az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Nizami Cəfərov: "Türk dünyasının inteqrasiyası qaçılmaz bir prosesdir"
Nizami Cəfərov: "Türk dünyasının inteqrasiyası qaçılmaz bir prosesdir"
23.02.15.

 

  Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov yap.org.az saytına müsahibə verib.  Fact-info.az  həmin mənbəyə istinadən müsahibəni təqdim edir: 

 - Nizami müəllim, məlumdur ki, ölkəmizdə mədəniyyətin inkişafına böyük qayğı göstərilir. İstərdik ki, bu sahədə həyata keçirilən dövlət siyasəti barədə fikirlərinizi bildirəsiniz...

- Biz hamımız yaxşı bilirik və dünyada da hər zaman etiraf olunub ki, Azərbaycan dünyanın ən qədim və zəngin mədəniyyətə malik ölkələrindən biridir. Ola bilər ki, hansı dövrdəsə bizim, belə deyək, müstəqil dövlətçiliyimiz olmayıb və yaxud hansısa dövrdə, xüsusilə də, orta əsrlərdə müxtəlif imperiyaların tərkibində yaşamışıq, ancaq bu halda da bizim milli məzmunlu, eyni zamanda, bəşəri, dünya səviyyəli mədəniyyətimiz inkişaf edib. Bu mənada bir neçə əsərin adını çəkmək kifayətdir. Məsələn, Azərbaycan xalqı “Kitabi-Dədə Qorqud”, “Koroğlu” eposlarını yaradıb, Nizami, Nəsimi, Füzuli kimi, sonrakı dövrlərdə M.P.Vaqif, M.F.Axundzadə, XX əsrdə isə C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, S.Vurğun kimi dahilər yetişdirib. Azərbaycan xalqı məhz belə nəhəng ədəbiyyatın varisidir. Bizim, eyni zamanda, çoxlu tarixi abidələrimiz var. Qız Qalası, Şirvanşahlar Sarayı, Möminə Xatun Türbəsi, Şəki Xan Sarayı və digər abidələrimiz bu sıradadır. Hələ mən daha qədim dövrlərin yadigarı olan Qobustan haqqında söhbət açmaq istəmirəm. Azərbaycan xalqı zəngin musiqi xəzinəsinə də malikdir, həmçinin, kifayət qədər rəngarəng təsviri sənətimiz, rəssamlığımız, dünyada nadir sayılan xalçaçılığımız var. Bu mənada bizim xalqımız həqiqətən dünyanın ən mədəniyyətli xalqlarından biridir. Bizim mədəniyyətimizə həm də mükəmməl, çevik, canlı bir xalq ruhu hakimdir. 

Azərbaycan xalqı Sovet hakimiyyəti illərində də böyük mədəniyyət məhsuldarlığı nümayiş etdirib, dünyanın mədəniyyət xəzinəsini bir sıra yüksək səviyyəli sənət əsərləri, görkəmli yaradıcı simalarla zənginləşdirib. XX əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkəmizdə dövlətin mədəniyyət siyasəti Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirildi. Mədəniyyət, əlbəttə ki, təbii inersiya ilə, fitrətən yaranan bir hadisədir. Ancaq dövlət mədəniyyətin əsaslı, daha harmonik bir şəkildə inkişafı üçün istər-istəməz müəyyən siyasi-ideoloji prinsiplər verir. Müstəqillik dövründə, daha doğrusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra, ilk növbədə, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə kifayət qədər böyük maliyyə ayrıldı və bu siyasət indi də davam etdirilir. Beləliklə, bütövlükdə mədəniyyət öz axarına buraxılmadı. Çünki elə sənət, incəsənət məsələləri var ki, onların arxasında mütləq dövlət dayanmalıdır və dayandı da. Ölkənin nə qədər büdcə imkanları oldu, bir o qədər və hətta bəzən başqa sahələrə ayrıldığından daha çox incəsənətə, mədəniyyətə vəsait ayrıldı və bu, əlbəttə ki, böyük bir özül yaratdı. 

