kilsə tikintiləri idi. Bu kilsələr, uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu növ məbədlərin üstü ikiqatlı sadə daşlarla örtülürdü. Bu tipli tikintilər adətən inzibati yaşayış mərkəzlərində əhalinin ibadət etmələri üçün inşa edilirdi.

Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və bu memarlıq üslubu yalnız albanlara aiddir. Bunu bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığaqədərki dövr Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır.

Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, bu məbədlər Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cismlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir.

Beləliklə, ermənilərin Cənubi Qafqazda Alban mədəniyyətini erməniləşdirməklə özlərinə erməni tarixi və mədəniyyəti yaratmaq cəhdləri bu cür faktlar qarşısında çox gülünc görünür.

Alban dövrü memarlığının ən kütləvi formalarından birinin sovmələr olduğunu deyən F.İsmayılov diqqətə çatdırıb ki, sovmələr karvan yolları kənarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində momerial tikililərdir. Bu ərazilərdə həm mehrabsız, həm də mehrablı sovmələrə təsadüf olunur. Bu sovmələrin divarları bir qayda olaraq zəif naxışlara malik nişan daşları ilə bəzədilir. Karvan yolları üzərində sovmələrin tikilməsində əsas məqsədlərdən biri də insanların səfər zamanı əziyyətli yolçuluqdan sonra dincəlib istirahət etmələrinə, soyuqdan və yağışdan qorunmalarına, axşama düşdükdə gecələmələrinə şərait yaratmaq idi. Bu tipli tikintilər yalnız ibadət üçün nəzərdə tutulmadığından, onların memarlıq quruluşlarında da müxtəliflik var idi.

Alban dövrünün ən mürəkkəb tikililəri isə bir qayda olaraq bazillikalar və monastırlar hesab olunurlar. Monastr və bazillikalar, kilsə və sovmələrdən fərqli olaraq iki, üç və hətta dördnefli əzəmətli tikinti quruluşuna malik olurlar. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulurdu. Bu abidələrin də tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir. Hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tipli abidələrin hamısını erməni kilsələri kimi təqdim edirlər. Alban dövrünün bütün növdən olan tikililərini “erməni kilsəsi” adlandıran ermənilər, Dağlıq Qarabağda bunların sayının 500 olduğunu iddia edirlər. Halbuki Sovet Ermənistanının bütün ərazilərində cəmi 2 erməni kilsəsi mövcud idi.

Cənubi Qafqazda tarixi kökə və mədəniyyətə malik olmayan ermənilər süni şəkildə belə iyrənc yollarla özlərinə tarix yaradıb dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əzəli və əbədi sakinləridirlər.

Məhz bu səbəbdən də ermənilər məqsədli şəkildə işğal altında saxladıqları ərazilərdə Alban abidələrini mənimsəyərək, Alban memarlığının milli mənsubiyyətini dəyişdirirlər. Bu da öz növbəsində tarixin saxtalaşdırılmasına gətirib çıxarır. Bu barədə gürcü tarixçisi A.Cavcavadze “Ermənilər və qan ağlayan daşlar” əsərində dolğun şəkildə əks etdirmişdi. O yazırdı: “... Ermənilər aborigen albanları süni şəkildə Qriqoryanlaşdıraraq vaxtı ilə sığındıqları Azərbaycan torpaqlarını “Hay ölkəsi” adlandırırlar. Cənubi Qafqazda erməni dövlətinin olmamasını inkar edənlər sırasında nə qədər qəribə də olsa, ermənilər də var”. Bu barədə erməni tarixçisi Gevorq Aslan 1914-cü ildə “Ermənistan və ermənilər” əsərində yazırdı: “Ermənilərin dövlətləri olmayıb. Onlarda vətən hissi, vətənə bağlılıq siyasəti yoxdur. Erməni təəssübkeşliyi yalnız yaşadıqları yerlərlə bağlıdır”.

Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər bir qisminin vandalizmə uğradılması ciddi təşviş doğurur. Bu abidələrin böyük bir qismi tamamilə sökülüb tanınmaz hala salınıb və ya təhqir edilib. Ermənistanın bu hüquqa zidd əməlləri nəticəsində işğal altındakı Azərbaycan ərazilərində qalan İslam dini abidələri, bağ-parklar və memarlıq ansamblları ermənilər tərəfindən dağıdılaraq artıq çoxdan tarixə çevrilib. Hesab edirik ki, ermənilərin bu hüquqazidd əməlləri beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır.

F.İsmayılov sonda diqqətə çatdırıb ki, təkcə hüquqazidd əməlin törədilməsinə qədər mövcud olan vəziyyətin bərpa edilməsi tam ödəmə üçün kifayət deyil. Belə ki, bu cür əməllər tək maddi zərərin vurulması ilə məhdudlaşmır, onlar, eyni zamanda, əlavə mənəvi zərərin vurulması ilə müşayiət olunur. Odur ki, BMT Baş Assambleyasının 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” qətnaməsinə əlavənin 31-ci maddəsinə əsasən məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllərə görə vurduğu zərəri ödəməlidir və bu zərər hüquqazidd əməllər nəticəsində vurulmuş istənilən maddi və mənəvi ziyanı özündə əks etdirir. Bundan başqa, həmin “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 34-cü maddəsinə əsasən beynəlxalq hüquqazidd əməllər nəticəsində meydana gəlmiş hüquq pozuntularının nəticələrini bütövlükdə aradan qaldırmaq üçün ödəmə ya ayrı-ayrı formaların və ya bütün formaların tətbiq edilməsi ilə tələb oluna bilər. Bu pozulmuş beynəlxalq öhdəliyin xarakterindən, həmçinin vurulmuş zərərin növündən və miqdarından asılıdır. Ödəmə formasının seçilməsi, eyni zamanda, zərərçəkmiş tərəfin əsaslandırılmış istəyindən asılıdır.

1 ... 128 129 130 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.013682

 

Site by Webcoder