az | en | ru

Bu gün: 15 Dekabr 2018, Şənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

 70-dən o yana...
 70-dən o yana...
12.02.15.

  Yazıçı, publisist, jurnalist İntiqam Mehdizadə

 İntiqam müəllimin  efirimizə, mətbuatımıza yeni formalar, təhkiyə məqamları rubrikalar, başlıqlar gətirdiyindən hali olduğumdandı ki, mən də bu yazımda həmin yolu tutmağa cəhd elədim və öz ustadım, xeyirxahım sandığım ( axı ilk dəfə işə düzəlməyim onun o vaxtkı radio rəhbərliyinə yazdığı təqdimat sayəsində olub) İntiqam Mehdizadə haqda yazacağım yazını üç qismə ayırdım.

  Bilmirəm, İntiqam müəllimin ürəyincə olacaqmı?

İntiqam müəllim haqda yazılan məqalələrdən sitatlar...
  “ Qəribə şəxsiyyətdi. Onun başına həyatda elə hadisələr gəlib ki, özlüyümüzdə düşünmüşük ki, bir də özünə gəlməz. Amma hər dəfə onun necə deyərlər, heçdən yaranmağı bizi heyrətə gətirib, onun dəyanətinə, ekstremal şəraitdə özünü apara bilmək məharətinə həsəd aparmışıq....”(“Uzaqlardan gələn adam”. Rafiq Səməndər).

  “ Bir xatirəm var onunla bağlı. Dostumuz, mərhum şair Şəmşad  Rzanın qızının toyu idi. Yadımdadı, o dövrdə Çeçenistan hadisələri faciə o həddə çatmışdı, general Dudayev həlak olmuşdu. Sən demə, bu İntiqam müəllimə sarsıdıcı əzab verirmiş. Və bu, Şəmşadın qızının toyunda üzə çıxdı. Amma necə? Tamada İntiqam müəllimə səbəbkarları təbrik etməkçün söz verdi. O, əvvəlcə çox parlaq, yadda qalan bir sağlıq söylədi, sondasa dedi ki, mən ömrümdə toylarda “Lezginka” oynamamışam, amma bu axşam oynayacam və bu rəqsi bəylə, gəlinin, bir də general Dudayevin ruhuna ithaf edəcəm.

  Və başladı, nə başladı! Toy əhli bütün məşğuliyyətini bir kənara qoyub İntiqam müəllimin rəqsinə qapılmışdı. Arada mən də ortaya atılıb onu tək qoymaq istəmədim. Amma süzə-süzə mənə qayıtdı ki: “Sən çıx, sənlik döyül”. Mən sonra başa düşdüm ki, onunla qabaq-qənşər oynamaq hər adamın işi deyil. İntiqam müəllimin pencəyini çıxarıb musiqiçilərin üstünə ataraq başladığı o rəqs bu günəcən yadımdan çıxmır. Bir də gəlin atası Şəmşad Rzanın ehtizaza gəlib İntiqam müəllimin boynunu qucaqlayıb öpməyi...” ( “Dərviş könüllü 60 yaşlı gənc”. Əhməd Oğuz).

  “ ...İntiqamın ən əsas keyfiyyətlərindən biri də istedadlı adam olmasıdı. Söhbət onun təkcə yazıçı, jurnalist kimi istedadından getmir. İntiqam ümumiyyətlə bir fərd, bir insan kimi istedadlıdı. İntiqam haqda ilk ağlıma gələn bunlardı...” ( “Ardıcıl adam” Ramiz Rövşən).

 İntiqam Mehdizadə mənimçün kimdi...

  Əvvəla atamın ən yaxın dostu, ailəmizə sadiq insanlardan biri, xətrini dünyalar qədər istədiyim, özümə əmi saydığım bir adam... Bundan sonrasa radio jurnalistikada mənə ilk kövrək addımlarımı atmaqda kömək edən, məndə radioya sevgi yaradan peşəkar jurnalist....

  İllər öncə İntiqam müəllimin mənə dediyi sözü ömürlük qulağımdan sırğa eləyib asdım....J vaxtlar məktəbdə oxuyurdum. Ev tapşırığı kimi inşa yazmağı tapşırmışdı müəllimimiz.

İntiqam müəllim bizə qonaq gəlmişdi. İnşalarımı həmişə atama oxudardım. Bu dəfə də atamın yanına gəldim ki, inşamı oxuyub fikrini bildirsin. Atamsa:”Ver İntiqam əmin oxusun, o, yazıçıdı,”-dedi. İntiqam müəllim inşanı diqqətlə oxuyub mənə dedi: “Qızım, sənə bir əmi məsləhəti verim,  gələcək də yazı yazanda həmişə nəzərə al. Çalış heç vaxt bir cümlə də eyni sözü iki dəfə işlətməyəsən” O vaxtdan bu mənimçün dəyişməz bir qanun oldu...

 İntiqam Mehdizadə ilə müsahibə...

