az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

İNTELLEKTUAL MÜLKİYYƏT VƏ ONUN HUQUQİ QORUNMA SİSTEMİ
İNTELLEKTUAL MÜLKİYYƏT VƏ ONUN HUQUQİ QORUNMA SİSTEMİ
Natiq    İsayev
Mülki hüququn subyektləri arasında əqli mülkiyyətin nəticələrindən istifadə ilə bağlı hər hansı hüquqi münasibətlərin qurulmasında digər hüquqlarla yanaşı, əqli yaradıcılığın nəticələrinə olan müstəsna hüquqların əhəmiyyətli yeri vardır. Bir çox ölkələrin qanunvericilik aktlarında bu hüquqları ifadə etmək üçün adətən ümumiləşmiş formada intellektual mülkiyyət (əqli mülkiyyət) terminindən istifadə edirlər. Əqli mülkiyyət qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada vətəndaşın, yaxud hüquqi şəxsin intellektual yaradıcılığın nəticələrinə, yaxud ona bərabər tutulan məhsullara, yerinə yetirilən iş və xidmət növlərinə (firma adı, əmtəə nişanı, xidməti nişan və s.) müstəsna hüquqlar kimi tanınır. Lakin intellektual mülkiyyət termininin hansı formada şərh edilməsindən asılı olmayaraq, dünya hüquq elmində bu anlayışa münasibətdə iki yanaşma üsulu üstünlük təşkil edir. Bəzi alimlər bu anlayışın qanunvericilik sənədlərində möhkəmlənməsini normal hal kimi qəbul edir, bir qrup alim isə belə hesab edir ki, bu termindən ancaq siyasi aktlarda istifadə edilməsi daha düzgündür və praktiki yönümlü hüquqi normalara daxil edilməsi məqsədəuyğun deyil.

Qeyd etmək lazımdır ki, bu cür yanaşma üsullarının formalaşmasının tarixi əsasən 19-cu əsrin sonlarından başlayır. Bu illərdə intellektual mülkiyyət anlayışının və onun tərkibinə daxil olan ədəbi-bədii və sənaye mülkiyyətlərinin artıq bir çox ölkələrin qanunvericiliklərində və vacib beynəlxalq konvensiyaların mətnlərində geniş şəkildə istifadə olunmasına baxmayaraq, hələ də o, alimlərin bir hissəsi tərəfindən kəskin tənqid olunmaqda davam edirdi. Lakin eyni zamanda bu anlayışın tərəfdarları da çoxalırdı.

“İntellektual mülkiyyət” termininin mənşəyi haqqında qısaca nə demək olar? Elmi ədəbiyyatlarda bu termini daha çox 18-ci əsrin sonunun fransız qanunvericiliyi ilə bağlamaq meyli daha güclüdür. Həqiqətən, həmin dövrün fransız qanunvericiliyində müəllif hüququ və patent hüququ təbii hüquqlar kimi qəbul edilir və hər hansı yaradıcılıq nəticəsinə (ədəbi, bədii, elmi əsər, sənaye mülkiyyəti) olan hüquqlara yaradıcının ayrılmaz, yəni təbiətin verdiyi hüquqlar kimi baxılırdı. Dövlət hakimiyyətinin bu huquqları tanımasından asılı olmayaraq, bu hüquqların mövcudluğu qəbul edilirdi.

Maraqlıdır ki, o zaman yaradıcının yaradacılıq əməyinin nəticəsinə olan hüquqlarına və sahibkarın, yaxud maddi daşıyıcını öz əməyi ilə yaradan şəxsin həmin əmlaka olan hüquqlarına eyni səviyyəli hüquqlar kimi baxılırdı. Mülkiyyət hüququ kimi yaradıcılıq fəaliyyətinin nəticəsinə olan hüquq da öz sahibinə bu nəticədən öz istəyinə uyğun qaydada istifadə üçün müstəsna imkanlar yaratmağı təmin etməli, hər hansı digər şəxsin həmin hüquq sahibinin müstəsna hüquqlarından istifadə dairəsinə icazəsiz müdaxiləsini istisna etməli idi.

