Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 22 Avqust 2019, Cümə axşamı                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Qarabağ mövzusunun ədəbiyyatşünaslıqda işlənmə istiqamətləri (Elmi əsərlər üzrə)
Qarabağ mövzusunun ədəbiyyatşünaslıqda işlənmə istiqamətləri (Elmi əsərlər üzrə)
Mərziyyə Nəcəfova
Azərbaycan ədəbiyyatşünaslığında Qarabağ mövzusu tədqiqi ilə bağlı xeyli sayda elmi əsərlər yazılmışdır. 90-cı illər Azərbaycan poeziyasında Qarabağ mövzusunda yazılmış əsərlərin çoxluğu ədəbiyyatşünasçılarımızın qarşısına mühüm vəzifələr qoyur. Bu gün 90-cı illər poeziyamızın Qarabağ müharibəsi mövzusunda yaratdığı əsərlərə nəzər salmaq, onun yaxşı təcrübələrini, müvəffəqiyyətli cəhətlərini qiymətləndirmək, nöqsanlarını meydana çıxarmaq vaxtıdır. Bunun üçün elmi-tənqidi fikri qüvvətləndirmək, təhlili dərinləşdirmək lazımdır. Keçən əsrin 60-cı illərinin əvvəllərində Məmməd Arif yazırdı:...

 “Ədəbiyyatşünaslıq elmimizin keçdiyi yola da bir nəzər salmaq, onun yaxşı cəhətlərini, müvəffəqiyyətli təşəbbüslərini qiymətləndirmək, nöqsanlaını meydana çıxarmaq vaxtı çatmışdır. Bunun üçün elmi-tənqidi fikri qüvvətləndirmək, təhlili dərinləşdirmək,metodoloji silahı daha da kəskinləşdirmək lazımdır. Hadisələri və məsələləri sadələşdirmək, səthiləşdirmək yolu ilə deyil, onların mahiyyətini daha da dərindən açmaq, elmi ümumiləşdirmələr yolu ilə şərh etməyə, ədəbiyyatımızın gələcək inkişafı üçün düzgün nəticələr çıxarmağa çalışmalıyıq”(M. Arif. “Müasir ədəbiyyatın nəzəri məsələlərinə diqqəti artıraq”. Azərbaycan ədəbiyyatı məsələləri”, AEA nəşriyyatı-1964)

Bu baxımdan 90-cı illərdən yaranan poeziyanın elmi məziyyətlərini ədəbiyyatşünaslıq baxımından yüksək elmi səviyyədə tədqiq edib öyrənmə bizim birinci vəzifəmizdir. Bu dövrün poeziyasında Qarabağ mövzusu haqqında kicik səslə, məhdud çərçivədə danışmaq olmaz. Apardığımız araşdırmalar göstərir ki, mövzunun tədqiqində bəzi elmi əsərlərdə sistematikliyə düzgün riayət olunmuş, bəzilərində isə aparılan tədqiqat işləri həddən artıq bəsit və dağınıq formadadır. Müasir mətbuatımızda bu mövzuda yazılan məqalələrin sərlövhəsi çox vaxt cəlbedici və yaxud mənalı olur, lakin təhlil səviyyəsi bəsit, dayaz, təsvirçilik meylləri ilə müşaiyət olunur. Düzdür Qarabağ mövzusunda yazılmış lirik-epik əsərlərdə müsbət qəhrəman surətləri,neofaşizmin ifşası, düşmən obrazları yaradılıb. Lakin bunların ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən tədqiqinə gəldikdə isə bədii əsərlərdən sxolastik şəkildə poetik nümunələr gətirməkdən o yana gedə bilmirik.

