Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 22 Noyabr 2019, Cümə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

  X.Natəvanın M.Füzuliyə bir nəzirəsi
  X.Natəvanın M.Füzuliyə bir nəzirəsi
15.01.15.

 

Bildiyimiz kimi, XVI yüzilin ortalarından başlayaraq dahi şairimiz Məhəmməd Füzulinin ayrı-ayrı qəzəl və başqa əsərlərinə bir çox sənətkarlar tərəfindən nəzirələr yazılmağa başlanmışdır. Ölümündən sonra gündən-günə şöhrəti artan Füzuli əsərlərinin əlyazmaları yayıldıqca, çöx görkəmli şairlər bu əsərlərin təsiri altına düşür, onların cazibə dairəsindən çıxa bilmirdilər. Füzuli divanları əllərindən düşməyən şairlər nə qədər güclü və orijinal şeirlər, qəzəllər yazmağa çalışsalar da, istər-istəməz Füzulinin bədii obraz və poetik fiqurlarından yararlanır, bu ilahi məhəbbət və bəşəri kədər poeziyasınının “tilsimindən” qurtara bilmirdilər.

M.F.Axundzadənin ilk dəfə haqsız və çox kəskin tənqidinə (1,180-181) baxmayaraq, bütün XIX əsr, hətta XX yüzilin başlarında da ədəbiyyatımız Füzuli təsirindən çıxa bilməmiş, C.Cabbarlının dediyi kimi, altında qalıb əzildiyi Füzuli dühasının başına fırlanmaqda davam etmişdir (2,237-238). Yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif əsrlərdə yaşayıb-yaratmiş bu şairlərin bəziləri həqiqətən çox istedadlı və dövrünün çox tanınmış ziyalı şəxsiyyətləri olmuşlar. Sadəcə olaraq, nəhəng və əzəmətli Füzuli dühası onlara yeni bir cığır açmağa, yaxud başqa bir yolla getməyə imkan verməmiş, onları məhəbbət və kədərdən yoğrulmuş ölməz poeziyası ilə qidalandırmış, öz ardınca getməyə məcbur etmişdir. Beş yüzillik Füzuli tilsimi və Füzuli təsirilə yazıb-yaradan şairlərdən bəziləri bu tilsimdən az-çox yaxa qurtarmaq üçün Füzuli qəzəllərinə yazdıqları nəzirələrdə mümkün qədər dahi şairin işlətdiyi qafiyə və vəzn, eləcə də təşbih və məcaz sistemində bəzi dəyişikliklər etməklə sanki öz düha və orijinallıqlarını göstərməyə çalışırdılar. Bununla da bütünlüklə Füzuli cazibəsində dolanan çoxlu sayda başqa şairlərdən fərqlənir, dövrünün alim və təzkirəçilərinin diqqətini çəkir, özünə məxsus şair kimi tarixin yaddaşında qalırdılar.

XIX yüzildə-Azərbaycanın keşməkeşli bir dövründə yaşayıb- yaratmış xanım-xatun şairəmiz X.Natəvan məhz bu kimi özünəməxsus və orijinal sənətkarlıq özəllikləriylə diqqətimizi çəkir. Füzuli qəzəllərinə yazdığı bir çox nəzirə qəzəllərlə yanaşı, Natəvan Füzuli divanında olmayan rədif və qafiyələrlə süslənmiş orijinal qəzəllər də yazmış, özünəməxsus bir cığır açmışdır. Ədəbi aləmdə “Xan qızı” kimi tanınan Xurşidbanunun “Qərənfil”, “Bənövşə”, “Gülün”, “Ey dust”, “Pərvanə”, “Ağlaram”, “Gətirir”, “Çəkmiş məgər”, “Getmə”, “Sənsiz”, “Əfsus”, “Ölürəm”, “Xudahafiz”, “Neçin gəlməz”, “Ağlar”, “Bülbül” və b. orijinal qəzəl və şeirləri çox geniş yayılmış, dillər əzbəri olmuşdur. Təsadüf deyil ki, bu şeirlərin çoxu hələ onun öz sağlığında dövrünün bir çox şairləri tərəfindən tənzir edilmiş, bir-birindən maraqlı nəzirə və bənzətmələr meydana çıxmışdır. Natəvanın nurlu və xeyirxah şəxsiyyəti nəinki Qarabağ, hətta Şirvan, Şəki, Qazax, Gəncə şairlərinin ilham mənbəyi olmuş, Q.Zakir, M.F.Axundov, S.Ə.Şirvani kimi tanınmış şair və ədiblər ona böyük hörmətlə yanaşmış, “Qafqasyanın yeganə bir şairəsinə” (3,117) mənzum məktub, mədh və qəzəllərinə nəzirələr yazmışlar.