Fransızların 1791-ci il tarixdə qəbul etdiyi patent qanununda bəyan edilməsi və həyata keçirilməsi cəmiyyət üçün faydalı olan hər hansı yeni ideyanın onu yaradana məxsus olması, yeni sənaye ixtirasına onu yaradanın mülkiyyəti kimi baxılması bir norma kimi təsbit edildi və buna əməl edilməməsi insan hüquqlarının məhdudlaşdırılması kimi qəbul edildi. Yaradıcılıq nəticələrinə bu cür əhəmiyyət verilməsi və yaradıcı şəxslərin hüquqlarının tanınması və qorunması ilə bağlı normaların qanunvericiliklərdə öz əksini tapması ədəbi və sənaye mülkiyyəti anlayışlarının da mövqelərinin cəmiyyətdə möhkənlənməsinə səbəb olurdu.

Qeyd etmək lazımdır ki, həmin dövrlərdə müəllif hüququna “mülkiyyətin ən müqəddəs növü” kimi baxılması ideyası da geniş yayılmışdı və bu öz əksini ilk dəfə olaraq ABŞ-ın bəzi ştatlarının qanunlarında, o cümlədən Massaçuses ştatının 17 mart 1789-cu il tarixli qanununda tapmışdı. Bu sənəddə göstərilirdi ki, “insana məxsus olan onun əqli əməyinin nəticəsindən daha dəyərli mülkiyyət yoxdur”. Müəllif hüququ ilə bağlı eyni məzmunlu fikirlər həmin illərdə artıq Saksoniya, Prussiya, Danimarka, Norveç və bir sıra digər ölkələrin qanunlarına da daxil edilmişdi.

Lakin o zaman müəllif və patent hüquqlarının obyektlərinə mülkiyyət kimi baxılmasının və bu obyektlərə hüquqların mülkiyyət hüququ ilə eyniləşdirilməsinin səbəblərini ancaq təbii hüquqlarda axtarmaq o qədər də düzgün olmazdı. Bu baxımdan belə yanaşmanın kapitalizmin inkişafından doğan mülkiyyət münasibətlərinin tənzimlənməsi vacibliyi ilə diqtə edilməsini nəzərə almaq lazımdır. Çap dəzgahının ixtira edilməsi və manufakturaların meydana çıxması kapitalizmin sürətli inkişafının nəticəsi kimi vəziyyəti kəskin şəkildə dəyişdirmişdi. Yaranmış şəraitdə hər hansı əlyazması, yaxud maddi daşıyıcıya köçürülmüş əsər artıq sənaye üsulu ilə çox qısa müddətdə və nisbətən ucuz qiymətə çoxaldıla və yayıla bilərdi. Getdikcə istehsalata daha tez-tez yeniliklər tətbiq olunur və bu yeniliklər manufaktura sahiblərinə rəqibləri ilə müqayisədə böyük üstünlüklər verirdi. Əlbəttə, kitabın çapını və ixtiranın tətbiqini ilk dəfə həyata keçirənlər bu işə xeyli sərmayə qoyur və müəyyən vaxt sərf edirdilər. Təbii ki, onlar bu və ya digər formada əsərlərin və texniki yeniliklərin yaradıcılarının əməyini də ödəyir, kitabın nəşrə hazırlanması və s. işlərin görülməsi üzrə məsrəfləri də öz üzərlərinə götürürdülər. İlk dəfə bazara çıxarılan mal öz sahibinə başqaları qarşısında müəyyən üstünlüklər qazandırırdı.

Lakin bəzən bu üstünlüklər bir anın içindəcə yox olur, bu işə sərmayə qoyanlar külli miqdarda ziyana düşür, bütöv bir mexanizm sərfəsiz işə çevrilirdi. Bəs bunun səbəbləri nədə idi? Bir çox hallarda nəşr olunmuş kitablar və istehsalatda tətbiq olunan yeniliklər kənar şəxslər tərəfindən artıq hazır şəkildə mənimsənilir və icazəsiz istifadə olunurdu, yəni indiki anlamda olan piratçılıq fəaliyyəti formalaşırdı. Aydındır ki, ilkin xərcləri çəkmədiklərinə görə onlar həmin malları bazarda daha ucuz qiymətə atırdılar. Belə vəziyyət tədricən texniki tərəqqinin və mədəni dəyərlərin inkişafının və yayılmasının qarşısında ciddi maneəyə çevrilirdi. Nəticədə ədəbi və texniki yaradıcılığın nəticələrinə ilkin olaraq vəsait qoyan, yeni ideya və baxışları yayan və təbliğ edən şəxslərin maraqlarının qanunla müdafiə olunmasına obyektiv zərurət yaranırdı.

