Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 25 Sentyabr 2020, Cümə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Təbiət hadisəsindən insan faciəsinə
Təbiət hadisəsindən insan faciəsinə
Yazıçının özünü sığortalamasına baxmayaraq, həqiqəti bu əsərdə tam əminliklə axtara bilərsiniz
Nərgiz Cabbarlı. tənqidçi, publisist, tərcüməçi
Müharibə ona kənardan baxanlar üçün maraqlı, içində olanlar üçün faciədir. Və bu, (kənardan baxmaq, yoxsa içində olmaq!!!) sənin müharibəyə məruz qalan ölkənin Vətəndaşı olub-olmamağından asılı deyil. Məsələn, nə qədər Azərbaycan vətəndaşı var ki, müharibə onun üçün ən yaxşı halda ekranda gördüyü, efirdə eşitdiyi «… nəfər şəhid verildi» xəbərindən, ən pis halda isə qonşu qapısına gələn Şəhid tabutundan ibarət olub. Vəssalam! Amma o faciəni yaşamaq, onun ağrısını hiss etmək və əsl müharibənin nə olduğunu bilmək bu ölkənin hər vətəndaşına nəsib olmayıb (müəyyən mənada - nə yaxşı da ki…).

Eyni məsələ ədəbiyyatımıza da aiddir. İllərdir müharibə yaşayan bir ölkənin ədəbiyyatına Müharibənin İzi düşmür. Düşürsə də, məqsədli salınırsa da, ağrısı «qonşu qapısına gələn tabut»un yaşatdığı ağrıdan o yana işləyə bilmir ki, bilmir. Verdiyi təəssürat bir az üzüntü, kədər, bir az anlaşılmazlıq, bir az da «şükür, mənim başıma gəlməyib» sevinci (!!!) qədər olan bu əsərlərdə ya hər şey olduğundan sadə, olduğundan üzdə, ya da verilən qurbanların, itkilərin milyondan biri qədər az görünür…

Səbəbləri haqqında düşündükdə isə ya yazıçının haqqında yazdığı predmetə (bu məqamda müharibəyə) bələdlilik səviyyəsinin az olması, ya bələdliliyi olsa da istedad gücünün mövzunun ağırlığına tən gələ bilməməsi, ya da öz şəxsi faciəsi (məsələn, şəhid verməsi) fonundan çıxa bilməməsi (bununla da gerçəkdə baş verənlərin bu fonda itib-batması, arxa planda qalması) üzərində dayanmalı olurduq. Yəni reallıq bu idi.

Halbuki bu qədər dinamik və görünməz sürətlə dəyişən hadisələri, qarışıqlığı, bu qarışıqlıq içində yaşanmış çaşqınlığı, dəhşətləri böyük mənada Ədəbiyyatın mövzusuna çevirmək vacib idi. Bu zərurət təkcə tarix və gələcək baxımından deyil, Ədəbi materiala çevrilə biləcək gerçək problemin mövcud olduğu üçün də aktual idi. 

Amma yaranan nümunələrdə nə yaşanmış gerkçək müharibənin izlərini, nə o hadisələrin gerçək təəssüratını, nə də bu sarsıntıdan keçmiş İnsanın gerçək psixoloji durumunu görmək olmurdu.

Bu dəfə haqqında danışmaq istədiyimiz nümunə - roman (bunu roman adlandırmaqda tərəddüd edirik - hər halda, roman şəklinə düşməsi üçün müəyyən dərəcədə olsa da, işlənməyə ehtiyac duyulur) müharibədən bəhs edən nəsr nümunəsindən umduğumuz bir çox xüsusiyyətləri özündə birləşdirir. Aşağıda bu barədə ətraflı danışacağıq. Hələliksə qeyd edək ki, əsəri oxuduqdan sonra nəfəs dərib bir sözü deyə bildik: Əvvəlinə «xahiş edirəm bu əsərdə kimsə nə isə axtarmasın, bu yazıçı təxəyyülündən başqa bir şey deyil» kimi yazıçını sığortalayan bir cümlə yazılsa da (səbəbi bəllidir, amma üzərində dayanılacaq qədər maraqlı deyil, hər halda, tənqidçi üçün əsas olan nəti\cə - yəni ədəbi materialdır), əminliklə demək olar: dövrün insanlarının böyük əksəriyyətinin anlamadığı, hələ də dərininə qədər dərk edə, özü üçün aydınlaşdıra bilmədiyi, müəmma saydığı bir çox hadisələrin gerçək qatını, tam reallıq olmasa belə, reallığa çox yaxın vəziyyətini bu əsərdə görmək mümkündür. Bu əsər bir çoxlarının yaddaşındakı müəmma dolu hadisələrə müəyyən qədər aydınlıq gətirir. Yəni istər müasir, istər gələcək oxucu Qarabağ müharibəsi ilə bağı bir çox həqiqətləri bu əsərdə ürək rahatlığı ilə axtara və tapa bilər.