Natəvanın xeyriyyəçilik və mesenatlığı haqqında dolaşan söz-söhbətlər bəllidir. Təkcə Şuşa qalası kimi əlçatmaz bir yerə yüz minlərlə pul xərcləyib təmiz bulaq suyu çəkdirdiyini desək, bəs edər. “..Xurşidbikə cənablarının asari-cəmilələrindən birisi də Şuşa qalasına ətraf bulaqlardan külli xərclər töküb su çıxartmaq olubdur” (4,153). Bu, əfsanəvi Fərhadın sevdiyi Şirin üçün Bisütun dağını yarıb süd arxı çəkdirməsinə bənzəyir. Bundan başqa, Araz çayını Mil düzünə gətirib çıxarmaq və suvarmada istifadə etmək də Xan qızını düşündürmüş, hətta çoxlu pul sərf edərək suyu o zamankı Ağcabədi kəndinə qədər gətirmişdi. Ancaq sonradan ailəsi içərisində baş verən ixtilafa görə bu işi başa çatdıra bilməmişdir (3,50). Gəlin, görək hələ 1904-cü ildə Orenburqda nəşr edilmiş “Məşhur xatunlar” adlı kitabında “Şura” məcmuəsinin müdiri Rzaəddin bu barədə nə yazırdı:”Natəvan Qafqasiyada, Qarabağda son hakim olan Mehdiqulu xan bin İbrahim xanın qızıdır...Zirək, aqilə olub türki, farsi, həm ərəbi bilir, əksər ömrünü mütaliə ilə keçirirdi. Həm təbiəti-şeiriyyəsi vardı. Ağızlarda bir xeyli əsəri qalmışdır. Füqarəyə mərhəmətli olub ümumun faydası üçün mal sərf etməkdən ləzzətlənirdi. Üç yüz min rus axçası sərf edərək Şuşa (Qarabağ) şəhrinə çeşmə qayırtdırıb daimi su gətirtmişdir. İslam knyaginyalarına ibrət!” (3,57). 

X.Natəvanın o zamankı Qarabağ və ümumən Qafqazın bütün şair və ədibləri arasında nüfuz və hörmətini göstərən başqa bir faktı da qeyd etmək yerinə düşər. XIX yüzilin II yarısında Azərbaycanda mövcud olan ədəbi məclislər arasındakı şeirləşmələrdə əsasən Natəvanın münsifliyi keçər, onun rəyi hamı tərəfindən sözsüz qəbul olunarmış. “Qafqasiya şairləri arasında böylə yazışma həddən artıqdır. Füzulinin

   Təriqi-fəqr tutsam, təb` tabe, nəfs ram olmaz,

  Qina qılsam tələb, əsbabi-cəmiyyət təmam olmaz.

   Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar,

   Sanasan pər açıb, gülşəndə bir mişkin qürab oynar.-

mətləli qəzəllərinə müsabiqə ilə yüzlərcə nəzirə yazılmışdır. Bu nəzirələrdən yalnız Qarabağ və Şirvan şairləri tərəfindən yazılan nəzirələrin iyirmisi Natəvanın nəzəri-təsvibinə təqdim olunmuşdur” (3,116). Elə həmin müəllifin başqa bir yerdə yazdığı kimi, bu nəzirələr toplanaraq Natəvanın hüzuruna göndərilər, qəzəllərdən hansının daha sənətkaranə yazıldığı ondan soruşularmış. Onun fikri və rəyi hamılıqla qəbul edilərmiş. “...Çünki Natəvan ərəbcə bədayeyi-ədəbiyyəni mükəmməl surətdə təhsil və təhlil etmiş bir şairə idi. Deyilənə görə, ədəbi məlumatı şeirindən qat-qat qüvvətli idi” (3,47).