İlk dövrlərdə bu şəxslərin maraqlarının qorunması ayrı-ayrı nəşriyyatlara və manufaktura sahiblərinə müəyyən əlavə imtiyazlar verilməklə təmin olunurdu. Lakin kapitalizmin mövqelərinin getdikcə güclənməsi ilə dövlət hakimiyyət orqanları tərəfindən verilən imtiyazlar sisteminin qanunvericilik aktları ilə əvəz olunması prosesi də sürətlənirdi. Əsərlərin və texniki yeniliklərin yaradıcılarına və onların hüquqi varislərinə onlara məxsus yaradıcılıq nəticələrinə müstəsna hüquqlar tanınır və qanunla müəyyən edilən müddətdə bu hüquqlardan istifadə üçün hüquqi əsaslar yaradılırdı.

Müasir anlamdakı ilkin müəllif və patent qanunlarının yaranması tarixi 17-ci əsrin əvvəllərinə qədər gedib çatır və elmi ədəbiyyatlarda bu tarixin İngiltərə ilə bağlanması özünə artıq yer tutmuş bir faktdır. 1623-cü ildə kral Yakob Stüartın hakimiyyəti dövründə qəbul olunmuş “Monopoliyalar haqqında status” qanunu ilə texniki nailiyyətləri yaradanların və tətbiq edənlərin müstəsna və heç kimdən asılı olmayan hüquqları tanınır və həmin şəxslərin öz yaradıcılıq nəticələrinə 14 il müddətində müstəsna hüquqlarının olduğu bəyan edilirdi.

1710-cu ildə İngiltərədə daha bir qanun - ilk müəllif hüququ qanunu meydana çıxdı. Bu qanunla müəllifə əsərinin nəşri üçün onun yaradıldığı andan 14 il müddətinə müstəsna hüquq verilir və həmin müddətin müəllifin sağlığında daha 14 il müddətinə uzadılması da nəzərdə tutulurdu. Elə həmin dövrlərdə kiçik zaman fərqləri ilə İngiltərə ilə yanaşı bir sıra digər Avropa ölkələrində və ABŞ-da da müəllif və patent hüququ qanunları qəbul edildi.

Qeyd edilən ilk qanunların müəyyən özünəməxsus xüsusiyyətlərinin olmasına baxmayaraq, mütəxəssislərin fikrinə görə, onlar yaradıcı şəxslərdən daha çox naşirlərin və istehsalçıların maraqlarının qorunmasına xidmət etmişdir. Çünki bazarda satılan yaradıcılıq əməyinin nəticələri adətən müəlliflərə və ixtiraçılara yox, məhz naşirlərə və istehsalçılara məxsus olurdu. Buna görə də onların bazarda monopoliyaya malik olması adi zərurətdən irəli gəlirdi, texniki nailiyyətlərin bilavasitə yardıcılarının hüquqları isə cəmiyyəti az maraqlandırırdı. Lakin bu, heç də yaradıcı şəxslərin hüquqlarının həmin dövrlərdə özbaşına buraxılması kimi başa düşülməməlidir. Mövcud qanunvericiliyə əsasən, naşirlər və istehsalçılar müəlliflərə və ixtiraçılara məxsus hüquqları əvvəlcədən satın almadan onları monopol rejimdə istifadə edə bilməzdilər, yəni əvvəl əsərin, texniki nəticənin, yaxud texniki həllin yaradıcısının intellektual hüququ tanınmalı və sonra ondan istifadə ilə bağlı məsələlər tənzimlənməli idi. Şübhəsiz, bu cür tanınma öz yaradıcılıq əməyinin nəticələrini istifadəçilərə satmaq imkanı əldə edən müəlliflərə daha çox sərf edirdi.

