Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 13 Avqust 2020, Cümə axşamı                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Kəssə hər kim tökülən qan izini
Kəssə hər kim tökülən qan izini
24.10.14.

 

Dünya nizamındakı gərginlikdən doğan hadisələrlə zəngin XX əsrin əvvəlləri həm də türk millətinin sınağa çəkildiyi illər idi. Türk dünyasının nəhəng simalarından olan İsmayıl bəy Qaspıralının “İşdə bir, fikirdə bir, əməldə bir”, Əli Bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” çağırışları öz bəhrəsini tədricən versə də, görüləsi işlər hələ çox idi. Belə bir dövrdə, eləcə də Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonrakı illərdə yazıb-yaratmış Hüseyn Cavid milli şüurumuzun oyanmasında mühüm rol oynayıb. Milli siyasətində Rusiya imperiyasından heç də fərqlənməyən sovet rejiminin tüğyan etdiyi illər ziyalılarımız üçün də bir sınaq olub. Hüseyn Cavidin özünün dediyi kimi, mərdlik, namərdlik, kişilik, nakişilik kimi xüsusiyyətlər o dövrdə məhək daşından keçib.
Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb. Onun mədəniyyətimizin dərin kökləri üzərində qol-budaq atmış yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə 1937-ci ilin müdhiş 4 iyun gecəsində müsadirə olunub.

Mürşidliyə aparan yollar

Hüseyn Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində Molla Abdullanın ailəsində dünyaya göz açıb. Musiqini, muğamatı yaxşı bilən, məlahətli səsi ilə tanınan atasının qəzələ vurğunluğu gələcəyin söz ustadı Hüseynə də keçib.
Mollaxana təhsili Hüseynin ürəyincə olmadığı üçün o, Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində), sonra Təbrizin “Talibiyyə” mədrəsəsində oxuyub.
İstanbulda filosof Rza Tofiqdən evdə təhsil almış (1906) Hüseyn Cavid universitetin ədəbiyyat şöbəsinə daxil olub. Şəhərin ədəbi mühiti, yeni ədəbiyyatın Tofiq Fikrət, Rza Tofiq, Məhməd Akif, Əbdülhaq Hamid, Xalid Ziya Uşaqlıgil, Cənab Şəhabəddin kimi simalarının yaradıcılığı onun estetik görüşlərinin, sənət kredosunun formalaşmasına təsirsiz ötüşməyib. “Bəncə ədəbiyyat başqa, siyasət və təbliğat daha başqadır” deyən şairin “sənət sənət üçündür” nəzəriyyəsini təqib etdiyi vaxtlar da olub.
Tofiq Fikrətin əsərlərindən təsirlənən Hüseyn Cavidin ədəbi coğrafiyası daha genişdir. Şairin diqqətinin irfan düşüncəsinə, təsəvvüf ədəbiyyatının qaynaqlarına, Qərb fəlsəfəsinə yönəlməsində isə Rza Tofiqin təsiri çox olub. O, müəllimindən “şair bütün varlığın ahəng və mənasını sezən ruh olmalıdır” təlimini mənimsəyib.
Məhməd Akifin də, Hüseyn Cavidin də “Kor Neyzən”i var. Lakin Cavidin qəhrəmanı daha mükəmməl xarakter sahibidir. İstanbula Hüseyn Salik Rasizadə kimi getmiş şairin Hüseyn Cavidləşməsi də Məhməd Akifin baş redaktor olduğu “Sıratı-müstəqim”də gerçəkləşib. Həmin nəşrdə şairin “Yadi mazi”, “Son bahar”, “Elmi-bəşər” adlı şeirləri çıxıb.
İstanbuldan yazdığı məktubunda “Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir” fikri Hüseyn Cavidin düşüncələrindən xəbər verir. Bu həqiqət və məhəbbətin mənası isə onun vətənini, millətini azad və xoşbəxt görmək istəyində idi. O fikirləşirdi ki, millətin duruşu və xilası mütləq milli məfkurənin yetişdirilməsindədir.
Hüseyn Cavidin inqilabın deyil, təkamülün tərəfdarı idi. Beləliklə, filosof Rza Tofiqin tələbəsi 1910-cu ildən Naxçıvana Azər Turanın yazdığı kimi, bir mürşid olaraq qayıdıb.

Məhv edən haqlı, məhv olan haqsız ...