Təbii ki, əsərin bədii keyfiyyətləri haqqında detallı danışacağıq və işimiz də bundan ibarətdir. Amma əsas olan uzun illərdən bəri axtardığımız (bu məqamda öz adımdan danışıram), amma müəyyən əsərlərdə yalnız kiçicik işartısını, zərrəsini tapa bildiyimiz həqiqətdir ki, bu, «Dolu»da var. Müəllifin baş verən proseslərin içində olması (təkcə müşahidəçi deyil, həm də iştirakçı qismində), haqqında yazdığı predmetə dərindən bələdliliyi və təbii ki, istedadı ilə bu bələdliliyin bir-birini tamamlaması Həyati həqiqəti Bədii həqiqətə çevirə bilib. Bu, əsərin əsas məziyyətidir! 

Başqa məziyyətləri haqqında - məsələn, əsərin dilindən, qəhrəmanlarının (müharibə içində yaşayan və yalnız müharibəninmi kobudlaşdırdığı mübahisəli olan qəhrəmanlarının?!) dilində olan, amma bu dəfə yerindəymiş kimi görünən vulqar ifadələrdən, xarakterlərdən, bəzən yerində olan, bəzən isə artıq görünən müəllif müdaxilələrindən, bəzən üzərində daha ətraflı dayanılmasına və daha ətraflı təsvirinə ehtiyac duyulan səhnələrin mövcudluğundan, müəyyən obrazların simvolik adlarla ifadəsindən (əsərdə konkretlik çox olduğu halda, müəllifin bəzi məqamlarda buna nə üçün ehtiyac duyması bir o qədər də anlaşılmır), süjet xəttindən olan pərakəndəlikdən (məsələn, hadisələrin əsas qəhrəman - Komandir obrazı ətrafında cərəyan etdiyini əsərin tam əvvəlindən deyil, ortalarından başlayaraq sonuna qədər, xüsusilə də yekunda müşahidə etmək olur, ümumiyyətlə, əsərin başlanğıcında istər təsvirdə, istərsə də təsvir predmetinin müəyyənləşdirilməsi seçmində çaşqınlıq hiss oşlunur) danışacağıq… Onu da qeyd edəcəyik ki, təsvirlərdə olan tələskənlik sanki müəllifin əsəri tez tamamlamağa çalışmasını (bu, başadüşüləndir), ondan qurtulmaq istəməsini göstərsə də, bəzi səhnələrin detallı və ətraflı təsviri mütləqdir, onun olmaması isə bir qədər natamamlıq yaradır (xüsusilə məhkəmə səhnəsinin)… 

Bir sözlə, qeyd etdiyimiz bu detalların bəziləri əsərin uğurunu təmin etdiyi halda, digərləri qüsurlarını nəzərə çarpdırır. Amma onu da unutmayaq ki, bu, əsərin jurnal variantıdır, yəni kitab halında dərci zamanı qeyd etdiyimiz bəzi xırdalıqların nəzərə alınması mümkündür.

Hadisələr müharibə ilə üz-üzə durmuş bir şəhərdə - Dünyanın Ən Varlı Şəhəri kimi ümumi adla adlandırılsa da, konkret bir məkanda cərəyan edir. O şəhər bu Ölkənin hücuma məraz qalmış bir bölgəsidir. Amma elə bir yer ki, uzun illər özünün yazılmamış qanunları ilə yaşayıb, qəhrəmanlıq və qorxaqlıq, oğurluq və düzgünlük, halallıq və haram haqqında öz anlayışı var. O şəhərin hansı şəhər olduğunu oxuduqca anlayan Azərbaycanlı oxucunun gözləri ilə baxdıqda, yerli koloritin çox gözəl, ustalıq və dəqiqliklə verildiyi hiss olunur. Kənar - yabançı oxucu gözü ilə baxdıqda isə ölkə içində ölkə, dövlət içində dövlət təəssüratı yaranır, amma yenə də yerli kaloritin dəqiqliyi yerli insan xarakterinin ustalıqla işlənməsi təsəvvürüı dəyişmir. Və bu vacib detaldır. Çünki hər hansı bir əsər (xüsusilə də müharibə həqiqətləri ilə bağlı olduğu üçün) yalnız bir məkanda oxunmaq üçün yazılmır.Məqam-məqam, yeri gəldikcə yazıçı bu şəhərlə bağlı müəyyən detallardan istifadə edir, orada baş verənlərin anlaşılması üçün əvvəlcə şəhərin özü və yaşamı haqqında təsəvvür formalaşdırır: «Ümumiyyətlə, bu şəhərdə sovet hökuməti yox idi. Və yetmiş ildi qura da bitlmirdilər. Hətta otuzun\cu illərdə bu şəhərdə Sovet hökuməti qurmaq istəyən məşhur bir inqilabçını kabinetində asmışdılar. Üstündən otuz il keçəndən sonra atasının intiqamını almaq eşqiylə bu şəhərə vəzifəyə gələn oğlunun meyidini də heç bir ay keçməmiş Qarqardan tapmışdılar».Hardasa «oğru qanunları» ilə idarə olunduğu güman edilən şəhərin «öz Fantoması vardı, öz Zorrosu, Şakası, Caqası, Ştirlisilə, hələ də dağlarda yaşayan qaçaq nəbiləri də. Bu nəbilər hərdən Arana da yenib dostlarının toyuna, əzizlərinin yaslarına gəlirdilər. Milis də bilirdi ki, hansı qaçaq bu dəqiqə hansı toydadı, ya hansı yasdadı. Nə işinə qalmışdı, isti aşına niyə soyuq su qatmalı idi ki, meyidi də Qarqardan tapılsın»…Amma əsas olan öz qanunları ilə yaşayan və rəsmi idarəedicilərindən başqa qeyri-rəsmi, amma daha səlahiyyətli idarəedənləri olan bu şəhərin Müharibə - Qanla üz-üzə durduqda etdiyi rəftar idi. Əvvəlki təsvirlər (xüsusilə də şəhərin yazılmamış qanunlarının olmasının təsviri) sonra baş verənlərə izah, sonrakı rəftarların səbəbinin açılışı, o psixoloji durumun çözülməsi üçün idi… 

