Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 8 Dekabr 2019, Bazar                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Qarabağda Azərbaycan dövlətçilik ənənəsinin bərpası
Qarabağda Azərbaycan dövlətçilik ənənəsinin bərpası
Nadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur. Qarabağ xanlığının vəziri olmuş tarixçi Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərində Osmanlı imperiyasına qarşı müharibələr nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı".

Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin onu tutmaq mümkün olmadı. Nadir Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də fayda vermədi.

Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb Vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərmişdi. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti - Qarabağ xanlığı yarandı.

Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini geri - doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qayıdanlar içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.

Qarabağ qədim zamanlardan xanlıqlar dövrünədək

Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünyanın da ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Azıx mağarasının tədqiqatçısı Azərbaycan alimi M.Hüseynov yazırdı: "Azıxda öyrənilmiş çay daşı alətləri mədəniyyətləri, Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Eyni zamanda, alətlərin hazırlanmasında fərqli cəhətlər də vardır ki, bu da, Azıxın alt təbəqələrindən aşkar olunmuş əmək alətlərini Quruçay mədəniyyəti adlandırmaq imkanı vermişdir… Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aid edilə bilər". 

1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı - azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı guman olunur. Qarabağda mustye mədəniyyəti daha çox  Tağlar mağarası ilə təmsil olunmuşdur. Qarabağın arxeoloji cəhətdən öyrənilməsinin davam etdirilməsi burada daş dövrünün mezolit və eneolit dövrlərinin də geniş inkşaf etmiş olduğunu müəyyənləşdirə bilər. Eneolit (e.ə.VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə. IV minilliyin sonu - I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi.  Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır. Bu dövrə aid Xocalı qəbiristanlığı arxeoloji abidəsindən üstündə Aşşur (Assuriya) hökmdarı Adadnirariyə aid mixi yazı olan əqiq muncuq tapılmışdır. Bu və digər tapıntılar bölgənin Yaxın  Şərqlə  iqtisadi  və  mədəni əlaqələrini təsdiq edir.

Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı etno-siyasi proseslər də davam edir. Azərbaycanın cənubunda qüdrətli Manna dövləti (e.ə. IX-VI əsrlər) meydana gəlir. Manna Assuriya və Urartu ilə mübarizədə müstəqilliyini qorumağa nail olur. Şimali Azərbaycan torpaqları, o cümlədən Qarabağ ərazisi Urartunun işğallarından kənarda qalır. Bu dövrdə, ümümiyyətlə Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu yox idi. Çox sanballı tədqiqatçılar, kollektiv monoqrafiyaların müəllifləri Zaqafqaziyanın siyasi tarixindən bəhs edərkən vahid fikir söyləyirlər: Urartunun əsas ərazisi SSRİ-nin sərhədlərindən kanarda yerləşirdi. Qədim dövrdə və orta əsrlərdə ermənilərin kompakt yaşadığı ərazi də indiki Ermənistan SSR-in hüdudlarından uzaqda idi.10 Urartu dövlətinin varlığına son qoyan Midiya dövləti (e.ə. 672-550) zamanı vəziyyət dəyişdi. Midiya Cənub-şərqi Zaqafqaziyanı özünə tabe etdi. Bu vəziyyət Əhəmənilər dövründə də (e.ə. 550-330) davam etmişdi.

Makedoniyalı İsgəndər (e.ə.336-323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoydu. Bunun nəticəsi idi ki, Makedoniyalı İsgəndərin qısamüddətli hakimiyyətindən sonra, onun ölümü ilə imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı. (Son dövrlərdə Azərbaycan tarixçiləri Atropatenaşünaslıq və Albanşünaslığı yeni elmi əsərlərlə zənginləşdirmiş, uzun zaman erməni müəllifləri tərəfindən qəsdən saxtalaşdırılmış olan bu dövrün elmi əsaslarla araşdırılmasına böyük töhvələr vermişlər. Onları burada xüsusi olaraq sadalamağa ehtiyac görmədik). E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV- e. VIII əsrlərində mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyuk rol oynadı. Bütün Qarabağ ərazisi Albaniya dövlətinin tərkibinə daxil idi və bu dövlət Qarabağı öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apardı və bəzi istisnalarla buna nail ola bildi. F.Məmmədovanın Albaniya dövlətinin, o cümlədən onun tərkib hissəsi olan əyalətlərin (Sakasena, Otena - Uti, Orxistena - Arsax, Araksena və s.) ərazisi və sərhədlərini tarixi dinamikada əks etdirdiyi 6 xəritəsi də bu fikri təkzibolunmaz surətdə təsdiq edir.

Qarabağ Azərbaycan Albaniya dövlətinə məxsus olduğu kimi, burada yaşayan etnoslar - uti, sovdey, qarqar və başqaları da alban tayfaları idilər.

Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Bu dövrdə ermənilər Kiçik Asiyanın şərqindəki erməni çarlığını qondarma "Böyük Ermənistan" adlandırır və köçüb məskən saldıqları bütün əraziləri erməni torpaqları elan etməyə cəhd edirlər. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma "Böyük Ermənistan" əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda ermənilərin  Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki  ermənilərdən fərqli olaraq  Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Tədqiqatçının yazdığına görə "mənbələrin tədqiqi və I-IV əsrlərdəki gerçəkliklərin öyrənilməsi bizi əmin edir ki, Albaniyanın cənub sərhədi Araz çayı boyunca keçmişdir".

Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanları da sübut edir. Dədə Qorqud dastanları VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən Göyçə gölü hövzəsində yayılmışdır. Bu qiymətli xalq-qəhrəmanlıq eposunun təsdiq etdiyi kimi, bəzi oğuz qəhrəmanları hətta Məhəmməd peyğəmbərin (s.) hüzuruna gedərək onun özü ilə də görüşmüşdülər. Ağqoyunlu hökmdarı Uzun Həsənin (1453-1478) göstərişi ilə yazılmış məşhur Oğuznamədə (Əbu Bəkr Tehraninin 1470-ci ildə yazdığı "Kitabi-Diyarbəkriyyə"sində) Göyçə dənizi yaylaqlarının və Qarabağın qədim oğuz türklərinə məxsus olduğu, oğuz türklərinin soykökündə duran Oğuz Xaqanın Göyçə dənizi ətrafında dəfn olunduğu, Bayandur Xaqanın isə Qarabağda, Göyçə dənizi yaylaqlarında yaşadığı və orada da dəfn olunduğu göstərilir.

Qarabağ Ərəb xilafəti dövründə. Arsaxda qriqorianlaşdırma və erməniləşdirməyə dair

Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş verir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi faciəli siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüyünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlandı. Azərbaycanın bu bölgəsində qriqoiyanlaşdırma və erməniləşdirmə proseslərinin səbəbləri, gedişi və erməni-xilafət əməkdaşlığının mahiyyəti və b. problemlər, onun tarixi ədəbiyyatda necə əks olunması məsələləri akad. Z.Bünyadov tərəfindən xüsusi olaraq tədqiq edilmişdir. Təbiidir ki, qriqorianlaşdırmaya nisbətən erməniləşdirmə uzun proses olmalı idi və həqiqətən də bu belə oldu. Ona görə də Z.Bünyadov akad. S.T.Yeremyanın "VII əsrdən (qəti olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir hissəsi kimi baxılırdı" və bu zaman Arran vilayətindən Sünik, Arsax, Uti və başqalarının erməniləşdirilməsini iddia edən fikrinə etiraz edərək yazır: "İki müxtəlif anlayış olan erməniləşdirmə və qriqorianlaşdırma anlayışlarının qarışdırılması diqqəti cəlb edir. Bu yerdə erməni kilsəsinin köməyi ilə Arran əhalisinin yalnız qriqorianlaşdırılmasından danışıla bilər. S.T.Yeremyanın bu barədəki nöqteyi-nəzəri o qədər də doğru deyildir, çünki Arran vilayətində Sünik vilayəti və Arsaxın xeyli hissəsi XII əsrin əvvəllərinə yaxın erməniləşdirilmişdir".

Bu fikir (həm də akad. S.T.Yeremyanın gəldiyi nəticə!) bir daha təsdiq edir ki, Qarabağın bu hissəsində yaşayan əhali əvvəldən erməni olmamış, əksinə yerli Azərbaycan-alban tayfaları olmuşlar və sonradan erməniləşdirilmişlər, daha doğrusu əvvəlcə qriqorianlaşdırılmış, sonra isə erməniləşdirilmişlər.

Populyasiyanın etnogenezi və onun qarşılıqlı əlaqəsi haqqında informasiya verən və müasir elmi nailiyyətlərə əsaslanan odontoloji tədqiqatlar da bunu sübut edir.15 Heç də təsadüfi deyil ki, Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin ərazisində Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. "XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağıldı, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Smbatın ölümü ilə kəsilmiş oldu. XII əsrin sonu-XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı İ.A.Orbelinin sözləri ilə desək "qədim Albaniyanın bir hissəsi" idi".16 Beləliklə, tamamilə təbiidir ki, Ərəb xilafəti dağılarkən onun ərazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır. Bu da, Azərbaycandan və Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazda ermənilərin ümumiyyətlə dövlətçilik tarixinə malik olmadıqlarını sübut edir.

Bu proseslərin baş verdiyi IX-XIII əsrin əvvəlləri, xüsusilə Sacilər-Atabəylər-Şirvanşahlar dövrü bütün Cənubi Qafqazda Azərbaycanın qüdrətinin daha da artdığı bir dövr idi. Sacilər və Atabəylər faktik olaraq Azərbaycanın tarixi torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər. Keçmiş Albaniya ərazisində yaranmış Xaçın knyazlığı Mehranilər nəslinə mənsub olan Həsən Cəlalın dövründə (1215-1261) yüksək inkişaf mərhələsinə çatmışdı. Təsadüfi deyil ki, dövrün narrativ və epiqrafik abidələrində o, "Xaçın ölkələri knyazı", "Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı" titulları ilə yanaşı, "Albaniya hökmdarı" titulu ilə də anılır. Başqa sözlə, Həsən Cəlalın bütün titulları Azərbaycan - Albaniya tarixinə məxsusdur. Onun zamanında Alban memarlığının ən mühüm incilərindən biri olan Qanzasar monastırı tikildi.

 

Mənbə: Azərbaycan  MEA-nın  Tarix İnstitutu (www.azerbaijan.az)

1 2 3 4 5 6 7 8 9 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007301

 

Site by Webcoder