az | en | ru

Bu gün: 15 Dekabr 2018, Şənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Kənd etüdləri
Kənd etüdləri
Xaliq Rəhimli
01.08.14.


 

Palçıqlı yollarıyla,

qayalı qollarıyla,

yamyaşıl yallarıyla

yuxuma girir kəndimiz.

Babam ot çalır

Kərəntiyə uzadıram əlimi

Deyir get uşaqsan hələ...

Görürəm,qızlar bulaqdan gəlirlər

Hərdən mənə baxırlar dünyadan bixəbər

olmayım deyə.

“Ağılsız köpəklər

ulduza hürər”

deyib şair,

Gecələr kənddə it səsindən başqa heç nə eşidilmir

Zil qara rəngə oxşayan bu səs

Oğruların yadında daha yaxşı qalır

Itlər gecə hürüşürlər, deyişirlər

Qaranlıqda səsləri daha çox açılır deyə.

Gündüzlər

Şah dağın zirvəsindən

kəndimizə baxıram 

 evlər papaq boyda

dağın o tərəfində Göyçə gölü,

dağın bu tərəfində “Göyçə gülü”

O yerlər zurnasız qalıb

Göyləri durnasız qalıb.

Qonşu Poladın atı quyruğunu

çırpa-çırpa

Yoncalığa girib

şirin-şirin ot yeyir

Hərdən başını qaldırıb

dağlara baxır

dağlarla danışırmış kimi

bərkdən kişnəyir

Ağacdakı sərçələr

kişnərti səsinin dalınca

pərən-pərən düşür

Qulaqları cingildəşə-cingildəşə

  cikkildəşə,cikkildəşə

dağlara tərəf uçurlar

Kəndimizin bir günü də beləcə ötüşür...

*  *  *
Bir şeyi yadıma salmaqdan ötrü,

Uzanıb divara baxıram,

Kəfkirli saatın səsi başımda

Köhnə divar kağızının

rəngi qarşımda

Qulağımda çık-çık

Gözlərimdə solğun rəng

bir də,

  tavanda gəzən qoca hörümçək...

Dəfələrlə yoldan

saatımı, pulumu götürməyə qayıdıram

Ayırıb qoyduğum kitabları

gətirməyə qayıdıram

Qayıdıram deyə,

evdə qapını açıq qoyurlar

Xatirələr pərə-pərən

Yaddaşım yarımçıq

Bu dünyada yadımda ən çox qalan

Kəfkirli saatın yorğun səsi

Köhnə divar kağızının rəngi

Bir də qoca hörümçək ... 

*  *  *
Müəllimlik oxuyandan sonra

Kəndimizə qayıdacaqdım

dərs deməyə

ayran içməyə, xəngəl yeməyə

Qayıda bilmədim, şəhər qoymadı...

Burnunu çəkən

Çəkmlərinin palçığı

özündən ağır

  sakit, fağır

Kənd uşaqları düşür yadıma.

Düzdü, dəyişib o kənd

Burnunu çəkən az tapılır

Texnologiya əsrinin

havası var başlarında

Ağac kimi

beyinləri çiçək açır

Nə vaxtsa bar verəcək

Kənddə kəndlik qalmayıb

   desələr də

Yenə də dədə-baba yurdudu

Başlarının üstünü

ruhlar kəsdirib

Deyirlər

ürəyimiz heç nə istəmir

onsuz da kəndin

bərəkəti azalıb

bulaq suyu,

dağ havası

  nə yaşadar, yaşadar bizi..
*  *  *

Əlləri üstündə dayanan oğlan

 Bilirəm

sevgin cavabsız qalıb

Biraz dəli kimi sev

Qoyma içindəki

qığılcımlar sönsün

Sinən dəmirçi körüyü kimi

qalxsın, ensin

Sevgi qeyri-adilik sevir

Düşüncən, için fərqlənsin

Ağlın,gücün fərqlənsin

Mayallaq aşan oğlanı

qızlar xoşlamır

Çünki bir gün o

sevgidən də mayallaq aşacaq

Lap elə əllərinin üstündə

dayanmaq

Xoşbəxtliyin qapısında

dayanmaq gəlirsə sənə

Ağlının üstündə dayanmaq

Birbaşa bəy kürsüsündə oturmaqdı

Çalış ən çox 

Başının üstündə dayan

Başının içindəki ağlının üstündə dayan

Ruhdan düşmə,

  sanma bu bir qələtdi

Ağlını başına yığ

İkisini bir yerdə məşq elətdir

Çünki sevginin cavabı əllərinə yox

ağlına gələcək....
*  *  *
Gözəl şeir havası var bu çəməndə

Qarşımda ağ kağız

Bir əlimdə qələm,

bir əlim çənəmdə

Hər yan gül-çiçək

Bir az sözə ehtiyacım var

Bir az söz göndər İlahi!

Şairlər sözdən

yetim qalırlar

Başımın üstündə uçan arılar

Yetim kimi baxırlar mənə,

Yaman sözsüzləmişəm

Ya günəşlə, ya ayla göndər

Ya da məni

bir arıya döndər

Axtarım, axtarım

gülümü tapım

Bəlkə söz yerinə

bal tuta bildim....