Bizim fikrimizcə, elə buna görə də Natəvan dövrünün bir çox şairlərindən fərqli olaraq, Füzuli qəzəllərinə yazdığı nəzirələrdə bacardıqca sərbəst və müstəqil hərəkət etmiş, başdan-başa Füzuli təsirinə düşməmiş, Füzulinin poetik obraz və bənzətmələrinin tam əsiri olmamışdır. “Estetik məzmunla yüksək sənətkarlığın vəhdət təşkil etdiyi Natəvan yaradıcılığında” bəşəri duyğular, dərin humanizm, insanpərvərlik ideyaları, qadın lətafət və zərifliyi özünəməxsus bədii incəliklə ifadə olunur (5,541). Orijinal bənzətmələr, canlı xitab-müraciətlər, bədii suallar və təkrirlər, eləcə də daxili qafiyələrlə gözəlləşdirilən Natəvan şeirləri asan oxunur, dərin təsir buraxır və yadda qalır.

Məsələn, folklor və klassik irsdən ustalıqla bəhrələnmənin tipik örnəkləri olan “Neçin gəlməz” rədifli və “Bilən bu dərdimi yoxdur...” sözləriylə başlayan qəzəlləri bu baxımdan diqqəti çəkir. Özünəməxsus bədii sual, xitab və nidaların işləndiyi bu qəzəllərdə lirik qəhrəmanın hiss və duyğuları canlı, təbii və səmimi bir şəkildə təsvir edilir, onun fərdi yaşantıları oxucunu uzun müddət öz təsirində saxlayır.

  Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?

  Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?

 

  Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,

  Fələk incir fəğanımdan, neçin gəlməz, neçin gəlməz?

İlk andaca Füzulinin eyni vəznli məşhur “Məni candan usandırdı...” qəzəlini xatırladan bu incə və təsirli qəzəl çoxdan Natəvanın öz möhürü ilə möhürlənmiş, musiqi məclis və yığıncaqlarının bəzəyi, xanəndələrin dilinin əzbəri olmuşdur.

  Bilən bu dərdimi yoxdur bu halətdə, bu halətdə,

  Tutubdur könlümü möhnət bu firqətdə, bu firqətdə.

 

  Gedibdir taqətim dizdən, tükənmiş nur həm gözdən,

  Neçin ülfət kəsib bizdən bu qürbətdə, bu qürbətdə?

Doğrudan da ən zərif və incə duyğuları, nazik mətləbləri qüvvətli lirika və poetik coşqu ilə dilə gətirən bu misilsiz şeirləri ümumən XIX əsr Azərbaycan lirikasının ən dəyərli örnəklərindən saymaq olar. Bu qəzəlləri diqqətlə oxuyan oxucu təsdiq edər ki, həqiqətən, “ifadə yığcamlığı, fikir əlvanlığı və məna dərinliyi Natəvan sənətkarlığının başlıca səciyyəsini təyin edir” (6,143).  

X.Natəvanın oğlu Mir Abbasın ölümü və başqa bir oğlu Mehdiqulu xanın uzaqlarda yaşamaq məcburiyyətində qalması ilə bağlı yazdığı yanıqlı mərsiyə və qəzəllər də olduqca təsirli və emosionaldır. Bu qəzəllər şairəni yaxından və uzaqdan tanıyan çağdaş şairlərə o qədər güclü təsir etmişdir ki, onlar da bu şeirlərə uyğun cavab-nəzirələr yazmışlar. Saf qəlbli şairə-ananın səmimi və incə duyğularını əks etdirən bu şeirlərə Qarabağ şairlərindən M.R.Fəna, M.S.Piran, M.M.Nəvvab, Katib və başqaları, Şamaxıdan S.Ə.Şirvani, Bixud, Bakıdan Vəhdəti, Dilxun, Müniri, Qubadan Xəyali, Nuxadan Nakam həmin şerlərə nəzirə yazaraq müəllifinə təsəlli və təskinlik vermişlər.  Bu şerlərin forma və məzmun özəlliklərindən, özünəməxsus lirik-romantik ovqatından  danışan prof. Z.Əsgərli yazır: “Natəvanın yaradıcılığı ilə XIX əsr Azərbaycan şeirinin lirik qəhrəmanı bədii struktur baxımından daha da zənginləşir; bu tərkibə əvvəlki aşiq və məşuqə surətlərindən fərqlənən tamam yeni bir insan-dərdli, kədərli ana surəti daxil olur...Romantik hiss və duyğularla yaşayan, səmimi və odlu məhəbbətlə sevən, lakin əli məşuqəsinə çatmayan aşiq kimi ana surəti də kədərli və dərdlidir...Aşiqi sevgilisinin, ananı isə dünyadan cavan köçmüş övladının ayrılığı yandırır. Onun sinəsinə çalın-çarpaz bir oğul dağı çəkilmişdir ki, yarası gecə-gündüz göynəyib sızıldayaraq ana qəlbinin fəryadına çevrilir...Bu şeirlərin hər misrasında müsibət içində olan ananın nakam qəlbi çırpınır” (5,536).