 -  İntiqam müəllim, 70 illik ömrünüzdə ən çox yadınızda qalan, tez-tez xatırladığınız anlar, məqamlar hansılardı?

- Söhbətin başlanğıcı üçün maraqlı, orujinal, ola bilsin kimlərçünsə hətta yersiz sualdı. Amma var, yaddaşımda, xatirim də qalan belə məqamlar çoxdu və mən onları tez-tez sanki yenidən yaşayıram. Bunlar daha çox qarşıma çıxan, gördüyüm, duyduğum kədərli, sarsıntılı səhnələr, olaylardı və görünür mənim bir fərd olaraqdaha çox kədər, qəm təmayüllü olmağım da bundan irəli gəlir. Bütün yazılarımdan, hətta  şən-şux niyyətlə qələmə aldığım hekayə, oçerk, məqalələrimdən belə qəm notları incə bir axışla keçmədədi.

  - Kifayət qədər zəngin yaradıcılığınız var, İntiqam müəllim.

Həm mətbuat səhifələrində rast gəldiyim yazılarınız, həm də radiomuzun qızıl fondunda qorunan dəyərli verilişləriniz sizi sizi geniş oxucu və dinləyici auditoriyasına sevdirib. Təbii ki, bu yazıların, verilişlərin bir qismini redaksiya tapşırığı, yaxud sifarişlə hazırlasaz da, digərlərini öz qəlbinizin hökmü, istəyi ilə araya-ərsəyə gətirmisiz. Bəs sizi yazmağa ruhlandran vadar edən, təsirləndirən, sizə ilham verən nədi?

- İlhama qalsa, o həmişə var. Vadar edən, məni heç nə vadar edə bilməz. Qaldı təsirlənməyə, hə, mən təsirlənməsəm, qələm əlimdə oynayar, laxlayar. Təsirlənməyimsə söhbətimizin əvvəlində vurğuladığım kədərli məqamları xatırla yanda, yaxud belə məqamlarla həyatda qarşılaşandan sonra baş verir. Hə, bax onda qələm sözümə baxır. Açıqlayım? Məsələn, parlaq istedad sayəsində ərsəyə gələn hər bir nəsnə- tutaq ki, gözəl ifda, şer, nəsr nümunəsi, rəsm əsəri, foto şəkil məni yerimdən oynadır. Çünki mən bilirəm bunlar nə boyda əzab-əziyyət bahasına başa gəlir. Yaşından, cinsindən asılı olmayaraq kiminsə ürəkdən ağlamasına sakit baxa bilmirəm, həmən gizlincə ona qoşuluram.Ən çox da körpə uşaqların ağlaması mənə ağır təsir bağışlayır.Çünki onların dili yoxdu axı dərdlərini deyələr. Belə məqamlarda harda oluramsa, olum, barmaqlarım yazmaqdan yana gizildəyir.

 - Əgər jurnalist olmasaydız, hansı peşəni seçərdiz?

- Mütləq bəstəkar! Təsirləndiyim anda içimdə elə melodiyalar yaranır, elə musiqi əsərləri “bəstələyir”, elə şövqlə oxu yuram ki, onların analoqu dünyada yoxdu. Bəzən də yuxularımda düzüb-qoşur, zümzümə edirəm. Sonra da tezliklə unuduram. Partituradan, notdan başım çıxsaydı, daha çox populyarlıq qazanar, özümə indikindən daha yaxşı gün-güzaran qurardım.

 - Foto albomunuzla tanış olanda 1965-ci ildə, 20 yaşda çəkdirdiyiniz bir fotoya rast gəldim. Çox yaraşıqlısız, məsumsuz...O zamandan 50 il ötür.Bu günkü İntiqam müəllim o zamankı İntiqama baxanda hansı hisslər yaşayır?

- O yaraşığı, o təravəti daim yaradıcılıq axtarışlarında fota verdiyim illər apardı. Özümü görməyib yazılarımla tanış olanlar, məncə, gözəlliyimi sətirlər arasında görüb duya bilər.Yox, əgər görüb duymasalar, qoy uca Yaradan bundan sonramı daha da kifir eləsin...Rübabə, sən məni lap şübhəyə saldın. –Qoy bir güzgüdə özümə baxım.(bunu deyib gülür və güzgü əvəzinə diqqətlə gözlərimə baxıb növbəti sualımı gözləyir. R.S)

 -Həyat yoldaşınız Züleyxa xanımın vəfatından sonra imzanız az-az görünür, hətta görünmür deyərdim. Olmaya...

- O, gedəli çox ağır sarsıntılar yaşadım. Matəmli gecələrim də birdən yerimdən dik atılıb qələmə sarılır, öz dilimdən yox, onun dilindən bayatılar, ağılar, oxşamalar yazırdım. Özümə təlqin eləmişdim ki, əyər sağ olsaydı, bunları o, özü yazar, deyərdi. Sonra əyləşib onun (mənim) yazdıqlarımı oxuyanda dəhşətli, vəfsəgəlməz duyğular yaşayır, hissə qapı lırdım. Mən bundan sonra necə qələmə sarılım ki, hələ uzun müddət o əzablı duyğusallıqdan qurtula bilməyəcəm. Gərək o ağrıdan, o kədər yüksəkliyindən aşağı enəm ki, yaza biləm da... Bu mümkün olacaqmı, bilmirəm. Axı, bu fəlakət başqasının yox, mənim qapımı döyüb.