Dövlətin mədəniyyət siyasətində prinsiplərdən biri  ondan ibarətdir ki, ölkəmizdə yaradıcılığın istər-istəməz fərdi olduğu nəzərə alınır. Yəni, məsələn, bir Səməd Vurğun dünyaya gəlir və Azərbaycan poeziyasını bir neçə əsr qabağa aparır. Üzeyir Hacıbəyli musiqimizin inkişafına təkan verir. Səttar Bəhlulzadə böyük bir mədəniyyət yaradır. Ona görə də, fərdi adamların, fərdi yaradıcıların cəmiyyətdə xüsusi mövqeyi olmalıdır. Təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə çalışıb ki, yaradıcı insanları qiymətləndirsin, sənət adamlarına xüsusi mövqe qazandırsın, onlara xüsusi status versin, layiq olanlar dövlət mükafatları alsınlar. Ümummilli liderimizin əsasını qoyduğu bu siyasət hazırda Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilir. 

Mən Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətinin mahiyyətini və əsas prinsiplərini, hədəflərini qısaca olaraq belə qiymətləndirərdim. Əminəm ki, göstərilən davamlı dövlət qayğısı və yaradıcı insanlarımızın yüksək peşəkarlığı sayəsində milli mədəniyyətimiz daha geniş üfüqlər fəth edəcək, dünya mədəniyyətinə bundan sonra da yeni-yeni töhfələr verəcək. 

- Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Mədəniyyət komitəsi bu sessiya ərzində hansı qanun layihələrini müzakirə etməyi nəzərdə tutur?

- Yaz sessiyasında Milli Məclisin Mədəniyyət komitəsi bir sıra məsələləri müzakirə etməyi nəzərdə tutur. Bir neçə gün öncə komitəmizin iclası keçirildi. Qərara gəlindi ki, komitədə hazırlanmış bir sıra qanun layihələri var ki, Milli Məclisin plenar iclasına təqdim edək. Bu sənədlərdən birincisi «Yaradıcı şəxslər və yaradıcılıq ittifaqlarıf haqqında» qanun layihəsidir. Bu qanun layihəsi  birinci oxunuşda qəbul olunub. Sadəcə olaraq, sənəddə bəzi mübahisəli məqamlar var. Düşünürəm ki, ikinci oxunuş üçün hazırlıq prosesində mübahisəli məqamlar öz həllini tapacaq. Artıq layihə üzrə işi başa çatdırmaq üzrəyik. Mübahisəli məqamlar nədir? Birinci oxunuşda belə bir irad tutuldu ki, prinsip etibarilə QHT-lər haqqında qanun var. Yaradıcılıq ittifaqlarının da fəaliyyəti bu qanunla tənzimlənməlidir.

Yaradıcılıq ittifaqları dedikdə, biz Yazıçılar Birliyini, Rəssamlar İttifaqını, Bəstəkarlar İttifaqını və bu kimi təşkilatları nəzərdə tuturuq. Müzakirələr zamanı bəzi millət vəkillərinin qənaəti belə oldu ki, yaradıcılıq təşkilatları heç də hər hansı QHT ilə eyniləşdirilə bilməz. Çünki bu ittifaqların böyük tarixi var və orada birləşən şəxslər xalqımızın mədəniyyətini, incəsənətini yaradırlar. Onlar öz sahələrində böyük əsərlər yaradırlar və bu fəaliyyətin müstəsna əhəmiyyəti var. Ona görə də, həmin təşkilatların fəaliyyəti sıradan bir QHT-nin oynadığı rol deyil. Bu səbəbdən də, yaradıcı şəxslərə və yaradıcılıq ittifaqlarına xüsusi diqqət olmalıdır. Digər tərəfdən, dövlətimizin mədəniyyət siyasətində də bu məsələ həmişə öndə olub.

Ümummilli liderimiz Heydər Əliyev həmişə bu sahəyə dövlət qayğısının göstərilməsinin tərəfdarı olub, hətta sovet dövrü kimi mürəkkəb şəraitdə böyük təşəbbüskarı olub ki, Azərbaycanda, xüsusilə milli mədəniyyətin və incəsənətin inkişafı təmin olunsun. Heydər Əliyev bu istiqamətdə hər zaman öz dəstəyini göstərib.