Bir sıra ölkələrdə artıq işlədilən və nəzəri cəhətdən əsaslandırılan ədəbi-bədii və sənaye mülkiyyəti ifadələrini müəyyən müddətdən sonra bir konstruksiyada birləşdirmək və intellektual mülkiyyət termini ilə adlandırmaq meyli tədricən güclənir və bu anlayış öz əksini artıq qanunvericiliklərdə tapmağa başlayırdı. Bununla birlikdə, Avropa ölkələrinin çoxunda müəlliflik hüququ və patent hüququna mülkiyyət kimi baxılması və ya yaradıcılıq nəticələrinin yaradıcılarının hüquqlarının mülkiyyət hüququna bərabər tutulması 19-cu əsrdə daha geniş yayılmışdı.

1883-cü ildə Sənaye mülkiyyətinin qorunması üzrə Paris Konvensiyası qəbul edildi və qeyd olunan Konvensiya bu gün də sənaye mülkiyyəti hüquqlarının qorunması sahəsində ən nüfuzlu beynəlxalq Sazişlərdən biri sayılır. Elə buradaca qeyd etmək lazımdır ki, intellektual mülkiyyət hüquqlarının ən vacib hissəsi - müəllif hüququnun qorunması da həmin illərin gündəmində olan ən vacib məsələlərdən biri idi və 1886-cı ildə qəbul edilmiş Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası bu sahənin sonrakı inkişafında və milli qanunvericiliklərin formalaşmasında önəmli rol oynamışdı. Bir sözlə, intellektual mülkiyyət termini 19-ci əsrin sonunda artıq bir sıra ölkələrin qanunvericiliklərində, elmi ədəbiyyatda və praktikada geniş istifadə edilməyə başladı.

Hazırda dünyada intellektual mülkiyyət hüquqlarının qorunması və idarəçiliyi ilə məşğul olan ixtisaslaşmış Hökumətlərarası Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜMƏT) təsis edən Konvensiya 14 iyul 1967-ci il tarixdə Stokholmda qəbul edilmişdir. Bu Konvensiyaya uyğun olaraq, intellektual mülkiyyət istehsal, elmi və bədii sahələrdə yaradıcılıq fəaliyyətinin konkret nəticələrinə olan hüquqlar kimi qəbul olunurdu. Beləliklə, istər yeni formalaşan beynəlxalq, istərsə də milli qanunvericiliklərdə intellektual mülkiyyət termini özünə geniş yer tutmuşdur. Lakin artıq qeyd edildiyi kimi, bu anlayışın işlədilməsinə qarşı çıxanlar da var və onların əsas arqumentlərindən biri odur ki, maddi obyektlərlə öz mahiyyətinə görə qeyri maddi obyektlər olan müəllif əsərlərinin və müxtəlif texniki yeniliklərin hüquqi rejimini eyniləşdirmək olmaz, daha doğrusu, müəllif və patent hüquqları mülkiyyət hüququnun müdafiəsi üçün tətbiq olunan normalardan tamamilə fərqli hüquqi vasitələrlə müdafiə olunur. Digər bir arqument isə ondan ibarətdir ki, ərazi məhdudiyyəti qoyulmayan mülkiyyət hüququndan fərqli olaraq, müəlliflərin, ixtiraçıların və onların hüquqi varislərinin hüquqlarının qorunması ilə bağlı vaxt və ərazi məhdudiyyətləri tətbiq olunur.

İntellektual mülkiyyət anlayışı ilə bağlı bir cəhətə də  diqqət yetirmək vacibdir ki, Azərbaycanın iştirak etdiyi beynəlxalq müqavilələrdə onun mahiyəti necə izah edilir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜMƏT) təsis edən Konvensiyanın 2-ci maddəsinin 8-ci bəndi intellektual mülkiyyəti aşağıdakılara olan hüquqlara aid edir:

- ədəbi, bədii və elmi əsərlərə;

- ifalara, fonoqramlara və yayım təşkilatlarının verilişlərinə olan hüquqlara;

- insan fəaliyyətinin bütün sahələrində olan ixtiralara;

- elmi kəşflərə;

- haqsız rəqabətə qarşı müdafiyəyə;

- həmçinin ilkin istehsalat, elmi, ədəbi və bədii sahələrdəki intellektual mülkiyyətə olan bütün digər hüquqlara.