Natəvan ədəbi şəxsiyyətinin başqa bir tərəfi haqqında da danışmalıyıq. Bu, onun Azərbaycanda ilk dəfə “Məclisi-üns” adlı ədəbi məclis yaratması, bir çox Qarabağ şairlərini ətrafına yığaraq bədii yaradıcılığa ruhlandırması, bununla da başqa bölgələrdə yaşayıb-yaradan şairlərə örnək və istiqamət verməsi, ədəbi həyatı canlandırmasıdır. Ə.Müznib yuxarıda haqqında danışdığımız kitabında bu barədə yazır: “Natəvanın gərək şairliyi və gərəksə ədəbiyyat sahəsində ciddiyyətlə çalışması küncdə-bucaqda qalan Qarabağ şairlərinin və əsərlərinin meydan çıxmasına səbəb olmuşdur. Vaqif dövrü kibi Natəvan dövrü də erməni Nersesovlar əlində qalmamaq üçün ədəbiyyat sarayına topladığı şairlərdə ədəbi zövq yaratdığı kibi, müəlliflik ruhu da vücuda gətirmişdir”. Maraqlıdır ki, bu misraların müəllifi Müznib ölkəmizdə “Riyazül-aşiqin” və “Təzkireyi-Nəvvab” kimi dəyərli təzkirələrin “aləmi-mətbuata çıxmasını və Qarabağ şairlərindən yüzlərcə qəzəl, qəsidə və sair mənzumələrin qalmasını da Natəvanın dəyərli təşəbbüslərinin münəvvər nəticəsi” hesab edir (3,47).

Biz bu məqaləmizdə əsasən Natəvanın Füzulinin məşhur

  Bağə girdim, səri-kuyin anıb əfğan etdim,

  Gül görüb yadın ilə çaki-giriban etdim (7,247).

beytiylə başlayan qəzəlinə yazdığı bir nəzirə qəzəl haqqında danışmaq istəyirik. Öncə onu deməliyik ki, Füzulinin bu qəzəli yaradıcılığında özəl yer tutan azsaylı vahid süjetli qəzəllərdən biri kimi diqqəti çəkir. Çünku burada bütün qəzəl boyu bir gül bağçasından danışılır. Daha doğrusu, güllü-çiçəkli bir bağa girən, çeşidli gülləri görüb seyr edən aşiqin şadlanmaq əvəzinə, daha da kədərlənməsi, öz sevgilisini anaraq əzab çəkməsi, dərdə-qəmə qərq olması təsvir edilmişdir. Axı niyə?- Ona görə ki, bu gözəl bağ sevgili küçəsini, məhəlləsini xatırladır, bağda ilk öncə gördüyü qızılgül sevgilisinin özünü-üzünü yada salır. Bağçanı görüb məşuqəsinin məhəlləsini xatırlayan aşiq ağlayıb-sızlayır, elə həmin qızılgül kimi də yaxasını dartıb cırır, baş-gözünü yolub tökür.

  Baxuban nərgisə əyyar gözün qıldım yad,

  Nərgisi naləvü əfganıma heyran etdim.

İkinci beytdə aşiqin gözü nərgizə sataşır, o anda da öz istəklisinin fitnəkar gözləri yadına düşür və bu gözlərin ayrılığına dözməyib nalə çəkir. Bayaqdan yarıməst, sərxoş gözlər, nazlı baxışlarla aşiqi süzən nərgiz bu ah-nalədən diksinib oyanır, yəni xumarlıqdan-məstlikdən silkinib ayılır, gözlərini geniş açıb aşiqə təəccüblə baxır, bu sevgiyə heyran qalır.

