az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

ABŞ-da Türkiyə-Ermənistan münasibətləri və Ermənistanın Azərbaycana qarşı təcavüzü müzakirə edilib
ABŞ-da Türkiyə-Ermənistan münasibətləri və Ermənistanın Azərbaycana qarşı təcavüzü müzakirə edilib
18.03.15.

 

ABŞ-ın Linkoln şəhərindəki Nebraska Universitetində "Türkiyə-Ermənistan münasibətləri tarixi kontekstdə" mövzusunda konfrans olub. Türkiyəli Tələbələr Assosiasiyasının təşkil etdiyi konfransda Ronald Reyqan dövründə prezident administrasiyasında dövlət qulluqçusu işləmiş, beynəlxalq hüquq və konstitusiya hüququ məsələlərində ixtisaslaşan tanınmış hüquqşünas Brüs Fayn, Yuta Universitetinin aspirantı, soyqırımı məsələlərini tədqiq edən Tal Buenos, "Coastal Carolina" Universitetinin (Cənubi Karolina ştatı) professoru Kristofer Hann və AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlı çıxış ediblər.

B.Fayn universitetin tələbə və professorları qarşısında çıxış edərək, erməni tərəfinin qondarma "erməni soyqırımı" məsələsinə dair dəlil-sübutlarının əsassızlığından söz açıb. Ekspert bildirib ki, erməni lobbisi və Ermənistan hökuməti milli məqsədlərinə nail olmaq üçün 1915-ci il hadisələrinə siyasi don geyindirir, həmin hadisələrin dünya tarixi üçün mahiyyətinin və gerçəklik səviyyəsinin müəyyən olunması üçün qanunla nəzərdə tutulan prosedurlara riayət edilməsi prosesindən qaçırlar. O deyib ki, erməni tərəfi diqqətini "soyqırımın" bir çox ölkələrin qanunvericiliyində, o cümlədən ABŞ ştatlarının nümayəndələr palatalarında və senatlarında, habelə ABŞ-ın federal Konqresində tanınması üzərində cəmləşdirib. Amma 1915-ci ilin hadisələrini Beynəlxalq Ədalət Məhkəməsində tarixçilər və hüquq müdafiəçiləri ilə müzakirə etməkdən məqsədyönlü şəkildə boyun qaçırır.

Sonra T.Buenos çıxış edib. O, auditoriyaya erməni icmalarının, habelə Ermənistanın havadarı olan, regionda öz siyasətini yürütmək vasitəsi kimi ondan faydalanan dövlətlərin bütün dünyada istifadə etdikləri təbliğat metodlarından danışıb. O, tədbir iştirakçılarına beynəlxalq münasibətlər tarixindən dövlət subyektlərinin öz düşmənlərinə qarşı istifadə etdikləri təbliğat metodlarını nümunə gətirib. T.Buenos vurğulayıb ki, erməni tərəfi qondarma "erməni soyqırımını" həqiqi soyqırımılar sırasına qatmağa və hadisələrin erməni versiyasının əsassız legitimliyini yaratmaq üçün onu hətta Holokost ilə müqayisə etməyə çalışır.

Professor Kristofer Hann "Gizli ordular və inqilabi federasiyalar: erməni siyasi zorakılığının dirçəlişi və süqutu" mövzusunda məruzəsində "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" və "Erməni soyqırımına münasibətdə ədalət döyüşçüləri" kimi erməni terrorçu təşkilatlarından, o cümlədən bu təşkilatların banilərindən, fəaliyyətindən və zorakılıq metodlarından danışıb. Ekspert erməni ekstremizminin dinc vətəndaşlara və Türkiyənin diplomatik dairələrinin nümayəndələrinə qarşı yönələn mərhələləri barədə ətraflı məlumat verib. Terrorizmə dair tədqiqatlarının nəticələrindən danışan K.Hann erməni milli radikalizminə lazımi qiymət verilməsinə çağırıb. O, erməni terrorçularının Azərbaycana qarşı müharibədə rolunu da qabardıb.

Sonra AZƏRTAC-ın xüsusi müxbiri Yusif Babanlı "Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri" mövzusunda məruzə ilə çıxış edib. Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri haqqında auditoriyaya məlumat verən Y.Babanlı erməni tərəfinin iddialarını və Azərbaycan ərazilərinin işğalına haqq qazandırmağa yönəlmiş bəyanatlarını şərh edib. Tədbir iştirakçılarına Rusiya İmperiyasının, Sovet İttifaqının və beynəlxalq qurumların Cənubi Qafqazda demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsini, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılmasını və XX əsrin əvvəllərində Azərbaycan regionlarının Ermənistana verilməsini təsdiq edən tarixi sənədlərdən sitatlar gətirilib, həmin sənədlər təhlil olunub. O, Dağlıq Qarabağ ermənilərinin "təyini-müqəddəratının" hüquqi bazasının əsassız olduğunu da təhlil edib. Y.Babanlı qeyd edib ki, Ermənistan regionda üç qonşu dövlətə qarşı ərazi iddiaları irəli sürən yeganə ölkədir. Sonda o, erməni silahlılarının cinayətlərindən və Xocalıda azərbaycanlıların kütləvi qırğınında Monte Melkonyan kimi beynəlxalq terrorçuların rolundan danışıb.

Tədbirdə universitetin tələbə və professorları, yerli türk diasporunun nümayəndələri və Türkiyə konsulluğunun işçiləri iştirak ediblər.

1 ... 1371 1372 1373 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.117652

 

Site by Webcoder