Sadalananların mahiyyətindən görünür ki, “intellektual mülkiyyət” termini yaradıcılıq fəaliyyətinin nəticələrinə və ona bərabər tutulan obyektlərə olan bütün hüquqları özündə birləşdirir.

Artıq qeyd etdiyimiz kimi, “intellektual mülkiyyət” ümumiləşdirici xarakter daşıyır və onun tərkibində ədəbi, bədii, elmi və sənaye mülkiyyətindən başqa, onların qorunmasını təmin edən qanunlarla əhatə olunmayan digər obyektlər də vardır. Bu cür obyektlərin qorunması üçün xüsusi qanunların qəbul edilməsi lazım gəlir. Buna görə də “intellektual mülkiyyət”ə ədəbi-bədii və sənaye mülkiyyətinin birlikdə götürüldüyü dairədən daha böyük və geniş anlayış kimi baxmaq lazımdır.

Müasir dünyada intellektual mülkiyyət obyektlərinin və bununla əlaqədar baxılan hüquqlar sisteminin mənbəyi araşdırılarkən intellektual mülkiyyətin bir neçə nisbi müstəqil olan institutunu fərqləndirmək mümkündür. Bu institutlar arasında sıx qarşılıqlı əlaqə və bir sıra ümumi normaların olmasına baxmayaraq, onların hər birinin öz əksini xüsusi qanunlarda tapmış özünəməxsus xüsusiyyətləri, vəzifələri, prinsipləri vardır.

Məsələn, müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəllif hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan müqasibətləri tənzimləyir.

Hüquqi ədəbiyyatda elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması üzrə fəaliyyətin stimullaşdırılmasını müəllif hüququnun əsas vəzifələrindən biri kimi qeyd edirlər. Bu məqsədlə qəbul edilmiş qanunvericilik aktları, o cümlədən 8 oktyabr 1996-cı il tarixdə qəbul edilmiş “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında“ Azərbaycan Respublikası Qanunu yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün lazımi şərait yaradılmasına imkan verir, yaradıcılıq fəaliyyətinin nəticələrinin hüquqi tanınmasını və qorunmasını təmin edir, müəlliflərin öz əsərlərindən istifadəyə olan hüquqlarının həyata keçirilməsinə və istifadəyə görə qonorar alınmasına şərait yaradır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu Qanun bütövlükdə müəllif hüquqlarının qorunması və idarə edilməsi sisteminə əhəmiyyətli yeniliklər etməklə yanaşı, pozulmuş müəllif hüquqlarının müdafiəsi üzrə məhkəmə işlərinə baxılması məsələlərinə də prinsipal müsbət dəyişikliklər gətirmişdir. Bu Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1996-cı il tarixli Fərmanı, həmçinin yeni qəbul olunmuş Azərbaycan Respulikası Mülki Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə, Cinayət Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına müəllif hüququ və əlaqəli hüquqlar üzrə dünya standartlarına uyğun olan müddəaların daxil edilməsi də intellektual mülkiyyət hüquqlarına Azərbaycan dövlətində yüksək qiymət verilməsinin təzahürlərindəndir.

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin  digər vacib vəzifəsi cəmiyyətin maraqları naminə əsərlərdən və əlaqəli hüquqların obyektlərindən geniş şəkildə istifadəyə şərait yaradılmasıdır. Başqa sözlə, müəlliflik hüququ və əlaqəli  hüquqların qorunma səviyyəsinin yüksəldilməsi hələ müəllif hüququ sahəsinin yüksək səviyyəsindən xəbər vermir. Əsərlərdən və əlaqəli hüquqlar obyektlərindən müəyyən məqsədlər üçün, məsələn, təhsil və maariflənmə məqsədi ilə sərbəst istifadəyə, geniş oxucu, dinləyici və tamaşaçıların onlarla tanış olmalarına da şərait yaradılmalı, yəni cəmiyyətin ümumi maraqları da nəzərə alınmalıdır.