Dinc dövrdə bu qanunlarla yaşayan bir şəhərin müharibə ilə üz-üzə durduqda verdiyi reaksiya, bu şəhərdə baş verənlərin idarə edənlər tərəfindən hansı təpkilərlə qarşılanması, «torpaq alqı-satqısı əməliyyatı» zamanı gerçəyi bilənlərin mənəvi faciəsi əsərə gətirilib.

Gözlənilməyən, dərk edilməyən və göydən düşən Dolu kimi birdən-birə insanların üstünü alan bu Müharibədə öz torpaqlarını, öz ana-bacılarını, öz ailələrini qoruyan və əslində, uzun müddət düşmənin irəliləməsinin qarşısını ala bilmiş insanlar məhz yazılmamış qanunları əsas götürərək hərəkət edirlər. Torpaq qorunmalı, kişilik, mərdlik yerlərə atılmamalıdır. Və bu əsərdə digər əsas məziyyətlərdən biri budur ki, müasir nəsrin quru şüarçılığı burda yoxdur. Müharibə aparan dövlət və onun vətəndaşı üçün vacib olan fikirlər müəllif dilindən şüar halında deyil, fakt və əməl halında əsərdə təsvir olunur. həm də elə realistcəsinə, təbii təsvir olunur ki, bir çox nəsr nümunələrimizdə müşahidə etdiyimiz «müəllif andiçməsinə» ehtiyac belə duyulmur. Hər şey qəhrəmanların xarakteri, düşüncələri, yanaşmaları, düşdükləri situasiyalarda etdiyi rəftarlarla deyilir. Vacib olan da budur. Nə Komandir, nə Pələng, nə Drakonun dili ilə insanlara və döyüşün gerçək iştirakçılarına kişilik, qəhrəmanlıq dərsləri keçilmir. Ölümlə üz-üzə durduqda yaşanan psixoloji sarsıntı, hətta qorxaqlıq belə gerçək təsvirini tapır. «Komandir: - Ay oğul, güllənin səsindən qorxma, güllənin səsini eşitdinsə, deməli, sənlik deyil. Sənə dəyən gülləni eşitməyəcəksən!». O zaman ki, orduya, erməninin qarşısına əlində silah tuta bilməyən uşaqlar şəhərin küçələrindən yığılaraq göndərilirdi (bu da əsərdə çox real və gerçək ifadəsini tapıb), o zaman ki, o uşaqlar real olan qorxunun əsirinə çevrilirdilər, o zaman ki, arxada - paytaxta tamamilə fərqli siyasi oyunlar gedirdi, gerçək olanlar Müharibə ilə üz-üzə duran bu Şəhərdə Həqiqət gözlə görülürdü: «Onların çoxunu Bakıdan küçələrdən tutub milisə gətirir, pulluları buraxır, imkansızları isə Müdafiə Nazirliyinin adamlarına təhvil verirdilər. Bəzilərinin üstündə heç sənədi də olmurdu. Bir də görürdün ağlayırdılar ki, vallah biz uşağıq, orta məktəbdə oxuyuruq. Kim idi baxan? Və Müdafiə Nazirliyi də ömründə bircə dəfə də silah görməyən bu burnufırtıqlı uşaqlara heç bir təlim keçmədən, döyüşə hazırlamadan, hətta əyinlərinin ölçüsünə-filanına baxmadan əsgər paltarı geyindirib doldururdular avtobusa və göndərirdilər ermənilərin ət maşınının ağzına, elə bil millətin qəsdinə durmuşdular. Belələrinin çoxu elə birinci döyüşdəcə güllənin səsindən şoka düşürdü». Amma nə müharibə, nə də onunla üz-üzə duraraq döyüşmək məcburiyyətində olanlan yalnız bu uşaqlardan ibarət deyildi. Bu həqiqət digər həqiqəti ört-basdır etmir, əksinə açırdı: «… olmurdu, nə qədər əlləşsə də, göydən tökülən odun-alovun içində dəli-dolu uşaqları əsl əsgərə çevirmək, onlara hərbi nizam-intizamı aşılamaq mümkün deyildi. Buna vaxt da