Bakıda, Gəncədə, Tiflisdə pedaqoji fəaliyyətini davam etdirən Hüseyn Cavid bədii yaradıcılıqla da məşğul olub. “Maral” faciəsini Gəncədə, “Şeyx Sənan”, “İştə bir divanədən bir xatirə” şeirlərini, “Şeyx Sənan” faciəsinin bəzi parçalarını Tiflisdə yazıb. İlk kitabları olan “Ana” və “Keçmiş günlər” də Tiflisdə çıxıb.
1918-ci ilin mart hadisələrindən sonra Təbrizə gedən şairin Şeyx Məhəmməd Xiyabaninin “Təcəddüd” qəzetində şeiri dərc edilib. Naxçıvana qayıdan Hüseyn Cavid Mişkinaz xanımla evlənib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı “Ədəbiyyat dərsləri” ortaq türk ədəbiyyat tədrisinin, məktəbin yaradılması istiqamətində atılan addımlardandır.
Sovet hakimiyyətinin ilk illərində tale ustad sənətkarı sanki sınağa çəkirdi. Qardaşını, qızını itirir. Xanımı cərrahiyyə əməliyyatı olunur. Yeni yazdığı əsərlərdən birini məhv edir. Ehtiyac ucbatından şəxsi kitabxanasındakı kitabları, dolabındakı paltarları satır... Ədəbi tənqid isə bu dövrü 40 yaşlı Hüseyn Cavidin yaradıcılığında “məfkurəvi tərəddüd və böhran” adlandırıb. Halbuki bu illərdə “Peyğəmbər” və “Topal Teymur” yazılıb.
1937-ci ilin 4 iyun gecəsi və ondan sonrakı hadisələr dahi sənətkarın ideya-məfkurə istiqamətini zərrə qədər də dəyişə bilmir...

“Bənim Tanrım gözəllikdir, sevgidir”

- deyən Hüseyn Cavid dramaturq olmazdan öncə böyük romantik şair, lirik, sevgi və gözəllik aşiqi kimi tanınıb. O, həyata və insanlara ülvi məhəbbətin ən yüksək qatından baxaraq, dünyanı, bəşəriyyəti azad, səadət və rifah içində görmək istəyib:
Hürriyyət? Ah, o bəncə fəqət tatlı bir xəyal...
Dünyada varmı hürr əcaba? İştə bir sual!..
Bəşəriyyətin xilas yolunu qadına məhəbbətdə görən ədibin aşağıdakı kəlmələri isə bu gün də dillər əzbəridir:
Qadın gülərsə, şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək...
Hüseyn Cavidin poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb.
Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkar “Dəniz tamaşası” (1912) şeirində qoca türkün dili ilə millətin döyüş ruhunun qorunmasının vacibliyindən, əks halda millətin əxlaqının iflasa uğrayacağından söz açıb. Dil və din birliyinin qorunub saxlanması problemini “Hərb və fəlakət” şeirində qələmə alaraq “İttihad! İştə ən böyük ideal” yazıb.Sovet hakim ideologiyasının dil siyasətini dərindən duyan Hüseyn Cavid mübarizəni sonadək aparıb, əsərlərinin nəşri ilə bağlı redaksiyaya müraciətində imlasına toxunulmamasını yazıb.Ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran şairin:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü -
kəlmələri bu gün də aktual səslənir. Bu misralar zamanın gərdişini dərindən duyan dahi sənətkarın münaqişə, müharibə və digər qanlı olayların hələ uzun illər düşüncələrə hakim kəsiləcəyini şair qəlbi ilə hiss etdiyinin nişanəsidir.

Vətənə qayıdış

Hüseyn Cavidin ötən əsrin 50-ci illərində bəraət almasına baxmayaraq, ona ehtiyatla yanaşılıb. Onun “Azərbaycan ədəbiyyatının Şekspiri” olduğu etiraf edilsə də, gündəmə ehtiyatla gətirilib, əsərləri səhnəyə az qoyulub. Dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb.
Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə hazırlığın gеtdiyi dövrdə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə onun məzarının Sibirdə tapılıb, nəşinin Azərbaycana gətirilməsi qüdrətli söz ustasına böyük sevgi və ehtiramın təzahürü idi. Ulu Öndərin bu qətiyyətli addımı ilə təkcə dahi sənətkarın ruhu deyil, onu sevən milyonlarla insanın qəlbi rahatlıq tapdı.
Ümummilli Liderin özünün qeyd etdiyi kimi: “...Tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi...”
Bəli, taleyinə ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış Hüseyn Cavidin ölümündən çox-çox sonra tarix öz ədalətli hökmünü verib, böyük sənətkarın xatirəsi ona layiq şəkildə əbədiləşdirilib. Bizim hər birimiz dahi sənətkarın xatirəsinə göstərilən ehtiramdan qürur duyuruq.
Ulu Öndərin Hüseyn Cavidlə bağlı əvəzsiz tarixi xidmətlərini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən böyük sənətkarımızın əsərləri latın qrafikasında çap olunub, anadan olmasının 125 və 130 illik yubileyi dövlət səviyyəsində keçirilib.
Azərbaycan mədəniyyətinin gündən-günə inkişaf etdiyinin, dünyada tanındığının və qəbul olunduğunun şahidi kimi qürurla deyə bilərik ki, Hüseyn Cavidin vaxtilə məfkurə davasını insanların beyninə, milli zehniyyətinə aşılamaq məqsədilə qələmə aldığı
Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! -
arzuları da bu gün gerçəkləşib.
Gözəl Ağayeva
filologiya üzrə fəlsəfə doktoru, (AzərTAc)

1 ... 103 104 105 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.009698

 

Site by Webcoder