Müəllif hüququnun göstərilən vəzifələri onların yüksək dərəcədə imperativliyə malik olan və ictimai əhəmiyyət daşıyan prinsipləri ilə sıx surətdə bağlıdır. Bu prinsiplərin nəzərə alınması müəllif-hüquq qanunvericiliyinin bütövlükdə və ayrı-ayrı normalarının düzgün şərh və tətbiq edilməsinə, həmçinin qanunvericilikdə birbaşa cavabı olmayan bəzi məsələlərin cavablandırılmasına kömək edir.

Azərbaycanın intellektual mülkiyyət hüquqları sisteminin əsas prinsipi öz əksini Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsində tanmışdır: “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur”. Bu müddəa yaradıcılıq müstəqilliyini təmin etməklə təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan bütün elm, ədəbiyyat və incəsənət əsərlərinin qorunmasına hüquqi baza yaradır və obyektiv formada olan hər hansı yaradıcılıq nəticəsini qorumaqla yaradıcı şəxslərə mövzu, janr və forma seçimində tam azadlıq, müstəqillik imkanı yaratmış olur.

Müəllif hüququnun müəllifin şəxsi maraqları ilə ictimai maraqların birləşməsini əks etdirən ikinci ən vacib prinsipi öz əksini daha çox digər hüquq institutlarında, o cümlədən mülki hüquqda tapmışdır. Bununla belə, bu prinsip müəllif hüququnda xüsusi əhəmiyyət daşıyır və əsər müəllifinin öz yaratdığı əsərdən istifadəyə monopol hüququnun tanınması ilə bağlıdır. Bu monopol hüququn sərhədlərinin müəyyən edilməsi nə qədər çətin olsa da, qanunvericilik əsərlərdən istifadə ilə bağlı hüquqlara müəyyən məhdudiyyətləri və istisna hallarını nəzərdə tutmaqla cəmiyyətin yaradıcılıq fəaliyyətinin nəticələri ilə eyni dərəcədə tanış olmaq maraqlarını da təmin etmişdir.

Lakin bu, heç də hüquqların müstəsnalığını inkar etmir, həmçinin müəllif hüququnun ən vacib prinsiplərindən olan şəxsi hüquqların bölünməz və özgəninkiləşdirilməz olub, əmlak hüquqlarından asılı olmayaraq müəllifə məxsus olması və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalması normasının həyata keçirilməsinə mane olmur. Müəllifin vərəsələri şəxsi hüquqların qorunmasını həyata keçirə bilərlər və vərəsələrin bu səlahiyyətləri müddətlə məhdudlaşdırılmır. Buna görə də əsərdən sərbəst istifadə hallarında belə istifadəçi müəllifin şəxsi hüquqlarına ciddi qaydada əməl etməlidir.

Azərbaycan müəllif hüququnun əsas prinsiplərindən biri də müəllif və istifadəçi münasibətlərinin müqavilə əsasında tərəflərin iradələrinin tam müstəqilliyi nəzərə alınmaqla tənzimlənməsidir. Müəllif və istifadəçi münasibətlərini ciddi surətdə reqlamentləşdirən və bir çox hallarda hətta onları məhdudlaşdıran keçmiş sovet qanunvericiliyində mövcud olan müxtəlif nümunəvi müəllif müqavilələrindən fərqli olaraq, yeni qanunvericilik tərəflər arasındakı münasibətlərin ciddi şəkildə reqlamentləşdirilməsindən imtina etmiş və onların iradəsini əsas götürən və tərəflərin mütləq qaydada razılaşdırmalı olduqları bəzi şərtləri müəyən edən formanı mümkün variant saymışdır. Bununla birlikdə müəllifin yaradıcılığına xələl gətirə biləcək hər hansı bir şərtin müəllif müqaviləsinə daxil edilməsi qanunvericiliklə qeyri-qanuni hesab edilmişdir.