yox idi. Bir tərəfdən də dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, uşaqlara təlim keçmək üçün batalyona peşəkar zabitlər vermirdilər». Müharibə qanunlarını bilən müəllif adi insani qorxu və təlimsizlik görmüş Ön Cəbhəni təsvir edir və bu təsvirdə kənarda qalmağı bacarır. Və ən əsası bu təsvir elə verilir ki, əsər boyunca hər addımda təsvir olunan qaçmaq istəyən əsgəri (eyni zamanda da ona bəzən qaçmağa şərait yaradan Komandiri) qınaya bilmirsən - haqq qazandıra bilmədiyin kimi… Çünki müəllif Müharibə gerçəkliyini və qaçış anını, qaçış məqamının baş tutmasına şərait yaradan Qorxunu çatdıra, təsvir edə bilir. Müəllif uşaqlığından yaddaşda qalan Dolu ilə Qrad - silah arasında bir bənzətmə ilə əsərə başlayır və bu bənzətmə, bu müəllif müdaxiləsi bütün əsər boyu davam edir. Hərçənd ki, bəzən proseslərin təsviri, baş verənlərin təsirdən yaranan fikirlərin ifadəsi üçün başqa yola əl atılır. Yəni müəllif bəzi fikirlərini, bəzi düşüncələrini müəyyən məqamlarda qəhrəmanlarının dilinə, düşüncəsinə ötürə və onların vasitəsilə ifadə edə bilir: «Komandir: - Hökumət? Hökumət hökumət olsaydı, çoxdan arvad-uşağı burdan köçürərdi ki, rahat vuruşa bilək. Adam qeyrətə nə qədər boğular? Gecə səngərdəsən, səhər gəlib görürsən qrad gəlib düşüb ev-eşiyini dağıdıb, ailəni parça-parça eləyib. Sizi ana doğub, bizimkiləri əcinnə? Mən özüm ha məcbur eləyirəm ki, uşaqlar arvad-uşağı şəhərdən çıxarsınlar, çıxartmırlar, utanırlar. Deyirlər ayıbdı. Qrad ayıba baxmır ey…»

Və ya yuxarıda Komandirin dillə söylədiyi başqa bir məqamda düşüncələri, etdiyi hərəkəti izah etmək məqsədilə ürəyindən keçirdikləri ilə mətnə ötürülür. 

«Komandir dayandı üz-gözündən peşimançılıq tökülən Pələngə baxdı - bu uşaqlar nə tez qocaldılar. Müharibə bu cavanları günbəgün yox, aybaay qocaldırdı. Bəxtləri gətirib onlara dəyməyən güllələr ruhlarına, sevgilərinə, arzularına dəyirdi. Və özləri də bilmədən sevgiləri də ölmüşdü, arzuları da, ruhları da. Bircə sabaha olan ümidləri ölməmişdi, o ümidli sabahları ölümdən qurtarmaq uğrunda vuruşurdular. Hər döyüşdən salamat çıxmalarını qənimət bilirdilər. Deyirdilər ki, nə yaşayırıq, nəfə yaşayırıq. Hər gün nəfə yaşayan dünyada sabaha ümidindən və əlindəki silahdan başqa heç nəyi qalmayan bu cavanın silahını əlindən almaq çox ağır idi. Bu qocalmış cavan gecələn qız qucaqlayıb yatmırdı, silahını qucaqlayıb yatırdı». 

Bəzi məqamlarda ustalıqla edilmiş bu cür keçidlər olsa da, müəyyən məqamlarda sanki müəllif özünü saxlaya bilmədən hadisələrə müdaxilə edərək öz mövcudluğunu xatırladır, yada salır: «Amma qeyrət bədbəxt oğlu bədbəxt neyləsin! Qeyrətin gücü pulemyotun, avtomatın güllələri qarşısında çox aciz idi. Qeyrət nə qədər özünü öldürürdü, gücü BMP-nin gücünə çatmırdı. Qeyrətin gücü sinəsi ilə o güllənin, mərminin qarşısına sipər olmağa çatırdı, bu torpağın yolunda ölməyə çatırdı və ölürdü. Və qeyrət sinəsini gərmişdi düşmən gülləsinin qabağına.