Məlumdur ki, Qarabağ müharibəsi mövzusunun poeziyada inikasının tədqiqi Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni deyildir. Şamil Salmanov yazır ki: “İkinci dünya müharibəsinin ədəbiyyatda inikası uzun müddət Azərbaycan tənqidinin və ədəbiyyatşünaslığının xas problemlərindən olmuşdur və bu təcrübə müasir ədəbiyyatşünaslığımız üçün olduqca əhəmiyyətlidir. Lakin Azərbaycan xalqının 80-90-cı illərdə məruz qaldığı müharibə tam yeni hadisədir və təbii ki, müharibə ilə əlaqədar ədəbiyyatımızın inkişafı və problemləri barədə hələ geniş tədqiqatlardan söhbət gedə bilməz. Buna baxmayaraq bu mövzu tam diqqətdan kənarda da qalmamışdır. Mövzunun bir çox aspektləri Azərbaycan respublikasının prezidenti H. Ə. Əliyevin “Ədəbiyyatın yüksək borcu və amalı” kitabına daxil edilən çıxışlarda əksini tapmışdır. Bir sıra Azərbaycan yazıçı və tənqidçiləri də bu problemlə əlaqədar dövri mətbuatda çıxış etmişlər”( Ş. Salmanov “Redaktordan”, E. Mehrəliyevin “Müharibə və ədəbiyyat” kitabına ön söz, Bakı-2000, s. 6)

Ikinci dünya müharibəsinin ədəbiyyatımızda inikası, təcrübəsi müasir ədəbiyyatşünaslıq üçün də olduqca əhəmiyyətlidir. E. Mehrəliyev yazır: “Ötən müharibənin ədəbiyyatda inikası uzun müddət Azərbaycan tənqidinin və ədəbiyyatşünaslığının əsas problemlərindən olmuşdur ki, bu təcrübənin müasir ədəbiyyatşünaslıq üçün də çox əhəmiyyətli və qiymətli olduğunu etiraf etmək lazımdır. Ötən müharibədə hələ müharibə vaxtı ədəbiyyata öz tənqidi təfsirini tapmışdır. ”

Tədqiqatçı düzgün olaraq bunlara M. Arifin, S. Vurğunun, M. İbrahimovun, M. Hüseynin, Mir Cəlalın, M. Cəfərin məqalələrini misal göstərir və həmin illərdə böyük şairimiz Səməd Vurğunun məqalə və çıxışlarını yüksək sənət meyarları kimi qiymətləndirir. E. Mehrəliyev eyni zamanda akademik Bəkir Nəbiyevin tədqiqatlarını ilk növbədə isə “Böyük vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” (Bakı, Elm,1977) monoqrafiyasının müasir dövrümüzdə əhəmiyyətli olduğunu vurğulayır.

Xalqımızın Qarabağ uğrunda ədalətli mübarizəsi, şübhəsiz ki, 90-cı illər ədəbiyyatşünaslığında müəyyən aspektlərdə araşdırılmışdır. Qarabağ müharibəsinin ilk illərində doğru və dərin bir fikir tənqidçi-professor Yaşay Qarayev tərəfindən söylənilmişdir: “. . . döyüşən bədii prosesdə ön xəttə poeziya və publisistikaya can atar”. (Qarayev Y. V. Tarik: “Yaxından və uzaqdan”, Bakı-1996, s. 576)

Qarabağ müharibəsi mövzusunun müəyyən istiqamətləri Anarın, B. Vahabzadənin, Y. Qarayevin, B. Nəbiyevin, Ş. Salmanovun, N. Cəfərovun, A. Səfiyevin, V. Yusiflinin, E. Mehrəliyevin, A. Bayramoğlunun, A. Vəziroğlunun, M. Nəcəfovanın, S. Şərifovanın, A. Binnətovanın, H. Nəsibovanın və başqalarının məqalə və kitablarında əks olunmuşdur.