  Bağda gəzən aşiq birdən laləni və onun hələ açılmamış qönçəsini görür, dərdi bir az da təzələnir. Bağrı yanıq, sinəsi dağlı lalə və düyməsi şairə öz qəlbindəki, ümumən canındakı çoxlu yaraları, dırnaqlarıyla bu yaraların qaysağını qopartmasını yadına salır və bir daha kövrəlir. Burada Füzuli bir neçə rəng və çalarlarından ustalıqla yararlanmış, yaşıl bağda, göy çəməndə qırmızı lalə, onun sinəsindəki qara xal, ala-ağ-boz və b. rənglərin də bir beytdə işlənməsi ayrıca bir gözəllik yaradır. Qısaca, yaşıl bagdakı qırmızı lalə və qönçəsi deyil, mənim qaysağını qopardığım qanlı yaralarım, dağ yerlərimdir ki, ağ-boz parçaya (tənzif-cuna) büküb yaşıllıqda, göy-yaşıl rəngli geyimdə gizləmişəm.

  Güli-tər üzrə düşən şəbnəmə düşdü nəzərim,

  Gözümü şövqi-cəmalında dürəfşan etdim.

Təzə açılmış gülün üstündəki şeh damcılarını görən aşiqin dərdi yenə təzələnir, öz gözəlinin parlaq üzünün şövqünü, günəş kimi işıq saçmasını xatırlayır, gözləri qamaşır, ayrılq-həsrət yaşları tökür. Təzə gül üstündə bərq vuran şəbnəm-şeh damcıları kimi, o da gözəl üzdən qamaşan gözlərindən dürrlər-inci kimi yaşlar axıdır.

  Bərgi-gül sanma ki, xunabə tökən dəmdə gözüm,

  Neçə yaprağə cigər qanı silib qan etdim.

Bağda gördüyü gül yarpaqlarına adi gözlə baxa bilmir, sadəcə yarpaq kimi görmür. Gözlərindən qanlı yaş tökərkən neçə-neçə yarpağa silib qana boyadığını anır, bütün gül yarpaqıarının öz ciyər qanından boyanmış-rəng almış olmasını düşünür, təsəvvür edir. Doğrudan da gözlərindən qan gələn adam hara baxsa, oranı qırmızı- qan rəngində görər.

  Görücək sünbülü, andım şikəni-kakülini,

  Sünbülü giryəvü ahımla pərişan etdim.

Sünbülü görcək məşuqənin qıvrım saçlarını yada salır, burum-burum sünbülü qıvrım saçların həsrətindən çəkdiyi ah-naləsiylə pərişan edir. Hamar, ütülü və nizamlı sünbül buğumları aşiqin ah-naləsindən pozulub-dağılır, elə pərişan saçlara bənzər olur. Sünbül-saç-ah. Hər üçü aşağıdan yuxarıya qıvrıla-burula qalxır, böyüyür, inkişaf edir. Sünbüllə saç- maddi, real nəsnələr, ah isə- yaralı aşiqin ciyərlərindən çıxıb gələn odlu inilti-sızıltılar, mücərrəd-mənəvi əlamətlər.

  Ey Füzuli, rəvişi-əql məlul etdi məni,

  Səhv qıldım ki, cünun dərdinə dərman etdim.

Sonda gül-çiçəkli bağçadan üz çevirib özünə müraciət edən şair yekun qənaətlərini bildirir; bütün qəzəl boyu bağ gəzintisinə çıxdığına görə peşman olan, özünü qınayan aşiq sonda daha böyük bir peşmançılığını dilə gətirir. Bu, ağılın diqtəsinə qulaq asıb cünunluq dərdinə, yəni aşiqlik mərəzinə dərman etdirməsidir. O, bu səhvindən bərk peşmançılıq hissi keçirir.