Adətən kinolarda «ura» eləyib alman pulemyotunun qabağına atılmaq olurdu, amma bu Kinoda «ura» eləyib erməni pulemyotunun qabağına atılmaq olmurdu. Çünki o kinolarda rejissorlar «ura» eləyənin tərəfində idilər, bu Kinoda pulemyot atanların». 

Halbuki əsərdə müşahidəçimi, iştirakçımı olması müəllifin özünün əvvəlcədən dəqiqləşdirdiyi bir məsələ olmalıdır. Bu, mütləqdir. Beləliklə, «Dolu» haqqında danışırıq… «Əsərdə müşahidəçimi, iştirakçımı olması müəllifin özünün əvvəlcədən dəqiqləşdirdiyi məsələ olmalıdır, bu, mütləqdir» fikrində qalmışdıq. 

Davam etdirərək deyək ki, «Dolu»da bu məsələ qarışıq və tam müəyyənləşdirilməmiş görünür. 

Bu müdaxilələr həm də onu göstərir ki, müəllif təkcə təsvir etmir, həm də hardasa situasiyanın səbəbkarı və günahkarlarının tərəfində durmağa, müəyyən hərəkətlərə haqq qazanırmağa, anlama çalışır. Bu səbəbdən də Yazıçı İttiham etmir, çünki ittiham etmək hər şeydən daha asandır. Əksinə, anlayan qismində çıxış edir: «Bu yazıqlar ermənidən pis deyildilər onları ermənidən pis eləyən əllərindən buraxmağa qorxduqarı vəzifələriydi. Onları yığmışdılar bu vəzifə torbasının içinə, ağzını da bağlamışdılar, çıxa bilmirdilər bu torbadan. Partlaya-partlaya qalmışdılar bu torbanın içində. Və dözməyib bu torbadan çıxmaq istəyənlər olurdu. Amma bu torbadan çıxmaq istəyənlərə elə bir başqa torba tikirdilər ki, bu torba o torbanın yanında muştuluq olurdu. Bu torba Bayıl türməsinin divarları kimi çox möhkəm idi, sökmək mümkün deyildi».

Bir daha qeyd edək ki, bu cür fikirlərin bəzən müəllif, bəzən isə hansısa əsər qəhrəmanının dilindən səsləndirilməsi onlar arasında (təbii ki, müəllif və əsər qəhrəmanları) sərhəddin itməsinə, düşüncələr arasında oxşarlığa - bərabərliyə səbəb olur. Qəhrəmanınmı müəllif, müəllifinmi qəhrəman kimi düşündüyü anlaşılmaz qalır… Halbuki ya bu sərhəd aradan götürülməli (bu zaman mütləq müəllif kənarda qalmalıdır), ya da əsaslı şəkildə qoyulmalıdır…

Artıq qeyd etdiyimiz kimi, əsərdə uğurlu seçilmiş və üzərində xüsusi olaraq dayanılası səhnələr var ki, bu məsələyə diqqət yetirməyi lazım bilirik. Məsələn, bunlardan biri qaçış səhnəsidir. Daha dəqiq desək, hücuma məruz qalmış ordunun və ordu ilə birlikdə qorxuya düşən əhalinin şəhəri tərk etməsini təsvir edən səhnə. Əslində, bu səhnənin uğuru reallığında, uğursuzluğu detallı təsvirin azlığındadır. Bizcə, bu təsvir (ağrılı olsa belə) bir qədər genişləndirilməli, daha əhatəli olmalıdır. Digər belə bir səhnə məhkəmə səhnəsidir ki, üzərindən tez keçilmə burada da hiss olunur. Halbuki Komandirin bir zamanlar hərbi qayda-qanun öyrədə bilmədiyi bir əsgərlə səssiz ünsiyyətini təsvir edən epizodda detallar çox təbii və təsirli alınmışdı. Amma bu belə o səhənin yaratdığı təəssüratın tamlığına səbəb olmur: «\Komandir, atamı bağışla, bağışla atamı Komandir, niyə məni ölümdən xilas elədin? Kaş onda öləydim, amma səni bu qəfəsdə görməyəydim. Komandir, damarındakı qan sənin üzünə duran atamın qanı deyil, yaralananda sənin mənə verdiyin qandı. 

Və sonra uşaq ağladı. Hakim də uşağı zaldan çıxartdı.

Uşaq çıxarkən dedi:

- Komandir! Biz səni gözləyirik! Səninlə ölümə getməyə hazırıq!