İlahi söz göndər

içim darıxdı

Lap elə bir qara buludla göndər

Dəli leysan kimi

yağsın başıma

Axsın ürəyimə, axsın başıma

Sözdən sözə qonum ərinməyim

Arıların gözlərində

yetim görünməyim.. 

*  *  *
Daş yastıq

Nə bir ağac əkdim

Nə də, daş üstə daş qoydum

Ancaq və ancaq,

yastığa baş qoydum

yastığım köhnəlib daha

ha çırpıram

əvvəlki kimi qalmır

Bərkiyib daşa dönüb,

Daş yastıqda yatıram

Yuxuda görürəm ki,

Dünya daş hasarda

Içində daş adamlar

Daş baxışlar,

Daş gülüşlər,

Daş ürəklər

Daş çiçəklər

Hər şey daşlaşıb

Daşlarla danışmaqdan

Başım yoruldu axı

Daş yastıqda yatmaqdan

Boynum qırıldı axı

Bu daşların arasında

Daş olmasam da

Daş kimi yatıram

Başım daşdan-daşa dəyir

Ayılmıram, ayılmıram...

Yuxusu çin olan adam

Gülüşün dəyişib, səsin dəyişib

səsində nəfəsin dəyişib

Yuxuda güldüyün

gülüş üzündə

Yuxuda gördüyün

yerlər gözündə

Yuxuda dediyin

sözlər dilində

Aldığın salamın

istisi əlində 

Mələyin qanadı çiynində qalıb

Tanrının dərgahı beynində qalıb

Oyandın tər su içində

Az qala ən xoşbəxt adam kimisən,

Yuxusu çin olan adam

Yuxulu gülüşün mübarək

Yuxuyla düzələn

işin mübarək ...

Yenə həsrət çəkirsən o yuxuya

Yastığı dörd əlli qucub yatırsan

Qaranlıq otaqda

Gözlərin yol çəkir

Daha o mələklər yaxına gəlməz

Gördüyün o cənnət yuxuna gəlməz

O təzə yuxular, o tər yuxular

O ipək yuxular, məxmər yuxular

Səni qanadına almaz bir daha

Oyadıb qayğına qalmaz bir daha

Yuxusu çin olan adam...

Ha çalışıram

Bütöv xatırlaya bilmirəm səni

Gah gözlərin düşür yadıma

Gah dodaqların,

Gah saçların,

Gah da ayaqların,

Hərdən də yanağındakı zənəxdan.

Bütöv xatırlaya bilmirəm səni nədənsə

Bütöv görə bilmirəm baxışlarını

Qırmızı donunun naxışlarını

Görə bilmirəm

xoşbəxtliyin çaları kimi

Yığa bilmirəm onları bir yerə

Sevgimizdən yıxılıb

çiliklənmiş ümidlərin

parçaları kimi...

Yuxuda görürəm ki,

Dağlar şəhərə gəlib

Xəzərin sahilində

bardaş qurub oturublar

Müdrik-müdrik

baxırlar şəhərə

Özlərindən hündür

göydələnləri görüncə

Başlarına hava gəlir dağların...

Əl eləmək istəyirəm

Əlim qalxmır

Qucaqlamaq istəyirəm

Qolum qalxmır

Kimsə qolumu dartır elə bil

Etibarsız oğul kimi

Tüpürər dağlar üzümə

Nifrəti dağılar üzümə...

Şəhərin havasınnan

Döşündə gətirdiyi güllər solur,

Yaşında gətirdiyi

illər solur

O boyda dağlar ölür

əməlli-başlı

Xəzərin gözü yaşarır

Dağların torpağı əriyib tökülür

Torpaq satanların

gözləri işarır

Ölmüş dağların

hələ soyumamış bədəninin

Daş sümüklərinə

Üzlük daş düzəldənlər

tamah salırlar

Dağa yas verirəm

günümə bax,

Gələnin çoxu da

dağ adamları

Dağa dağ çəkəni axtarırlar

Dağım oy,

o güllü yaylağım oy!səsi

başıma düşür

Ayılıram tər, su içində

Bu nə dəhşətli yuxu

nə ağır gecədir

Mesaj göndərirəm kəndə,dayıma

Yazıram - dağlar necədir..

Çayxanalarda

Yoruldum danışmaqdan,

bezdim gülməkdən

Nə qədər olar

boş-boş mübahisələr

bir gün bəs elər.

Biri var idi,

Dəhşətli görünürdü danışanda

Bədənində nəki qan var

üzünə çıxırdı

Əzalarında qan qalmırdı

Bu adam belə idi

Şeirdən danışanda

əl-ayağı əsirdi

Canında can qalmırdı

Hamının sözünü kəsirdi

Bağırırdı, bağırırdı

Aristotelin, Belinskinin ruhunu

köməyə çağırıdı...

Getdi o günlər,

Çayxana söhbətlərindən

Yadımda çox az şey qalıb

Indi tənhalığın zümzüməsindən

Dörd divarın sükutunnan

Bir də kəfkirli saatın səsindən

Öyrənirəm şerin sirrini...

1 ... 97 98 99 ... 135 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.031788

 

Site by Webcoder