 - İntiqam müəllim, ömrünüzün ahıllıq çağına qədəm qoyursuz. Tanrıdan sizə sağlam, uzun ömr arzulayıram. Amma atalarımız demiş, ölüm haqdı. Ölümə münasibətinizi öyrənmək istərdim. Ölüm sizi qorxudur?

- Vaqif Səmədoğlu demişkən, görmədiyim şeydən niyə qorxmalıyam ki? Mən gələcəkdən yox, keçmişdən, daha doğrusu, keçmişdəkiləri qoruyub saxlaya bilməyəcəyimdən qorxuram. Nə yaxşı ki, zamanında gözüm görüb qulağım eşitdiklərimi, başlıcasısa duyub mənsidiklərimi farslar demiş, bə qədri qüvvə qələmə alıb gələcəyə ötürə bilmişəm. Amma çox azdı bunlar. Ömür, yaş, siyasi, sosial, mənzil, məişət problemləri ucbatından ürəyimdəkilərin elliyini boşalda bilməmişəm. Bax, bəzən boş-bekar qalıb fəaliyyətsiz yola saldığım o keçmişimdən qorxuram. Qorxuram ki, üstündən adlayıb keçdiyim boşluqlar adıma yazıla bilər. Amma hər halda mənə ümidlər bəxş edən məqamlar da yox deyil, hət ta çoxdu. Çünki yazılarımla keçmişimizdən, yaşantılarımız dan gələcəyə nələrisə ötürə bilmişəm, Uca Yaradan izn ver sə, nə qədər canımda can var, 70-dən o yana yenə ötrəcəm.

  Ölümə qaldıqdasa... Ölüm haqdı, intəhası ölüm də var, ölüm də. Bir var mənəviyyatlı insanın ölümü, bir də var alçağın, mənəviyyatsızın ölümü. Bəli, mənəviyyat deyilən o uca nemət hər kəsə nəsib olmur və gəldiyim əqidəyə görə onun nə olduğunu yalnız yaradıcı şəxsiyyətlər dərk edir. Şairlər, filosoflar, bəstəkarlar, rəssamlar, heykəltəraşlar. Bir sözlə, dünyaya gözəlliklər gətirən, insan sirrlərinin dərin qatlarına varanlar. Yazıları iləkimləri, nələrisə tarixin yaddaşına köçü rür, əbədiyyətə qovuşdurur onlar. Bundan böyük missiya olarmı?! Amma bu məsəslənin bir qəliz tərəfi də var ki, bə zən mənəviyyatsızlıq, əxlaqsızlıq da tarixdə “yaşamaq” hüqu qu qazanır- Cavidi, Müşfiqi, Əhməd Cavadı məhv edənlərin, Buhenvald faciəsiini, Xocalı qətliamını törədənlərin, körpələ ri süngüyə keçirənlərin mənəviyyatsızlığı kimi...Uca Yaradan sa öz dərgahında yalnız bəşərin mənəvi yüksəlişinə xidmət edənlərə gen-bol yer verir, onları ğırlayıb əzizləyir. Tac Mahalı, “Cakonda”nı, “Roden”i, “Üvertür”ü, “İblis”i, “Yeddi gö zəl”i, “Sənsiz”i yaradanlar kimi... Füzuli, Cavid. Müşfiq, Üzeyir bəy, Cəfər Cabbarlı, Əli Kərim, Mübariz kimi. Ölümsüzdü onlar.Nur haləsi içində şad-xürrəm yaşayacaqlar.

 - İntiqam müəllim, bu qədər zəhmətin müqabilində heç bir fəxri ada layiq görülməmisiz. Bu sizə yer eləmir ki? İndi deyəcəksiz, bu qız məndən nə istəyir.

- Orası elədi (gülür). Amma öz aramızdı, mənə elə suallar verdin ki, jurnalist ömrümün ərzində rast gəldiyim yüzlərlə  həmsöhbətimə bu sayaq suallar tuşlamaq ağlıma gəlməyib.  O ki, qaldı son sualına, 2006-cı ildə o vaxtkı Dövlət Teleradio sunun 80 illik yubileyi münasibətilə 80-nə yaxın əməkdaşa  fəxri adlar verilərkən adımı o siyahıda görməyən mərhum həyat yoldaşım da eyzən sən tək bu sualı vermişdi mənə. O vaxt ona verdiyim cavabı təkrar edirəm: Orası mənlik deyil.

   Rübabə Səməndər
  Fact-info.az

1 ... 181 182 183 ... 187 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.029016

 

Site by Webcoder