Və neçə il hərbi nizama öyrədə bilmədiyi bu Uşaq qapıdan çıxarkən bir anlıq geri döndü və ayaqlarını cütləyib ona hərbi salam verdi.Bütün məhkəmə boyu yerindən tərpənməyən və bircə söz belə söyləməyən komandir də ayağa qalxdı, onun hərbi salamını hərbi salamla cavablandırdı».Bu detal - hərbi salamın səssizcə alınması təkcə o anın - səhnənin təsirli təsvirinə deyil, həm də Komandir obrazının, xarakterinin yaradılmasına xidmət edir. Bu, xarakterə əlavə və yerində vurulmuş çalara çevrilir. Amma bir daha qeyd edək ki, bu epizodun həm daha detallı işlənməsinə, həm də bir qədər genişləndirilməsinə ehtiyac duyulur. Məsələn, Komandirin həmin məqamda yaşantıları, ətrafında baş verənlərə münasibət, ətrafın - onu sevən insanların reaksiyası (yaxud reaksiyasızlığı)… Və ümmuiyyətlə, Qəhrəman mərtəbəsinə qalxmış, Vətəni, Dövləti üçün əsl şücaət göstərmiş bir insanın müttəhimlər kürsüsündə əyləşməsi həqiqətini təsvir edən bu əsərdə həmin səhnə üzərindən tələsik və qaçaraq keçilməsi nə dərəcədə düzgündür?

Əvvəl də qeyd etdiyimiz kimi, müəllifin əldə etdiyi uğurlardan biri məkanın dil, düşüncə, təfəkkür və ifadə kaloritinin dəqiq təsvir edilməsi ilə bağlıdır. Orada yaşayan insanların həyat tərzi, yanaşmaları, igidlik, oğurluq və doğruluq haqqında anlayışları, o məkanda - Dünyanın Ən Varlı Şəhərində idarə sistemi və s. canlı dillə təsvir olunur. Öz daxili qanunları olan bu məkan ölkə daxilində bir ölkə təsiri bağışlasa da, yaradılan təsvir qurama deyil. O məkan və oranın sakinləri haqqında Fikir ortaya atılır və təsvirlə, dəqiq detallarla təsdiq edilir. Əsas olan da budur.«Dünyanın Ən Varlı Şəhərində hərəni bir şeyə görə tanıyırdılar - kimini vəzifəsinə, kimini puluna, kimini nəslinə-nəcabətinə, - onu da Sözünə görə. Hərə bir şeyin ağasıydı, o da Sözünün. Kim nəyin ağasıydı, xeyirin görmüşdü. Amma o ağası olduğu Sözə görə gedib Madaqanda ağ ayıları görüb gəlmişdi». Bu xarakterlərə oxucu münasibətini müəllif formalaşdırır. Əsərin qəhrəmanları Pələng və Drakonun At Belində olan Adama münasibətə görə bir-birini (yerli ləhcə ilə desək) atmaq dərəcəsinə qədər gəlməsi, erməni qızının zorlanmasına qarşı çıxması, o döyüşdə, o cəbhədə son qəpiklərinə qədər bir yerə toplaya bilmələri… çox real əks olunub. Amma bunlardan da real olan bir-birini vurmaq anına çatmış qəhrəmanların öz şəxsi ədavətlərini əsas məqamda, döyüş zamanı - erməni arxasına keçmək lazım gəldikdə arxa plana keçirə bilmələri, döyüşə birgə getmələri və birgə həlak olmalarıdır. Üzləşdikləri hadisə onları bir-birinə qarşı qoysa da, situasiyanın, konfliktin dərinliyi və uğuru özünü onda göstərir ki, düşmənə qarşı onlar birləşirlər. Əslində olmalı olan bu idi. Qardaşlar, vətəndaşlar arasında hansı çəkişmə, hansı nifaq olsa belə, bu, düşmən qarşısında onların birləşməsinə mane olmamalıdır. Bu gerçəkliyin (həm də bir çox hallarda arzulanan, amma reallaşmayan gerçəkliyin) əsərdə detallı və uğurlu təsviri var. Yəni bu o qədər dəqiq və inandırıcı təsvir olunub ki, artıq şərhə ehtiyac qalmır.