Azərbaycanın müəllif hüququ kifayət qədər qədim tarixə malik olsa da, bu yazıda  həmin məsələnin araşdırılması məqsədi qoyulmamışdır. Lakin bu günkü kifayət qədər mürəkkəb və bütöv sistem olan müəllif huququnun mənbələrinə nəzər yetirilməsi çox vacibdir. Bunun üçün onun ierarxiya strukturuna baxılması maraqlıdır. Müəllif hüquqlarının tənzimlənməsində başlıca rol qanunvericilik aktlarına məxsusdur. Bu mənada artıq qeyd etdiyimiz “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu əsas yeri tutur. Qanunun 1-ci maddəsinə əsasən, o, Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəllif hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Göründüyü kimi, maddənin birinci hissəsi müəllif hüququnun obyektləri olan elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı münasibətləri, ikinci hissəsi isə fonoqramların, ifaların, yayım təşkilatlarının verilişlərinin yaranması və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. İkinci hissədə tənzimlənən münasibətlər birbaşa müəllif hüquqları olmasa da, onunla sıx bağlı, əlaqəli olan hüquqlardır və deməli hər ikisinin bir qanunla tənzimlənməsi məqsədəuyğundur.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu 5 bölmədən və 47 maddədən ibarətdir. Qanun Azərbaycanın mülki qanunvericiliyinin tərkib hissəsi olmaqla, onun normaları müstəsna olaraq aid olduğu sahə üzrə münasibətləri tənzimləyir. Yalnız mülki-prosessual xarakter daşıyan 44-cü maddənin və cinayət və inzibati qanunvericiliyə istinad edən 47-ci maddənin müddəaları istisna təşkil edir.

Bu qanunun strukturu kifayət qədər dəqiq və məntiqli olduğuna görə, onun normaları praktiki olaraq müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində hüquqi tənzimlənməyə tam imkan verir. Qanunun müstəsna xüsusiyyətləri barədə danışmaqdan əvvəl qeyd etmək lazımdır ki, Azərbaycanın müəllif-hüquq qanunvericiliyi beynəlxalq tələblər baxımından Avropa İttifaqı qanunvericiliyi və inkişaf etmiş ölkələrin qanunvericilikləri ilə bir səviyyədə durur. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə ilk dəfə olaraq ölkəmizdə müəllif-hüquq münasibətlərinin tənzimləməsi Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının müəyyən etdiyi təminatlar səviyyəsinə uyğunlaşdırılıb. Əlaqəli hüquqlarla bağlı münasibətlər isə ümumiyyətlə Azərbaycan qanunvericiliyi üçün yeni hadisədir.

Qanun müəlliflik hüququ və əlaqəli hüquqların sahiblərinə onlara məxsus hüquqlardan istədikləri qaydada istifadə etməyə geniş imkanlar yaratmışdır ki, bu da yeni bazar münasibətlərinin tələbləri baxımından çox əhəmiyyətlidir.

Yeni Qanunun daha bir xüsusiyyəti qeyd etmək vacibdir, keçmiş sovet qanunvericiliyindən fərqli olaraq, hüquqi şəxslərin əsərlərə müəlliflik hüququnun tanınmasından imtina edilmişdir. Qanunda bu, birbaşa göstərilməsə də, əsərin müəllifinin yalnız fiziki şəxs ola bilməsi norması belə fikir söyləməyə tam əsas verir. Digər bir yenilik və özünəməxsusluq isə Qanunda müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə olunmasının nəzərdə tutulmasıdır.

Qanunun başlıca xüsusiyyətləri barədə danışarkən, şübhəsiz,  kompüter proqramlarının və məlumat bazalarının müəllif hüququnun obektləri sırasına daxil edilməsini və əsər kimi qorunmasını da xüsusi qeyd etmək lazımdır.