İlk baxışda görünməsə də, son-məqtə beytlə bütün başqa beytlər arasında məntiqi bir ardıcıllıq, səbəb-nəticə əlaqəsi vardır. Bağda hara baxsa, nəyi görsə məşuqunu andıran, onu yada salan aşiq gəzməyə çıxdığına görə təəssüf edir, özünü danlayır. Son beytdə isə özünün ümumi, daha böyük bir səhvini xatırlayıb, peşmançılıq keçirir... Doğrudan da, ağıllı adamlar bağ gəzintisinə çıxar, fəsil dəyişməsini duyar-görər, yazın gəlişinə sevinər. Dəlinin-məcnunun bağda nə işi var, onun yeri dağlar, səhralar, təbiət qoynudur. Bax, Füzuli özünü buna görə qınayır, dağda-səhrada olmadığından yanıb-yaxılır.

X.Natəvan Füzulinin bax bu cür tam süjetli, bitkin məzmunlu bir qəzəlinə nəzirə yazmağa cəsarət etmiş, Füzuli sənətinə heyranlığını bir daha bildirmək istəmişdir. Təbiidir ki, o, fərqli yolla getmiş, vahid süjet-məzmun xəttini bir kənara qoymuş, sadəcə lirik aşiqanə duyğularını qələmə almaqla kifayətlənmişdir. Ancaq insafla deməliyik ki, Füzuli eşqinə layiq eşqlə, Füzuli sənətinə uyğun bir sənət və istedad möcüzəsi göstərmişdir.

Öncə deyim ki, mən bu qəzəli, Natəvanın başqa qəzəlləri kimi, çox qabaqlar oxusam da, diqqətə almamış, yaxından nəzər yetirməmişdim. Yalnız sonralar, rəhmətlik ustad müğənnimiz Yaqub Məmmədovun şirin və yanıqlı ifasında dinləyəndən sonra bu qəzələ bir də diqqət yetirdim, tapıb yenidən oxudum. Və bu qənaətə gəldim ki, burada məhz Füzuli sevgisi, Füzuli yanğısı olduğu üçün bu qədər lirik-emosional, bu qədər incə və təsirli bir qəzəl alınmışdır.

  Dilbərə dərdi-dilimdən belə ünvan etdim,

  Ki, qəmi-hicrdə dil mülkünü viran etdim.

misraları ilə başlayan qəzəl ən incə duyğuları, ən səmimi hissləri dilə gətirir, bir anda oxucunu saf, fədakar aşiqin nakam eşq həyəcanlarına kökləyir. Eynən Füzuli sevgisi və Füzuli kədərinə bənzədiyi, onun birbaşa təsiri altında yazıldığı üçün sonrakı beytdə deyilir:

  Mümkün olmaz mənə vəslin, bilirəm, həşrə kimi,

  Ol səbəb məskənimi kuhü biyaban etdim.

Natəvanın fədakar və nakam məhəbbəti tərənnüm edən başqa qəzəlləri olsa da, məhz haqqında danışdığımız qəzəlin daha çox Füzuli kədəri və sevgisiylə yoğrulduğunu deyə bilərik. Füzuli ən fədakar eşq fədaisi Məcnunla özünü tez-tez müqayisə edir və, təbiidir ki, özünü ondan üstün sayır. Natəvanın yuxarıda verdiyimiz beytində də vüsala heç bir ümidi qalmayan vəfalı aşiqin Məcnun kimi dağ və səhralarda məskən tutmasından danışılır.

O biri beytdə isə Füzuli qəzəllərində tez-tez qarşılaşdığımız “eşq sultanı” görünür, onun aşiqin qətlinə fərman gətirməsindən söz açılır:

  Eşq sultanı mənim qətlimə fərman gətirib,

  Etmədim tərki-vəfa, taəti-fərman etdim.

Bu fikrin məntiqi davamı olaraq sonrakı beytdə yenə vəfalı aşiqin tərəddüd etmədən özünü qurban verdiyi, başını sevgilinin ayaqları altında qoyduğu bildirilir.

  Bundan sonrakı beytdə hər şeyindən keçmiş fədakar aşiq gözlənilmədən üzünü təbibə tutur və ona cavabı onsuz da tapılmayacaq belə bir qəliz sual verir:

  Ya təbib adını tərk eylə, təbabət etmə!

   Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?