Daha bir maraqlı ştrix. Müasir nəsrin də, poeziyanın da dilində vulqar ifadələrdən istifadəyə meyl artıb. Amma əsas olanı bu ifadələrin hansı məqsədlə ədəbiyyata yol açmasındadır. Əgər bu, xarakterin, situasiyanın, yaranmış gərginliyin reallıqla ifadəsinə, təsvirinə və çatdırılmasına şərait yaradırsa, onu nöqsan, qüsur kimi qəbul etmək olmur. Məsələn, bu əsərdəki kimi. Bədii mətndə vulqarizmin əleyhidarı olsaq da, bu əsərdə bu ifadələr yerində verilir və situasiyanın canlılığına xidmət edir. Hətta əksinə, onlar olmasaydı, natamamlıq, çatışmazlıq hiss olunardı. Çünki istər o mühitin və o məkanın insanlarının xarakteri, istərsə də, yaşanan qarışıqlıq, haqsızlıq və çaşqınlıqla dolu hadisələrin içində nə söyməmək, nə deyinməmək, nə də içindəki əsəbi, çılğınlığı, nifrəti, emosiyanı məhz bu vasitə ilə çıxarmamaq mümkün olmazdı. Bu məqamda vulqar ifadələr o gərginliyi ifadə etmək üçün gərəkli yardımçıya çevrilir.

Əsərdə natamamlıq, qüsurluluq yaradan əsas cəhət simvollarla bağlıdır. At Belində Olan Adam da realdır, gerçəkdir, amma bu şəkildə adlandırılması ona hansısa mifik bir görkəm, mifik bir çalar verir. Yəni bununla paralel başqa simvolların, başqa adlandırmaların olması yaradılan xəttin tamamlanması üçün vacib idi. Məsələn, əks tərəfdə Komandir, Pələng, Drakon … durur, amma bunlar əməllərlə qazanılmış adlardır. Məqsədli adlandırılma deyil. At belində olan Adam isə müəllifin vəzifədə olan, səlahiyyət sahibi hesab edilənləri adlandırmaq istəyi ilə yaradılıb və bir iqədər qurama təsir bağışlayır: «İndi At Belində olan Adam at belində olmayan, Böyük Dövlətlərin böyük saraylarında yazılan Kinonun ssenarisini pozan, rejissorlarını çıxılmaz vəziyyətdə qoyan bu cavanların qarşısında sarısını udub dayanmışdı. Həmişəki ədasından əsər-əlamət qalmamışdı, udquna-udquna heç vaxt adam yerinə qoymadığı cavanlara baxırdı. Baxırdı ki, bəlkə indi adam yerinə qoymağa məcbur olduğu bu cavanlardan hansısa araya girə, onu düşdüyü bu ağır vəziyyətdən xilas eliyə…. At Belində olan Adam hardan biləydi ki, onlar müharibənin içində deyil, müharibə onların içində yaşayır. Və artıq onlrın damarlarında qızıl qırmızı qan yerinə qapqara bir nifrət axır. Özü də bu nifrət təkcə düşmənə deyildi, onlardan olmayanların hamısınaydı, hətta bu adam qardaşları olsa belə».

Bu məqamda qarşıya belə bir sual çıxır: «Onlar müharibənin içində deyil, müharibə onların içində yaşayır» kimi uğurlu ifadələrlə zəngin olan əsərdə tutaq ki, At Belində olan Adam konkret adla adlandırılsa idi, nə dəyişərdi?! Və ya bu ümumiləşdirilmiş və simvolik şəkildə adlandırılan obrazın belə adlandırılması əsərə əvəzolunmaz bir ştrix qazandırırmı?! Bizcə, yox. Fərqli adlandırma olsaydı belə, məqsəd və obrazın daxili məziyyəti dəyişməz qalacaqdı. Bu halda simvola nə hacət? Və ya əlində çürümüş alma olan Əzrayıl - bu da havada qalan, təsdiqlənməyən obraz təsiri bağışlayır…Amma başqa bir məqamda uğurlu simvollardan istifadə edilir: «…şəhərdə bir xəbər bomba kimi partladı - qastrol konsertləri verən Rəşid Behbudovun papağını və xəncərini günün günorta çağı qapısında milis, içində beş-altı xidmətçisi olan Qonaq evindən oğurlamışdılar». Simvolik ötürmə bu məqamda baş tutur. Çünki bu qılınc və papaq əslində qeyrətli birinin əlinə keçmişdi, sonra isə kiməsə ötürülməli idi. Kimə ötürüldüyü dəqiq olmasa da, məram və məqsəd aydındır.Əsərin siyasi qatı da və siyasi proseslərə gətirilən açıqlamar da maraqlıdır. Məsələn, o dövrdə hər kəsin yadında qalan bir sıra hadisələr xatırlanır, izah edilir, çox lakonik və qaçaraq qeydlərlə olsa da, yada salınır. Əsərdə xalqın düşünən beyni, əhəmiyyətli fiqurları olan insanların müəmmalı ölümlərinə aydınlıq gətirilməsi üçün edilən cəhdlər maraqlıdır. Halbuki indiyə qədər bu faktlar nəsrimizdən ya kənar saxlanılıb, ya da çox ümumi şəkildə onların üzərindən keçilib: «- Sən necə keqebeşniksən? İşi elə qur ki, özləri bir-birini vursunlar. 

- O da baş üstə!

