Dünyanın siyasi maraqları, soqırımlar, həqiqətlər
Dünyanın siyasi maraqları, soqırımlar, həqiqətlər
 13.02.15.
Bu gün ermənilər qondarma soyqırımlarının 100 illiyini qeyd etməyə hazırlaşırlar. Hətta yoxsulluq içində itib -batan Ermənistan hakimiyyəti qondarma soyqırımın 100 illiyinə 15 milyon dollar pul sərf edəcək. Əslində ermənilər bu aksiyasını, qondarma soyqırım təbliğatını yalnız indi yox hər zaman aparıblar. Ya zəlzələdən ya vəlvələdən ermənilər belə saxta təbliğatları ilə dünyada çoxlarını inandıra biliblər. Bəs, bu gün biz saxta təbliğatın qarşısını almaq üçün nə etməliyik? Ümumiyyətlə, bu sahədə bu vaxta qədər görülən işləri qənaətbəxş hesab etmək olarmı? Əgər dünya ictimaiyyətinə səslənərək qeyd edəsək ki, ermənilər düz danışmır, tarixi saxtalaşdırıblar, 1915-ci ildə ermənilər deyil türklər soyqırıma məruz qalıb. Bununla, yəni belə şablon cavablarla heç nəyi dəyişə bilməyəcəyik. Müşahidələr göstərir ki, belə mexanizmlər effektli olmur. Bir müddət öncə Anadolu agentliyinin verdiyi məlumata görə, Türkiyə parlamentinin spikeri Cəmil Çiçək qondarma erməni soyqırımından danışaraq qeyd edib ki, 1915-ci ildə Turkiyə ərazisində baş vermiş və “erməni soyqırımı” adlandırılmış bu hadisə bəşər tarixində ən böyük iftiradır. Türkiyəli deputatın fikrilə biz də hər zaman razılaşırıq. Bu iftiradır, saxta təbliğatdır. Ancaq məsələ bununla bitmir, cənablar. Uzun illər aparılan qondarma erməni soyqırımı təbliğatının saxta olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bəlkə daha innovativ layihələr üzərində düşünməyə dəyər. Türkiyə qondarma erməni soyqırımı məsələsinə aydınlıq gətirmək üçün arxivlərini açdığını bəyan edib. Bu addım çox yaxşıdır. Ancaq tək arxiv açmaqla məsələ bitmir. İstər 1915-ci ildə baş verən olaylar, istərsə 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım hadisələri ilə bağlı ictimaiyyətin daha geniş məlumatlanmasına ehtiyac var. Bəzi növbətçi, kampaniyaçı tarixçilərin faktları hər il təkrarlaması ilə ciddi nəyə isə nail olmaq çətin məsələdir. Görünür, burada faktları sadalamaqla bərabər ciddi təhlillərə, elmi tədqiqatlara ehtiyac var. Həmin dövrün hadisələrini, tarixi məqamları analitik təhlil edərək çox peşəkar nəşrlərə zərurət var. Yaxşı olardı bu kitablar dünyada çox nüfuzlu nəşriyyatlarda, ən azından bir əcnəbi tərcüməçinin iştirakı ilə xarici dillərə tərcümə olunaraq çap olunsun. Çünki hər hansı əcnəbi müəllifin və ya tərcüməçinin iştirakı ilə çap olunan kitabların Avropa məkanında oxucu tamaq şansı xeyli genişdi. Burada həqiqətlərin ortalığa çıxarılmasında filmlər də köməyə gələ bilər. Çünki yəhudilər II dünya savaşında öz başlarına gələn müsibətlərini çox peşəkar səviyyədə kino-filmlər vasitəsilə dünyaya təqdim etməyi bacarıblar. Təəssüf ki, bu təcrübədən biz yetərincə yararlana bilməmişik. Film istehsalı başqa bir söhbətin mövzusu olsa belə bu sahədə vəziyyət ürəkaçan deyil. Yalnız Vahid Mustafayevin çəkdiyi “Xoca” filmində təbliğatı məqamlar öz əksin tapır. “Xoca” filmində həqiqətən beynəlxalq kodlar var. Məhz buna görə, xeyli sayda ölkələrdə Qarabağ həqiqətlərini, erməni kimliyini açıb göstərə bilib. Bu mənim şəxsi fikrimdir. Ola bilər kimlərsə razılaşmasın. Azərbaycanda müharibə mövzusunda çəkilən, ermənilərin təcavüz faktından bəhs edən digər filmlərlə təəssüf ki, beynəlxalq auditoriyaya çıxmaq qəliz məsələdir. Nəhayət münaqişənin mahiyyətini, regionda gedən prosesləri, ümumilikdə, soyqırım cinayətlərini tədqiq edib döğru dürüst informasiyaları öbyektiv olaraq dünyaya çatdıracaq beyin mərkəzlərinə ehtiyac var. Həmin beyin mərkəzləri kampaniyaçılıqdan, şüarçılıqdan uzaq olaraq innovativ baxış, analitik, obyektiv təhlil ortaya qoymalıdır. Bu qurumların hazırlayacağı hesabatlar yalnız Azərbaycan auditoriyasına hesablanmamalıdır. Burada hədəf beynəlxalq ictimaiyyətlə bərabər əgər sağlam düşünməyi bacaran erməni qalıbsa onlara da bu hesabatlar istiqamətlənməlidir. Müasir dünya düzənində terroru, separatizmi əsas strateji xətt kimi müəyyən edən bir xalqın gələcəyinin olmadığı, bunun bir xəstəlik olduğu erməniyə anladılmalıdır. Sonda onu da qeyd etmək yerinə düşər ki, qondarma erməni soyqımı məsələsi bəzi dövlətlər üçün Türkiyəyə qarşı təzyiq mexanizmidir. Onlar yeri, məqamı gəldikcə erməni kartında istifadə edirlər. Əslində bu mexanizm erməninin xüsusi bacarığına görə deyil, bəzi dövlətlərə sərf etdiyinə görə, ortaya atılır və məharətlə istifadə olunur. Əkrəm Bəydəmirli
|