Müstəqillik illərində Ümummilli liderimiz hakimiyyətə gələnə qədər olan vəziyyət bizə məlumdur. O vaxtlar Yazıçılar Birliyinin heç bir orqanı mütəmadi nəşr olunmurdu. Amma Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdan kimi mürəkkəb, maddi imkanların məhdud olduğu bir şəraitdə həmin ədəbi orqanlar maliyyə vəsaiti ilə təmin olundular və  nəşr olunmağa başladılar. Eləcə də, bir sıra digər təşkilatlar da qayğı göstərildi.

Bu qayğı bu gün də davam edir. Yəni imkanlar genişləndikcə, yaradıcı şəxslərə xüsusi qayğı göstərilir. Ona görə də, çalışırıq ki, bu sahədə ayrıca qanun olsun. Qanun layihəsində digər mübahisəli məqam yaradıcı şəxslərin və ittifaqların maliyyələşdirilməsi məsələsidir. Bütün dünyada belədir ki, istənilən yaradıcı quruma və şəxsə müəyyən dəstək verilir. Amma o, daha çox özü özünü maliyyələşdirməlidir. Yəni müasir dünyanın tələbi budur. Hansısa yaradıcı qurum və şəxsi bütünlüklə dövlət maliyyələşdirə bilməz. Bu yöndəki iradlarla biz də razıyıq.

Digər bir məsələ də ortaya çıxır ki, yeni yaradıcı təşkilat yarana və dövlətdən onu maliyyələşdirməyi tələb edə bilər.  Bu yanaşma doğru deyil. Ona görə də, biz bu məsələdə hələlik belə bir kompromis üzərində fikirləşirik ki, çoxdan yaranmış və böyük tarixi təcrübəsi olan yaradıcılıq birlikləri, onların strukturu maliyyələşdirilsin.

Bundan əlavə bir sıra qanun layihələri var ki, demək olar, müzakirələrə hazırdır. Onların sırasında muğam sənəti, aşıq sənəti ilə bağlı, kulnariya mədəniyyəti haqqında layihələrin adını çəkmək olar.

Başqa bir məsələ də Mədəniyyət komitəsinin son   iclasında müzakirə olundu. Bu da  xalçaçılıq sənəti ilə bağlı qanun layihəsidir. Bilirsiniz ki, Bakıda «Azərilmə» şirkəti fəaliyyət göstərir. Bu, çox tanınmış şirkətdir. Komitənin iclasında iştirak edən şirkətin prezidenti Vidadi Muradov belə bir qanun layihəsinin qəbul olunmasını təklif etdi. Fikir bundan ibarətdir ki, Azərbaycan xalçaları ticari məqsədlə beynəlxalq miqyasa çıxarılmalıdır. Çünki, dünyada böyük xalça bazarı var, auksionlar keçirilir. Bəzən həmin auksionlarda bizim xalçalar başqa ölkələrin xalçaları kimi alınıb satılır. Ona görə də, xalçalarımız o auksionlarda iştirak etməlidir. Bu sahədə qanun layihəsinin hazırlanıb qəbul olunması maraqlı təklifdir, bu səbəbdən də məsələ geniş miyqasda müzakirə olunmalıdır.

- Dil sahəsində qanunvericilik bazası da zaman-zaman təkmilləşdirilir. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək mümkündür?

- Bilirsiniz ki, Milli Məclis “Dövlət dili haqqında” qanunu zaman-zaman təkmilləşdirir. Bu sənəd mövcud olan müəyyən çatışmazlıqları aradan qaldırır. Təbii ki, bizim ən uğurlu sənədimiz “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”dır. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş bu proqram həm milli xüsusiyyətləri, həm də qloballaşmanın təsirini çox aydın izah edir. Ən mühüm məsələlərdən biri budur ki, dövlət və cəmiyyət arasında dilin qorunması ilə bağlı əlaqə gücləndirilir. Bilirsiniz ki, Azərbaycanda iqtisadiyyat, ictimai-siyasi təfəkkür yüksəliş həddindədir. Bununla əlaqədar olaraq, Azərbaycan dilinin inkişafı məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Daha doğrusu, dil məsələsi milli, ictimai təfəkkürün və düşüncənin inkişafı fonunda diqqətdən kənarda qala bilməz. Dünyada müşahidə edilməkdə olan qloballaşma prosesi şəraitində dilin qorunması və inkişaf etdirilməsi probleminə iki cür yanaşma mövcuddur. Bu yanaşmalardan biri milli xüsusiyyətlərin, o cümlədən dilin qorunub saxlanmasından ibarətdir, ikinci yanaşma isə ölkənin və onun dilinin dünyaya açıq olması məsələsidir.