…birincinin tapşırığı elə həmin gecə yerinə yetirildi. Ali Sovetin iclasından çıxıb düyanın Ən Varlı Şəhərinə qayıtmaq istəyən xalq deputatı Eldar Bağırovu 9-cu mikrorayonda maşınında vurdular».

Hətta bu məqamda müəllifin daha fərqli faktlara müraciət edə biləcəyini düşünürsən. Bəzən olur da. Amma artıq qeyd etdiyim kimi, qaçaraq qeydlərlə. Sanki əsas məqsəd bu deyilmiş kimi… 

 «Dolu» təkcə müharibəni deyil, qaçqın şəhərciklərini, qaçqın halına salınaraq qürurları, inamları sındırılan və yardımlara möhtac vəziyyətə yaşayan insanları və ümidə aldana-aldana yaşayan şəhid analarını da təsvir baxımından maraqlıdır: «Musa çoxdan ölmüşdü, Pircamalda vurmuşdular, uşaqlar heç meyitini də götürə bilməmişdilər. Bunu anasından gizli saxlayırdı, demişdi ki, itkin düşüb. Qırmızı Xaç Komitəsi axtarır, Təkcə Musanın qardaşı yox, çoxları analarından qardaşlarının ölümünü gizli saxlayırdılar, deyirdilər ki, itkin düşüb. Beləcə, analarını xoşbəxt edirdilər. Musanın anası da oğulları itkin düşən bütün analar kimi hər səhəri Musadan bir xəbər gələcəyi ümidi ilə açırdı. Oğlu ölmüş bir ana neçə vaxt idi oğlunun ölümünü bilməməyin xoşbəxtliyini yaşayırdı».

Gerçək olan fakt - bu anaların əksəriyyətinin elə gözü yolda, qulağı səsdə o qaçqın şəhərciklərində dünyalarını dəyişməsi faktıdır. Heç nə ilə heç zaman dəyişməyəcək bir fakt.

 «Əlini uzatsa şəhərə çatardı. Amma heç kəs əl uzatsa əlləri çatacaq bu şəhərə bu bir neçə ildə əl uzatmaq fikrinə düşməmişdi»… Əsərin qəhrəmanının son yeri, son məkanı və üz tutduğu son ünvan əslində, bəlli idi. Belə də olmalı idi. Onun düşüncələrin həm yaşanan ağrını, həm də həqiqətin və arzunun nə dərəcədə yaxın məsafədə olduğunu, bu məsafəni adlaya bilməməyin hansı iztirabları yaşada biləcəyini dəqiq təsvir edir, dəqiq çatdırır. O ölüm o çəkilməmiş sərhəddin bir addımlığında baş verməli idi. Əsər də, xarakter də, reallıq da belə bir sonluğu tələb edirdi, qaçılmaz edirdi. Amma təəssüf ki, sonluqda istifadə edilən daha bir simvolik detal öz təsdiqini tapmamış qalır. Komandiri öz ardınca aparan balıq… Oxşar balıqların birinin ardınca Pələng, başqa birinin ardınca isə Drakon üzür… Qeyri-real aləmdə (bəlkə real?!) onlar yenə birlikdədilər. Amma niyə məhz balıq? Təsadüfi bir obrazmı? Bu sonluqda təsadüfə yer yoxdur. Olmamalıdır da… Təsadüf deyilsə, mütləq təsdiqini tapmalı, təsadüf olmadığı görünməlidir… Əsərin mükəmməl uğuru üçün bu vacibdir. Əsərə gətirilən bütün detalların, bütün simvolların gəlmə səbəbi bilinməli, anlaşılmalıdır…

Və sonda… 

«Dolu» təbiət hadisəsi ilə başlayan, İnsan faciəsinə aparan bir əsərdir. Uğurlu bir əsər. 

Yaşanmış müharibəni, verilmiş qurbanları və məğlubiyyət acısını (bütün mənalarda - istər Qəhrəmanını Məhbus edən Xalqın, istərsə də erməniyə Torpaq uduzmuş Dövlətin yaşadığı məğlubiyyət) realistcəsinə təsvir etməyi bacarmış bir nümunə. Yaradılan qəhrəmanlar da, xarakterlər də, situasiyalar da öz canlılığı ilə yadda qalır. Elə bütünlükdə əsər də.

Qüsurlarına, işlənməli olan çatışmazlıqlarına (əlbəttə ki, bu, mütləq qəbul olunası həqiqət yox, sadəcə, oxucu düşüncəsidir) baxmayaraq, «Dolu»nun müharibə haqqında yazılmış ən uğurlu nümunə adlandıra bilərik. Sadaladığımız qüsurlar belə hələlik bu faktı dəyişə bilmir.

1 ... 16 17 18 ... 1000

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.011103

 

Site by Webcoder