İntellektual mülkiyyət hüququnun əsas obyektlərindən biri olan əsərin termin kimi məzmunu ilə bağlı hüquqi ədəbiyyatlarda müxtəlif fikirlər mövcuddur. Artıq yuxarıda göstərdiyimiz kimi, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Buradan aydın olur ki, qanunvericiliyimizdə əsərə yaradıcılıq fəaliyyətinin obyektiv formaya malik olan nəticəsi kimi baxılır. Lakin əsərə “müəllifin yaradıcılıq əməyi nəticəsində insan duyğularının qavraya biləcəyinin surətinin çıxarılmasına imkan verən konkret formada əksini tapmış qeyri maddi obyekt” kimi baxılması fikri də geniş yayılmışdır. Bununla yanaşı, “əsər-ideyaların, fikirlərin və obrazların məcmusudur”. “Əsər insanın əqli fəaliyyətinin nəticəsidir, insan beyni isə ancaq qeyri - maddi obyekt istehsal edə bilər”. Deməli, qeyri-maddi mahiyyətə malik olan əsərlə onun ifadə edildiyi maddi daşıyıcını, yəni maddi obyekti, məsələn əlyazmasını, şəkli, not yazısını və s. fərqləndirmək vacibdir.

Bəzi hallarda əsərin öz maddi daşıyıcısından ayrılmaz formada olması da mümkündür. Rəsm və heykəltraraşlıq əsərləri öz formasına o dərəcədə daxil olur ki, onları praktiki olaraq maddi daşıyıcısından ayırmaq mümkün olmur, yəni əsərlə onun ifadə edildiyi maddi daşıyıcı vahidləşir. Bununla belə, əsər hətta onun ifadə edildiyi maddi daşıyıcının məhv olduğu halda belə müəlliflik hüququ ilə qorunur. Deməli, əsərə müəlliflik hüququ onun ifadə edildiyi maddi obyektə olan mülkiyyət hüququ ilə bağlı deyil. Maddi obyektə mülkiyyət hüququnun və ya maddi obyektə sahiblik hüququnun verilməsi Qanunda göstərilən xüsusi hallar istisna olmaqla, bu obyektdə ifadə edilmiş əsərə müəlliflik hüququnun verilməsinə səbəb olmur (Qanunun 5-ci maddəsi).

Təsviri sənət əsərləri ilə bağlı bəzi qaydalar isə istisna təşkil edir. Belə əsərə mülkiyyət hüququnu əldə etmiş şəxs avtomatik olaraq ayrı-ayrı müəlliflik hüququna da sahib olur, məsələn, əsəri heç bir qonorar ödənilmədən sərgidə nümayiş etdirmək hüququ və s. Lakin Qanunun 16-cı maddəsinə görə, “Təsviri sənət əsərinin müəllifinin mülkiyyətçidən öz əsərinin surətinin çıxarmaq hüququnun həyata keçirilməsinə imkan verilməsini tələb etmək hüququ vardır (təmasda olmaq hüququ). Deməli, müəllif hüququnun obyektləri o əsərlər sayıla bilər ki, onlar yaradıcılıq fəaliyyətinin nəticəsi olsun və obyektiv formada ifadə edilsin.

Əsərin yaradıcılıq yaradıcılıq fəaliyyətinin nəticəsi olmasının əsas göstəricisi onun yeniliyindədir. Burada yeniliyə əsərin orijinallığının əsas təzahür forması kimi baxılır. Deməli, müəllif hüququnun obyekti olan əsərin əsas əlamətləri onun orijinallığı, yeniliyi, obyektiv formada ifadə edilməsi və təkrarolunmazlığıdır. Bu cəhət də vacibdir ki, müəllifin yaradıcılıq əməyinin nəticəsi olan əsər yalnız hər hansı bir obyektiv formada ifadə ediləndən sonra müəllif hüququnun obyekti olur. Əlavə etmək lazımdır ki, müəllif hüququnun şamil edildiyi əsərlər yazılı, şifahi, səs, yaxud videoyazılma, təsviri, həcmli-fəzavi və digər formalarda ola bilər.

Müəllif hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydə alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Müəlliflik hüququ əsərin yaradılması anından yaranır. Lakin əsər müəllifləri onu müəlliflik huququnun qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirə bilərlər. Bu qeydiyyat könüllü xarakter daşıyır. Əsərini qeydiyyatdan keçirən şəxslərə Əsərin qeydiyyatı haqqında Şəhadətnamə verilir. Bu şəhadətnamə müəlliflik prezumpsiyası kimi çıxış etməsə də, məhkəmə çəkişmələrində və hüquqların həyata keçirilməsində böyük əhəmiyyətə malikdir.

1 ... 17 18 19 ... 1000

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.016422

 

Site by Webcoder