Ədəbiyyatşünaslığın elmi-nöqteyi nəzərindən ilk dəfə olaraq məqsədli şəkildə Qarabağın müdafiəsi mövzusu Elçin Mehrəliyev tərəfindən araşdırılmışdır. Tənqidçi “Müharibə və ədəbiyyat” (90-cı illərin Azərbaycan ədəbiyyatı əsasında) namizədlik dissertasiyası yazmış və 2001-ci ildə uğurla müdafiə etmişdir. Bundan bir il əvvəl isə “Müharibə və ədəbiyyat” monoqrafiyasını çap etdirmiş və ədəbi-tənqidin müzakirəsinə buraxmışdır. Monoqrafiyanın yüksək məziyyətlərindən bəhs edən Ş. Salmanov yazır: “Elçin öz kitabında Azərbaycanın ayrılmaz tərkib hissəsindən olan Qarabağı müdafiə mövzusuna həsr edilmiş bədii əsərlərdən ilk dəfə olaraq sistemli şəkildə nəzərdən keçirmiş, həmin əsərlər vasitəsi ilə ədəbiyyatımızda vətənpərvərlik ideyalarının, vətəndaşlıq motivlərinin dərinləşməsini göstərmişdir, ədəbiyyatın vətən müharibəsi şəraitində, müharibə dövrünün ictimai və sosial proseslərində rolunu müəyyən etməyə çalışmışdır. Bu isə ona tədqiqtlarında müharibəyə doğru ədəbi prosesin bir çox meyillərini izləməsinə, təhlil və təfsir etməsinə imkan yaratmışdır. Demək lazımdır ki, müharibə ədəbiyyatını ilk dəfə tədqiqata cəlb etmək baxımından bu, heç də kiçik bir məsələ deyildir. Müharibə mövzusu müasir ədəbiyyatımızda yeni və geniş bir mövzudur. Yenidir, ona görə ki, bu müharibədə biz öz torpaqlarımız, öz vətənimiz, öz milli ərazi bütövlüyümüz uğrunda mübarizə aparırıq; keçmişdir, ona görə ki, o, yalnız cəbhə həyatı, od-alovun təsviri deyildir, bu hər şeydən əvvəl, öz milli varlığımızın dərki ilə sıx bağlı bir mövzudur. Elçin tədqiqatında müharibə mövzusu ilə əlaqədar əsərləri təhlil edərkən problemə mümkün qədər bu nöqtədən baxmağa çalışmışdır”. (Ş. Salmanov “Redaktordan”, s. 6-7 )

E. Mehrəliyevin “Müharibə və ədəbiyyat” mövzusunda yazdığı namizədlik dissertiyası ilk tədqiqat kimi faydalıdır. Müəllif dissertasiyasında qarşısına qoyduğu məqsəd və vəzifələrin öhdəsindən layiqincə gələ bilmişdir. Belə ki, o, disertasiyada müharibə problemi ilə ilgili ədəbiyyatın mövzu və ideya müasirliyini göstərmiş, müharibəni əks etdirməklə yeni qəhrəman-döyüşçü obrazı yaratmaq sahəsində bədii axtarışlarını meydana çıxarmış, bu axtarışların nəzəri təsnifatını vermiş, Qarabağ uğrunda mübarizəmizin ədəbiyyatda vətən müharibəsi kimi əks olunmasını göstərmiş və bunun səbəblərini aydınlaşdırmış, müharibənin bədii inikası nəticəsində ədəbiyyatın janr, üslub və sənətkarın meyillərini vermiş, mövzunun ədəbiyyatımızda yeni ədəbi mərhələnin təşəkkülündə rolunu araşdırmışdır.

Publisist-jurnalist, nasir Anar Vəziroğlu da 2002-ci ildə çap etdirdiyi “Ayağa dur, Azərbaycan!” (Çağdaş Azərbaycan poeziyasında milli vətənpərvərlik mövzusu (1980-1990-cı illər) monoqrafiyasında 1980-1990-cı illər Azərbaycan poeziyasının keçdiyi yolu işıqlandırmış, əsasən milli vətənpərvərlik, istiqlal savaşı, Qarabağ müharibəsi ilə bağlı məsələlərə toxunmuşdur. Əsərdə 90-cı illər Azərbaycan poeziyasının keçdiyi yol elmi- publisist səviyyədə ədəbiyyatımızın vətənpərvərlik mövqeyi təhlil predmetinə çevrilmişdir.