Bu sətirləri yazarkən misilsiz xanəndəmiz Y.Məmmədovun bu yerdə beytin ümumi ahənginə uyğun bir az zil səslə vurduğu bənzərsiz zəngulə indi də qulaqlarımda cingildəyir, əks-səda verir. Sanki təbibin əlac tapa bilməyəcəyini qabaqcadan duyan aşiq ümidsiz halda bu dəfə Allaha üz tutur, bu dünyada dərd bilib, dərman edən bir kimsənin olmadığına inanmaq istəmədiyini vurğulayır. Belə haqsızlığa, ədalətsizliyə inanmasa da, öz qanı ilə eşq dərdinə dərman etdiyini, özünü könüllü qurban verdiyini bir daha dilə gətirir. Yeri gəlmişkən, Y.Məmmədovun, bir az aşağı pərdədə aşiqin tam ümidsizliyini göstərən bu misraları yanıqlı səslə oxu məharətini burada da ayrıca qeyd etməliyik:

  Yoxdu bir kimsə məgər dərdimi bilsin, ya Rəbb?!

  Ki, mən öz qanım ilə dərdimə dərman etdim.

Maraqlıdır ki, bundan sonrakı beytdə əli hər yerdən üzülən aşiq bir də öz sevgilisinə tərəf çevrilir, ona üz tutur, sanki ondan başqa bir ümid yeri olmadığını gösrərmək üçün öz çıxılmaz vəziyyətini bir də ona açır; göz yaşının dünyanı tutduğunu, əfsanəvi Nuh tufanı kimi dünyanı qərq etdiyini bildirir.

  Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,

  Nuh tufanı kimi gör ki, nə tufan etdim.

 

Onu deyim ki, bu da Füzulidən gəlmə, Füzuli poeziyasından su içmiş misilsiz bir bənzətmə-təşbih örnəyidir. Nakam və fədakar aşiqin göz yaşları haqsızlıq və ədalətsizlikdən törəmiş Nuh tufanı ilə tutuşdurulur, məzlum və kimsəsizlərin göz yaşlarının Nuh tufanından da qorxulu olması xəbərdarlığı edilir.

  Natəvan, etmədi ol səngdilə naləm əsər,

  Gecə-gündüz nə qədər naləvü əfgan etdim.

Göründüyü kimi, son beytdə şair üçüncü şəxs kimi özünə müraciət edir, insafsız və rəhmsiz məşuqundan bir daha  gileylənir; ayrılıq qəmindən könlü viran, məskəni kuhü biyaban olan, eşq sultanının qətl fərmanından belə boyun qaçırmayan, göz yaşlarıyla Nuh tufanı qoparan vəfalı aşiq gecə-gündüz etdiyi nalə və əfganın təsirsiz qaldığını, daşürəkli sevgilisinə heç cür təsir etmədiyini bildirir. Bundan dərin təəssüf hissi keçirən aşiq sanki öz eşqi və taleyilə biryolluq barışmalı olur.

Bir daha qeyd edirik ki, Natəvan yaradıcılığında özəl yer tutan, sanki dərdli şairənin ürək qanıyla yazılmış, Füzuli qələmi və üslubuna layiq bənzətmə və məcazlarla zəngin bu qəzəl ölməz xanəndəmiz Yaqub Məmmədovun gözəl və şaqraq zəngulələriylə süslənərək dinləyicini valeh edir, elə bil ki, adamın əlindən tutub başqa bir sirli dünyaya aparır.

  Zəkulla Bayramlı
AMEA, Nizami ad. Ədəbiyyat İnstitutunun əməkdaşı,
 filologiya üzrə fəlsəfə doktoru

 

 Ə d ə b i y y a t

1. M.F.Axundov, Əsərləri. 3 cilddə, II c. Bakı: Elm, 1988

2. C.Cabbarlı, Əsərləri. IV c. Bakı, 2005

3. Ə.Müznib, Natəvan Xurşidbanu. Bakı: Elm və təhsil, 2012

4. F.Köçərli, Azərbaycan ədəbiyyatı. 2 cilddə, II c. Bakı: Elm, 1981

5. Z.Əsgərli, X.Natəvan//Azərbaycan ədəbiyyatı tarixi//, 6 cilddə,  IV c., Bakı: Elm, 2011

6. B.Məmmədov, Xurşidbanu Natəvan. Bakı: 1983

7. M.Füzuli, Əsərləri. 5 cilddə, I c., Bakı: Elm, 1958 

1 ... 122 123 124 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.01363

 

Site by Webcoder