- Nizami müəllim, türk dünyasının inteqrasiyası haqqında nə deyə bilərsiniz? Bu yaxınlarda Qazaxıstan da latın qrafikalı əlifbaya keçdi. Ümumiyyətlə, inteqrasiya prosesinin perspektivini necə görürsünüz?

- Türk dünyasında həm iqtisadi, həm siyasi, həm də mədəni inteqrasiya qaçılmazdır. Artıq bu prosesin  lazımi səviyyədə getdiyini müşahidə edirik. Doğrudur, bu prosesdə ortaya problemlər də çıxır, amma problemlərin həlli üçün maraq da güclüdür. Qazaxıstanın latın əlifbasına keçməsi üçün çoxdan hazırlıq prosesi gedirdi. Təxminən 10 il əvvəl Qazaxıstandan mütəxəssislər ölkəmizə gəlib müəyyən müzakirələr apardılar, latın əlifbasına keçidlə bağlı bizim təcrübəmizi öyrəndilər. Yəni bu prosesdə hansı çətinliklər oldu, onlar necə həll edildi və s. Bu haqda müzakirələr aparıldı. Eyni zamanda, Qazaxıstan mütəxəssisləri Türkiyəyə səfər edərək bu ölkənin təcrübəsini öyrəndilər. Yəni geniş təhlillər, araşdırmalar nəticəsində Qazaxıstanda latın əlifbası tətbiq edildi. Əlbəttə, Qazaxıstanda da bu əlifbaya keçmək çətin proses idi. Çünki bu ölkədə xeyli sayda millətlər yaşayır, rusdilli əhali də çoxdur. Ona görə də, bu proses təmkinlə həyata keçirildi.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev müdrik insandır, türk dünyasının ağsaqqalarından biridir. Türk dünyasının inteqrasiyasında onun xidmətlər böyükdür. Bu prosesdə bu gün də Nursultan Nazarbayevin  məsləhətləri mühüm rol oynayır.

- Sizcə, Qazaxıstanın latın əlifbasına keçməsi digər türkdilli ölkələr üçün də stimul ola bilərmi?

- Qazaxıstanın latın əlifbasına keçməsi türk dünyası üçün böyük hadisədir. Hazırda Özbəkistanda da bu proses gedir. Qazaxıstan böyük ölkədir. Eyni zamanda, qazax dili qıpçaq dillərinin ən geniş yayılmış dilidir. Bu o deməkdir ki, artıq qırğızların, başqırdların, tatarların və digər qıpçaq türklərinin də latın əlifbasına keçməsi üçün geniş imkanlar yaranır. Bu dillər fonetik quruluş etibarilə çox yaxındır. Eyni zamanda, qazaxlar böyük xalq olduğu üçün onların üzərində böyük nüfuzu var.

Ümumiyyətlə, türk dünyasının inteqrasiyası qaçılmazdır və bu proses davam edəcək. Eyni zamanda, əlifbaların uyğunlaşması dillər arasında kontaktların da genişlənməsinə şərait yaradır ki, biz türk xalqları olaraq bir-birimizi oxuya biləcəyik. Ədəbiyyatımızı, mətbuatımızı oxuyacağıq ki, bu da çox əhəmiyyətlidir. Biz bunu müxtəlif görüşlərdə də görürük ki, türk xalqları nə qədər bir-birinə yaxınlaşmaq istəyir. Məsələn, mən TürkPA çərçivəsində müşahidə edirəm ki, türk dünyasında  mədəni inteqrasiya əsasdır. Mədəni inteqrasiya nə qədər güclənirsə,  siyasi əlaqələrin genişlənməsi də o qədər möhkəm təməllər üzərində qurulur.  

1 ... 184 185 186 187 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.033826

 

Site by Webcoder