Müasir ədəbiyyatşünaslığımızda Hicran Nəsibovanın “ Müasir Azərbaycan poeziyasında milli azadlıq hərəkatı” (1985-1995-cı illər) monoqrafiyasının xüsusi yeri var. Tədqiqatçı bu əsərinin birinci fəslinin bir bölməsini “Poeziyada Qarabağ problemi və onun bədii tarixi yozumu ”məsələsinə həsr etmişdir. Monoqrafiyada Qarabağ probleminin mahiyyətini B. Vahabzadə, M. Araz, X. R. Ulutürk, S. Rüstəmxanlı, Z. Yaqub kimi görkəmli şairlərimizin yaradıcılığının işığında təhlil edən H. Nəsibova 1985-1995 – ci illər Azərbaycan poeziyasının bədii-tarixi mərhələ kimi səciyyəsini, bu dövr poeziyasına xas olan poetik, fəlsəfi xüsusiyyətləri aşkara çıxarmaq üçün doğru olaraq belə bir təsnifat təklif edir:

-80-ci illər poeziyasında vətənin bütövlüyü ideyasının səciyyələndirən ideya- bədii xüsusiyyətləri ümumiləşdirmək.

- Qarabağ problemi və onun bədii-tarixi yozumunu, qaçqınlığın milli faciə kimi poeziyada əksini səciyyələndirmək.

-Meydan hərəkatı, onun tarixi mənasının poetik tərənnümü, imperiya siyasətinin əsas mahiyyətini əks etdirən şer nümunələrinin təhlili.

-Müasir poeziyada şəhidlik mövzusu ilə bağlı pekviyem janrının formalşması, 20 Yanvar faciəsi ilə əlaqədar poetik fəryadların səciyyəsi və faciəvi duruma qarşı daxili etiraz səsləri və s. H. Nəsibova geniş təhlilini ümumiləşdirərək belə nəticəyə gəlir ki, xalqımız üçün çox ağrılı olan Qarabağ problemi, onun tarixi yozumu poeziyada hərtərəfli əks olunmuş və tədqiqata cəlb edilmiş əsərlər şairlərin həmin problemə münasibətini düzgün əks etdirmişdir.

Almaz Binnətovanın “Poeziyada milli azadlıq duyğuları” (Bakı 1997) kitabı da müasir poeziyamızın ən gərgin bir dövründən, milli özünüdərk, milli oyanış, azadlıq hərəkatı prosesində yaranan yeni məzmunlu poetik nümunələrin aktual əhəmiyyətindən bəhs edir. Eyni zamanda Qarabağın müdafiəsi uğrunda mübarizə poetikası elmi konteksdə müəyyən qədər araşdırılır.

Monoqrafiyanın elmi əhəmiyyətini, tədqiqatçı niyyətinin ciddiliyini yüksək qiymətləndirən professor Vaqif Arzumanlı yazır ki, diqqətəlayiq cəhətlərdən biri də budur ki, müəllif 80-cı illərdə milli-bədii özündərk şərtlərindən iki əsas mövzu konkret müəyyənləşdirə bilmişdir. Bunların birincisi şəhidlik, ikincisi isə qaçqınlıq mövzusudur. Obrazlı desək, birinci mövzuda cansız şəhidlərdən, ikincidə isə canlı şəhidlərdən bəhs olunur. Beləliklə də, A. Binnətovanın monoqrafiyası, V. Səmədoğlunun dəqiq sözləri ilə desək, “Kəfənə bürünmüş poeziyanın” bədii-tarixi taleyinə həsr olunub. Həmin tale isə Azərbaycan ədəbiyyatında yeni mərhələnin, demokratiya və milli müstəqillik uğrunda mübarizə mərhələsinin başlanğıcı idi. Beləliklə, 90-cı illər Azərbaycan poeziyasında Qarabağ mövzusunun ədəbiyyatşünaslığımızda işlənmə istiqamətləri dağınıq və pərakəndə şəkildədir. 90-cı illər Qarabağ mövzusunun palitrası demək olar ki, işlənməmişdir. Düzdür, başlanğıc dövrlərdən Qarabağ probleminin kəskin xarakter aldığına qədər olan müddət poetik axtarışlarda sərf-nəzər edilmişdir. Lakin ondan sonrakı mərhələlər tədqiqatdan kənarda qalmışdır. Buna görə də çağdaş dövrümüzdə bu mövzunun daha geniş, daha dərin işlənməsinə ehtiyac var.

 

1 ... 7 8 9 ... 1000

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007425

 

Site by Webcoder